SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Qurtuluş Günü Azərbaycanın parlaq gələcəyinə gedən yolun təməlidir

Milli Qurtuluş Günü Azərbaycanın parlaq gələcəyinə gedən yolun təməlidir
15-06-2021, 00:00

Dünyada bir çox xalqların mövcudluğu yetişdirdiyi liderlərin xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı da xoşbəxt xalqlardandır ki, dahi şəxsiyyət Heydər Əliyev kimi bir siyasət nəhəngini yetirməklə milli ənənələr üzərində qurduğu dövlətçiliyini tarixin ən sərt sınaqlarından çıxararaq müstəqilliyini təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin yaradaraq xilaskarlıq missiyasını həyata keçirən böyük lider Azərbaycanı, sözün həqiqi mənasında, Azərbaycana qaytararaq onun dünya dövlətləri sırasında ən layiqli yer tutmasına zəmin yaratmışdır. Vətəni özünün qibləgahı seçən böyük şəxsiyyət fədakar fəaliyyəti ilə  Azərbaycanı kərpic-kərpic tikərək onun ideoloji-siyasi əsaslarını, milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın yüz illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur.

Hələ SSRİ rəhbərliyində təmsil olunduğu zaman görkəmli dövlət xadimi Heydər Əliyev Kremlin ən nüfuzlu və aparıcı simalarından biri kimi daim Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən çoxsaylı addımlar atmış, ermənilərin məkrli torpaq iddialarına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz belə qətiyyətli və prinsipial mövqeyinə görə ulu öndər 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa vermişdir. Bununla da, Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlanmış, tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədilmişdir. Ümummilli liderimiz Heydər Əliyev ali dövlət vəzifəsində olmasa da, Ona qarşı aparılan çirkin təbliğatlara baxmayaraq, həyatını təhlükə altında qoyaraq, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını elə imperiyanın paytaxtında – Moskva şəhərində kəskin ittiham etmişdi. Bundan sonra dahi şəxsiyyətin Moskvada yaşaması mümkün olmamış və O, 1990-cı il iyulun 20-də Bakıya, sonra isə Naxçıvana qayıtmışdır. Xalqımızın böyük oğlunun Naxçıvana qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcına çevrilmiş, ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul olunmuş və Azərbaycanın müstəqillik yolunun əsası qoyulmuşdur.

Böyük şəxsiyyət Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görmüşdür. Həmin dövrdə Azərbaycanda baş verən hadisələr ölkəni faktiki olaraq müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəsə də, mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Artıq vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanmış, qardaş qanı tökülmüşdü. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət ­bildirmişdi. Beləliklə, Azərbaycan real olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir çətin dövrdə xalqın təkidli tələb və xahişləri ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə ­rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.

Ümummilli  liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı elə bir dövrdə baş vermişdir ki, Azərbaycanda iqtisadiyyat tamamilə məhv edilmiş, cəbhədə hərbi uğursuzluqlar artmış, torpaqların 20 faizi işğal olunmuş, vətəndaş qarşıdurması pik həddə çatmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Naxçıvandan Bakıya qayıdışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov belə xarakterizə edir: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir”.

Dahi rəhbərin ali hakimiyyətə gəlişi ilə qısa müddətdə milli istiqlalımızın qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində misilsiz işlər görüldü. Müdrik şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başladı, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Ulu öndərin böyük səyləri nəticəsində müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəliş baş verdi. Ümumilikdə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz və əvəzolunmaz xidmətləri Onu xalqımızın ƏSL XİLASKARINA çevirdi. 

Ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqımızın min illərin sınağından çıxmış milli dəyərlərinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması qayğısına qalmışdır. Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsində böyük rol oynayan Azərbaycançılıq ideologiyasıdır. Məhz bu ideologiya 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarını bir araya topladı və ölkəmizin tarixində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Beləliklə, Azərbaycandan kənarda yaşayan azərbayanlılarının dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin dünyada tanıdılması və təbliğində rolu müəyyənləşdirildi.

Ötən dövrdə ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi hərtərəfli inkişaf etdirərək onu Cənubi Qafqazın liderinə çevirdi. Təsadüfi deyil ki, bu gün inkişaf etmiş ölkələrin 50-60 il ərzində getdikləri yolu Azərbaycan 28 il ərzində qət edərək dünyanın ən nüfuzlu ölkəsinə çevrildi. Elə bu nüfuzun, gücün nəticəsidir ki, Azərbaycan ötən il 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını qəsbkarlardan azad etdi. Əgər ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü pozmuş qara əlləri kəsərək bu müstəqilliyin tamlığını bərpa etdi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu Qurtuluşdan payını alaraq sürətli inkişaf yolu keçmişdir. Uzun illər blokada şəraitində yaşamağa məcbur olan muxtar diyar Heydər Əliyev ideyalarının böyük sədaqətlə davam etdirilməsi nəticəsində inkişafın yeni modelini ortaya qoymuşdur. Bir zamanlar enerji, nəqliyyat, rabitə və digər kommunikasiya əlaqələrinin kəsildiyi, qida məhsullarının bütövlükdə idxaldan asılı olduğu muxtar respublika bu gün Azərbaycanın ən inkişaf etmiş regionu kimi tərəqqi dövrünü yaşamaqdadır. Bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş ölkə başçısı cənab İlham Əliyev bu inkişafı “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”- fikirləri ilə təsdiqlədi. Cənab İlham Əliyevin böyük iradəsi, qətiyyəti və şəxsi təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanata salınmış xüsusi bənd isə Naxçıvanı Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq tranzit qovşağına bağlamaqla onu Avropa və Asiya arasında mühüm əhəmiyyəti olan regiona çevirir.

Təbii ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanın bu qədər böyük nailiyyətlər əldə etməsinin yeganə səbəbi görülən bütün işlərin Heydər Əliyev ideyaları ilə bilavasitə bağlı olmasıdır. Məhz bu ideyaların layiqincə davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının nüfuzu, strateji çəkisi hər keçən gün daha da artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031