SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib-FOTO

“Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda konfrans keçirilib-FOTO
14-06-2021, 22:17

Naxçıvan Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən konfransı universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Azərbaycan” qəzetinin 4 iyun 2021-ci il tarixli sayında dərc olunmuş, bir sıra mərkəzi informasiya agentliklərinin saytlarında, muxtar respublikanın kütləvi informasiya vasitələrində yer alan “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı konseptual məqaləsini təhlil edib. Qeyd olunub ki, məqalədə görkəmli dövlət xadiminin unikal, təkrarolunmaz liderlik fəaliyyəti, ümummilli liderin böyük xilaskarlıq missiyasını, siyasi varislik prinsiplərində də Azərbaycanı böyük uzaqgörənliklə düşünərək cənab İlham Əliyev kimi ölkəni regionun liderinə çevirəcək bir siyasi xadimə etibar etməsi elmi-siyasi cəhətdən dərin təhlil edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyasını aparırlar. Bu, liderliyə hansı aspektdən və hansı sosial-siyasi kontekstdə yanaşmadan asılı olur. Bunlardan başqa, liderləri təsir miqyaslarına görə də təsnifatlandıran nəzəriyyəçilər vardır. Müasir nəzəri təlimlərdə ümummilli liderlər, bütövlükdə, xalq və dövlət miqyasında, həm də ölkə masştabından kənarda da real liderlik edə bilən şəxsiyyətlər kimi səciyyələndirilir. Onlar mövcud sosial-siyasi, iqtisadi və geosiyasi vəziyyəti ciddi surətdə dəyişmək qüdrətinə malik olurlar. Ümummilli liderlər ölkənin sosial-siyasi strukturunu yenidən təşkil edə bilirlər. Azərbaycan xalqının ulu öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev liderlikdən ümummilli liderliyə qədər inkişaf edən və həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. Liderlik haqqında dünya təlimindəki əsas keyfiyyətlər Heydər Əliyevin simasında ümumiləşir.
Qeyd olunub ki, Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri və Prezident idi ki, görkəmli dövlət başçısı funksiyasını ümummilli liderliklə üzvi surətdə birləşdirə bilmişdi. Müasir siyasi-hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, hər bir rəhbər millətə real lider ola bilmir və əksinə, heç də hər liderin ölkəyə səmərəli rəhbərlik etməyi bacarmadığı halları olur. Bununla bağlı tarixdə və günümüzdə kifayət qədər misallar var. Bu səbəbdəndir ki, Heydər Əliyevin ümummilli lider kimi yüksək dövlətçilik-idarəçilik qabiliyyəti və bacarığı ilə dövlətə yüksək səviyyəli rəhbərliyi bir-birini üzvi surətdə tamamlayır. Məsələnin bu cəhətdən təhlili digər vacib məqamlarla yanaşı, Heydər Əliyevin Azərbaycanda müasir liderlik ənənəsinin banisi və həm də dünya miqyaslı lider olmasının əsas parametrlərini dərk etməyə şans yaradır. Heydər Əliyev liderliyi qüdrətli ümummilli lider səviyyəsinə qaldırmış nadir dövlət xadimlərindən biridir. Bu qeyri-adi liderlik istedadına malik olan dövlət xadiminin keçirdiyi çətin, məsuliyyətli və şərəfli yolun təcrübəsi əsasında ulu öndərin liderlik istedadının başlıca təşkiledici prinsiplərini müəyyənləşdirmək mümkündür.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev lider və dövlət başçısı kimi unikal, təkrarolunmaz və XX əsrdə kimsənin yaşamadığı ibrətamiz həyat və mübarizə yolu keçmişdir. Heydər Əliyev yeganə siyasi xadimdir ki, iki böyük tarixi-siyasi epoxada və keçid dövründə ümummilli lider statusuna yüksələ bilmişdir. Keçmiş sovet hakimiyyəti mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat etmişdir. Bu dahi şəxsiyyətin çətin və mürəkkəb tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğaldan xilas etməsi, yaşatması və inkişaf etdirməsi, bu həssas regionda Azərbaycanın ərazi bütövlüyünü qoruyub möhkəmləndirməsi də əsl liderlərə xas olan böyük xilaskarlıq missiyasının yüksək səviyyədə həyata keçirilməsinin nümunəsidir.
Vurğulanıb ki, Heydər Əliyev hələ sovet dövründə elan olunmamış ümummilli lider kimi fəaliyyət göstərə bilmişdir. Və bu reallıq o dərəcədə məsuliyyətli idi ki, qısqanc SSRİ rəhbərləri içərisində həmin miqyasa çatmaq və onu qoruyub saxlamaq ayrıca qabiliyyət, xüsusi liderlik tələb edirdi. Heydər Əliyev Sovet İttifaqı dövründə SSRİ-yə daxil olan müttəfiq respublikalardan birinin liderliyindən Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini səviyyəsinə yüksəlmək qədər böyük missiyanı gerçəkləşdirmiş və özünün böyük liderlik istedadı ilə həm də qoruyub saxlamağı və yaşatmağı da uğurla həyata keçirmişdir. Bu mənada, Heydər Əliyevin SSRİ dövründəki özünəməxsus ümummilli liderlik fəaliyyətinin əsas məqamlarının nəzəri-hüquqi baxımdan geniş tədqiq edilməsi ölkə və dünya üçün də əhəmiyyətlidir. Çünki ikinci elə bir nümunə yoxdur ki, ərazicə kiçik respublikada bütün fəaliyyət sahələri mərkəzdən idarə edildiyi şəraitdə ölkə rəhbəri SSRİ rəhbərliyinin razılığı olmadan real surətdə xalqa liderlik edə bilsin, onun təhlükəsizliyini, mövcudluğunu və inkişafını bacarmaq vəzifəsini qətiyyətlə həyata keçirsin. Sovet dövründə Heydər Əliyevin xalqla bir olması təcrübəsi insanlarda bu qüdrətli Liderə böyük inam, yüksək ehtiram və etibarlılıq hissi yaratmışdı. Bu nəinki Azərbaycanın və Türk dünyasının siyasi ənənəsində, hətta dünya miqyasında tarixi hadisə idi.
Sovetlər birliyi dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli kadrların hazırlanması, iqtisadi, mədəni və digər sahələrdə böyük nailiyyətlərin əldə olunduğunu bildirən Seymur Talıbov qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü, bütövlükdə, xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider-xilaskar rolunu həyata keçirmək üçün imkan yaratmışdır. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq Xilaskar lider missiyasını həyata keçirmişdir. Heydər Əliyev qısa müddətdə bu çətin tarixi mərhələdə də siyasi liderliklə ümummilli liderliyin və dövlət rəhbərliyi ilə ümummilli maraqların sintezini yarada bilən şəxsiyyət olduğunu sübut etmişdir.
Heydər Əliyevin lider və dövlət başçısı kimi böyük xidmətləri sırasında siyasi varisliyi yüksək səviyyədə təmin etməsinə ayrıca toxunan Seymur Talıbov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərmişdir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktik səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyasında yenitipli liderdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin mükəmməl dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində özünün əsas siyasi-ideoloji və iqtisadi dayaqlarını qurub möhkəmləndirmişdir. Bu gün Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Əməkdaşlıq Şurasında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız superdövlətlərlə müqayisə oluna bilər.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Böyük liderlik missiyası” adlı filmə baxış olub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031