SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən uğrunda ad qazanmış oğul

Vətən uğrunda ad qazanmış oğul
4-04-2021, 09:30

Bəzən həyatda belə bir sualla qarşılaşırıq, haradan başlanır Vətən! Mücərrəd fikirdir. Lakin izahı da çoxdur. Hər biri ağlabatandır, məntiqlidir. Havadan barıt qoxusunun hələ də duyulduğu bu günlərdə Vətəndən çox söhbət açılır və bu məqamda ürəklə, cəsarətlə belə deyərdik: Azərbaycan əsgərinin ayağı dəyən hər yerdən Vətən başlanır. Deməli, doğma torpağımızın hər qarışı Vətəndir, milli qürur mənbəyidir. Bu dəyəri, keyfiyyəti bizə Azərbaycanın şanlı ordusunda qulluq edib ölkəmizin ərazisini bütövləşdirən əsgərlərimiz bəxş edib. Otuz illik həsrətə qovuşdurub. Torpaqlarımız mənfur düşməndən azad olunub. Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Azad olmayan Vətəndə azad vətəndaş ola bilməz. Azadlıq nə verilir, nə də satılır. Onu hər bir xalq, millət öz qanı, canı bahasına əldə edir. Necə ki, 44 günlük Vətən müharibəsində bunu bütün dünyaya nümayiş etdirdik. Düşmənin otuz il ərzində möhkəmləndirdiyi və keçilməz hesab etdiyi səddi darmadağın edərək xalqımıza möhtəşəm qələbə sevincini bəxş edən, bu zəfərə imza atan qəhrəman Azərbaycan oğullarından biri də həmyerlimiz Coşqun Orucovdur. O, 2001-ci ildə Culfa rayon Xoşkeşin kəndində anadan olub. Həddi-büluğa çatanda isə Vətənə öz borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanıb. Düşmənə gözdağı olan alınmaz qeyrət qalamız-Sədərəkdə xidmət edib. Əmisi Hüseynalı Orucovla söhbətləşdiyimiz zaman öyrəndik ki, hərbçi olmağı Coşqun məktəb illərindən arzulayıb. Həqiqi hərbi xidmətini bitirdikdən sonra geyindiyi müqəddəs formanı çıxarmaq istəməyib və uşaqlıq arzularını reallığa çevirərək hərbçi olub. Ərazi bütövlüyümüzün bərpa olunması zamanı aparılan əks-hücum əməliyyatları vaxtı Coşqun Orucov “N” hərbi hissələrimizin birində, xüsusi təyinatlı bölmənin tərkibində snayper olaraq xidmət edirdi. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində ana Vətənin, doğma diyarın, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda döyüşə atılan Coşqun Orucov Azərbaycan Ordusunun cəbhədə apardığı ən əhəmiyyətli döyüşlərdə iştirak edərək, müharibənin qalibiyyətlə bitməsində həlledici rol oynayan igidlərimizdən biri olub. Bir sıra mühüm ərazilərimizin düşməndən azad edilməsində Coşqun da igidliyi ilə seçilib, döyüş yoldaşları ilə birgə ən çətin əməliyyatlarda iştirak edib və əsl qəhrəmanlıq nümunəsi göstərib. Vətən torpağının bütövlüyü uğrunda qorxmadan, mərdliklə vuruşan, hər zaman öndə gedərək döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirən Coşqun son döyüşünə də eyni ruhda, əsl qəhrəman kimi yollanır. Oktyabr ayının 23-də düşmənin atdığı atəş nəticəsində yaralanaraq şəhadətə qovuşur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Coşqun Orucov “Vətən uğrunda” medalı ilə təltif olunub. Əziz şəhidim, necə ki, sən uf da demədən canından, qanından keçərək Vətən torpağını göz bəbəyin kimi qorudun, ana torpaq da səni ağuşuna alıb, qışın şaxtasından, qarından, küləyindən, yayın bürküsündən, qızmarından hifz edəcək, ana kimi, səni bəsləyəcək, əzizləyəcək. Torpaq qürurlanacaq, fərəhlənəcək ki, qoynuna nə gözəl insan gəlib. Bizə Zəfər Gününün xoş anlarını yaşatdığına, millətlər arasında başımızı uca etdiyinə, ruhumuzu təravətləndirdiyinə görə, sənə ruhun şad olsun deyirik, şərəfli Vətən oğlu!

Şəmil HACIYEV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930