SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhidlik ünvanı ölməzlikdir, əbədiyyətdir

Şəhidlik ünvanı ölməzlikdir, əbədiyyətdir
6-06-2021, 10:30

Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Vətən müharibəsində rayonumuzun yetirmələri döyüşlərdə iştirak edərək torpaqlarımızın işğaldan azad olunmasında şücaət göstəriblər. Onlardan biri də Badamlı qəsəbəsindən olan şəhid Ramin Bağırovdur. Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə rayonun Badamlı qəsəbəsində anadan olub. O, 2006-cı ildə Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. Ramin elə məktəb illərindən hərb sənətinə marağı ilə müəllimlərin diqqətini cəlb edib. Onun bu peşəyə marağı təhsilini Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə davam etdirməsinə gətirib çıxarır. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Ramin 2016-cı ildə həmin liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur. 3 il burada təhsil alan Ramin Bağırov 2019-cu ildə buradakı təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yollanır. Ancaq onun qəlbində bu peşəyə daim məhəbbət alovlanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vuran Ramin Naxçıvana geri qayıdır. Vətən sevgisi onu qısa müddətdən sonra yenidən ordu sıralarına geri qaytarır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Ötən il sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə ordumuz haqq savaşına başlayanda Ramin də cəsur döyüşçü kimi Ana vətən uğrunda döyüşlərə atılır. Döyüş yoldaşları ilə birlikdə torpaqlarımızın azad olunmasında böyük şücaət göstərir və bu döyüşlər onun qəhrəmanlıq dastanının epiloqu olur. Oktyabrın 27-də şəhadətə qovuşan Ramin Bağırov indi təkcə ailəsinin yox, onu tanıyan hər kəsin, bütövlükdə, Azərbaycanımızın qəhrəman övladıdır. Şəhid Ramin Bağırov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin anası Saimə xanım qəhrəman övladı haqqında danışaraq deyir ki, Ramin kiçik yaşlarından deyərdi ki, mən elə bir ömür yaşayacağam ki, siz mənimlə həmişə fəxr edəcəksiniz. Sanki o, hər bir şeyi qabaqcadan duymuş və gələcək həyatının konturlarını artıq özü üçün müəyyənləşdirmişdi. O, həyatı başa düşəndən qonum-qonşuya, qohuməqrabaya, el-obaya dayaq olub. Kənddə kiminsə köməyə ehtiyacı olanda Ramini çağırardı. Uşaqlıqdan o, hamıya qarşı çox mehriban idi. Elə bu xüsusiyyətlərinə görə də hamı tərəfindən sevilirdi. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. Şəhid anası söyləyir ki, Ramin öz şücaəti, qorxmazlığı ilə seçilirdi. Hər bir anaya öz övladı əzizdir. Təkcə mən onunla övladım olduğu üçün yox, Azərbaycan ordusunun bir hərbçisi kimi fəxr edirəm. Vətənini, xalqını, dövlətini, ordusunu sevən bir hərbçi kimi. Bilirəm ki, bütün Azərbaycan oğlumla fəxr edir. Axı, mənim övladım canı qədər sevdiyi Vətən, torpaq uğrunda şəhid olub. O, hər zaman Aprel döyüşlərindən, qələbəmizdən, döyüşlərdə şəhid olan hərbçilərimizdən qürurla danışaraq: -“şəhidlik hər kəsə qismət olmur, o zirvəyə hər kəs ucala bilmir”- deyərdi. Qəhrəman ana bayaqdan əlində saxladığı Raminin şəklindən baxışlarını ayırmadan söhbətinə davam edir: -Mənə sual verərdi, Vətən nədir? Deyirdim ki, bax, bizim bu evimizdən başlayır Vətən. Bizim evimiz, kəndimiz, rayonumuz, nəhayət, Azərbaycan bizim Vətənimizdir. Doğma Vətənimizin hər qarışı bizim üçün əzizdir. Ramin yağış yağan kimi həyətə qaçırdı. Torpağın ətrini sevirdi. Deyərdi ki, Qarabağı düşməndən azad edəndə atamı da, səni də ora ziyarətə aparacağam. Müharibənin başladığı ilk günlərdən şəhidlik məqamına qədər hər gün zəng edərdi danışardıq, həmişə yüksək əhval-ruhiyyədə olurdu. Mütləq şəkildə düşmən üzərində zəfər çalacağıq ana, darıxma, deyirdi. Ramini tanıyanlar, əsgər və zabit yoldaşları da söyləyirdilər ki, o, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə hər kəsə nümunə olan bir hərbçi idi. Doğulub boya-başa çatdığı, qarış-qarış gəzdiyi doğma qəsəbəmizi, rayonumuzu, bütün Azərbaycanı sevirdi. Ramin, doğrudan da, igidliyi, qəhrəmanlığı ilə eləobaya gərəkli