SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordumuz qürurumuz, şəhidlərimiz and yerimizdir!

Ordumuz qürurumuz, şəhidlərimiz and yerimizdir!
11-10-2021, 10:00

Ordu hər bir ölkənin təhlükəsizliyinin qarantıdır. Ölkələr yaranandan ordular da yaranıb. O ordular yenilməzdir ki, əsgərləri qorxmazdır, məğrurdur. Əsgərlər isə o zaman qəhrəman olur ki, Vətən üçün hər şeydən, ən sonunda öz canından keçə bilir. Bu gün dünyada çoxsaylı ordular var. Hərbi-texniki baxımdan böyük potensialı olan ordular da az deyil. Amma texniki imkanlara malik olmaq heç də güclü, peşəkar ordu olmaq anlamına gəlmir. Bunun üçün əsgərin, zabitin əzmi, ruhu çox önəmlidir. 44 gün sürən Vətən müharibəsində Azərbaycan ordusu bunu bir daha sübut etdi. Qürurverici haldır ki, Vətən müharibəsində qazanılan Böyük Zəfəri məhz ordumuzun sıralarında xidmət edən minlərlə bu cür əsgər və zabitlərimizin hesabına əldə etdik. Ötən il sentyabrın 27-də başlayan müharibədə sıravi əsgərdən tutumuş yüksək rütbəli zabitlərimizədək hər kəs bir an belə tərəddüd etmədən ölümün gözünə dik baxdılar. 28 ildir, Ali Baş Komandandan səbirsizliklə hücum əmrini gözləyən ordumuzun şəxsi heyəti elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vurmaqla onu psixoloji qorxuya saldı. Nəticədə qarşı tərəfdən müharibə dövründə on mindən çox fərarinin olduğu ortaya çıxdı. Azərbaycan ordusu isə Ali Baş Komandanın dediyi kimi, bu 44 gün ərzində yalnız irəli getdi. Artıq xalqımız hər gün hansısa bir kəndin, rayonun və yaxud şəhərin azad edilməsi xəbərlərinə alışmışdı. Məhz həmin 44 gündə Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Necə deyərlər, bütöv bir xalq tək ürəkdə birləşərək tarixi ədalətin bərpası uğrunda mübarizə apardı. Və son nəticə: ordumuz ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi ilə düşmən diz üstə çökərək təslimçilik aktını imzalamağa məcbur oldu. Təbii ki, müharibələr qanlı- qadasız ötüşmür. Bu savaşda da Azərbaycanın igid cəsur oğulları son nəfələrinədək vuruşaraq Vətən yolunda, torpaqlarımızın azad olunması yolunda canlarını fəda etdilər. Qəhrəmanlar diyarı olan Naxçıvan da ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında öz igidliklərini göstərdilər. Ali Baş Komandan bunu belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Naxçıvanımızın müharibədə iştirak edən mərd oğulları sırasında Kəngərli rayonundan olanlar da az deyildi. II Qarabağ savaşında bu rayondan 24 igid oğul şəhidlik zirvəsinə yüksəldi, 96 hərbi qulluqçu isə qazi adını qazandı. Polkovnik-leytenant Sədi Musayev, mayor Fuad İsmayılov, baş-leytenantlar Tural Əsgərli, Sübhan Məmmədli, Arif Abbaslı, Röyal Əkbərli, Həmid Qasımov, leytenant Elməddin Qəhrəmanov, Elçin Əsgərov, kiçik çavuş Zaman Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularından Təbriz Əsgərov, Aslan Mirzəyev, Ülvi Cəfərov, Kəmaləddin Məmmədov, Azər Tağıyev, Qurban İbrahimov, İsmayıl Yüzbaşyev və digərləri ölümündən sonra orden və medallarla təltif olundular. Sentyabrın 27-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunda da Anım Günü ilə əlaqədar hər kəs Qıvraq qəsəbəsində ucaldılmış abidənin önünə gələrək şəhidlərimizi dərin hörmət və ehtiramla yad etdilər. Həmin gün Qıvraq qəsəbəsindən Xok kənd qəbirstanlığına qədər yürüş də təşkil olundu və yürüş iştirakçıları buradakı şəhid məzarlarını ziyarət etdilər. Ümumilikdə, Kəngərli rayonu hər zaman qəhrəman oğulları ilə seçilib. Çar Rusiyası dövründən qədim Kəngərli nəslinin yetişdirdiyi igid hərbçilərin şücaəti haqqında çox eşitmişik. Eləcə də ötən əsrin həm əvvəllərində, həm 90-cı illərində, həm də II Qarabağ müharibəsində bu qədim yurdun sakinləri ölkəmizin ərazi bütövlüyü uğrunda böyük qəhrəmanlıqlar göstəriblər. Bütün bunlar isə bir daha onu göstərir ki, təkcə Kəngərli rayonu yox, ümumilikdə, muxtar diyarımızın hər bir sakini Vətənimizə qarşı yönəlmiş istənilən çirkin əli hər zaman kəsməyə hazır və qadirdir. Vətən müharibəsi düşmənlərimizə, eləcə də onların havadarlarına göstərdi ki, xalqımız necə qəhrəman xalqdır. Təsadüfi deyil ki, bu gün dünyanın ən məşhur hərbi araşdırma mərkəzləri, tədris müəssisələri Azərbaycan əsgərinin döyüşdə istifadə etdiyi taktiki bacarıqları öyrənir, yeni orduların formalaşdırılmasında bu bilik və bacarıqların tətbiqindən bəhs edirlər. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu dünyadakı hərbi və siyasi reallıqları dəyişdi və hər kəsə sübut etdi ki, o nəyə qadirdir! Ən əsası odur ki, Böyük Zəfərdən sonra ordumuz arxayınlaşmadı, əksinə ötən bir il ərzində çoxsaylı və müxtəliftəyinatlı hərbi təlimlərə qatılaraq gücünü daha da artırdı. Bu isə ölkəmizə qarşı ehtimal oluna biləcək istənilən hərbi hərəkətlərə qarşı xəbərdarlıq və “dəmir yumruq”un hər an yerində olmasıdır!

Səbuhi HƏSƏNOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031