övlad, Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi, qəhrəmanlığı ölkəyə yayıldı. Canından artıq sevdiyi Vətən uğrunda, torpaq uğrunda mərdlik, şəhidlik zirvəsinə ucaldı. İllər keçir, zamanla hər şey unudula bilər. Ancaq heç vaxt unudulmayanlar isə şəhidlik məqamına yüksələnlərdir. Onlar xalqımızın yaddaşında, qəlbində, tarixində daim yaşayırlar. Onu yaxından tanıyan insanlar son dəfə vidalaşmağa gələndə fəxrlə söyləyirdilər ki, Ramin kimi oğullar vətənsevərliyi ilə hər birimizin yaddaşında əbədi qalacaq. Çünki o, düşmənin atəş nöqtələrinin məhv edilməsində cəbhə yoldaşları ilə birgə xüsusi fədəkarlığa imza atanlardandır. Bütün bunları eşitdikcə Vətən yolunda qəlbini sipər edən Raminin anası olduğum üçün qürur duyuram. Saimə xanım şəhid anası adına layiq məğrurcasına dedi ki, mən bu gün fəxr və qürurluyam ki, övladım mənim, bütün ailəsinin başını uca etdi. O, Vətən yolunda şəhid oldu, böyük Qələbənin əldə olunmasında Raminin də payı var. Oğlum igidliklər göstərib, bu haqda onun hərbçi yoldaşları mənə fəxarətlə danışıblar. Oğlum düşmənə qarşı qəhrəmanlıqla vuruşub. Arzum budur ki, övladlarımızın qanı bahasına əldə etdiyimiz torpaqlarda həyat gülsün, odocaq şölələnsin, toy-büsat qurulsun. Şəhidlərimizin qanı ilə sulanmış müqəddəs torpaqlarımız gülüstana çevrilsin. Təki, Vətən sağ olsun! Şəhid Raminin atası Nəriman Bağırov isə söhbətimizdə oğlunun Vətən yolunda, torpaq uğrunda şəhid olduğunu deyir: -Biz şəhid valideynləri övladlarımızın Vətən yolunda şəhid olması ilə qürur duyuruq. Təki Vətən yaşasın!-deyirik. Axı, oğul düşmən çəpəridir, deyiblər. Bütün şəhid analarına, atalarına üzümü tutub deyirəm:-başınızı uca tutun. Fəxr edin ki, övladlarımız şərəflə döyüşüb, Vətən yolunda canlarından keçiblər. Bilin ki, şəhidlər Tanrı dərgahının ən uca məqamının-şəhidlik zirvəsinin əbədi sakinləridir. Şəhidin atası həm də qeyd etdi ki, böyük oğlum Şirməmməd də hərbçidir. O da bu döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Raminə orta məktəbdə dərs demiş müəllimlərdən Hilal Paşayevin dedikləri: -Necə ki müdriklərimiz “Vətənə gəldim, imana gəldim”- deyiblər. Elə bu sevgi idi ki, xalqımızın bütün vətənpərvər və qeyrətli oğullarını yumruq kimi bir araya gətirdi və düşmən üzərinə səfərbər etdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə də həmin böyük sevginin tərənnümü idi. Təbii ki, bu müqəddəs yolda şəhidlərimiz və qazilərimiz də oldu. Vətənin igid oğulları qorxu bilmədən, ölümün gözünə dik baxaraq əzəli-əbədi torpaqlarımız uğrunda, ata-babalarımızın məskən saldığı yurd naminə canlarından keçməklə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksəldilər. Bu ucalığı fəth edən oğullarımız daim qəlbimizdə yaşayacaq. İllər ötəcək, ancaq öz qanları ilə dastan yazan şəhidlərimiz, müqəddəs amal üçün canlarından keçən oğullarımız heç vaxt unudulmayacaq. Ramin də belə iftixar hissi ilə yadda qalacaq vətənpərvər oğullarımızdan biridir. Onun həyat yolunu indiki gənc nəslə layiqli örnək hesab edirik. Hilal müəllim Ramin haqqında danışarkən deyir ki, onun tarix fənninə xüsusi marağı var idi. Torpaqlarımızn işğal altında, mənfur düşmən tapdağında olması bir vətənpərvər kimi onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hər zaman deyərdi ki, mən gələcəkdə hərbçi olacağam. Vətən sevgisi ilə dolu ürəyindən torpaqlarımızın işğaldan qurtulması naminə aparılan mücadilədə öncüllərindən biri olmaq keçirdi. Bu, elə onun arzuladığı kimi də oldu... Bəli, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük tarixi Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. İllər keçdikcə Ramin və onun kimi minlərlə mübariz vətən oğullarının qanı bahasına işğaldan azad edilən torpaqlarımız yenidən abadlaşacaq, cənnətə çevriləcək. Vətənimizin göylərində dolaşan şəhidlərimizin əziz xatirələri daim bizimlə olacaq, hər il qeyd edəcəyimiz Zəfər Gününə görə onlara borclu olduğumuzu heç bir zaman unutmayacağıq.

Turanə Baxşəliyeva

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930