SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ucqar dağ kəndinin yeni mənzərəsi

Ucqar dağ kəndinin yeni mənzərəsi
3-03-2021, 20:27

 Reportaj

Ordubad şəhərindən yeddi kilometr şimal-şərqdə, uca dağların ətəyində yerləşir Nüsnüs... Qışda başıqarlı dağları, yazda al-əlvan təbiəti, füsunkar dağ mənzərələri, yayda çağlayan sərin bulaqları, payızda min bir dərdə dərman olan bitkiləri, həmçinin tariximizi, milli dəyərlərimizi özündə yaşadan tarixi tikililəri, məscidləri, ömrünü-gününü torpağa bağlayan zəhmətkeş insanları, elm adamları, ziyalıları ilə seçilir bu kənd. Diyarımıza gələn yerli və xarici qonaqların ziyarət etdikləri kəndlər sırasındadır Nüsnüs. Həmin Nüsnüs ki dövlətimizin diqqət və qayğısı ilə abad, müasir yaşayış məntəqəsinə çevrilib. 

Kəndin yeni siması ilə tanış olmaq üçün ora gedirik. Vaxt var idi, daşlı-kəsəkli yollarla kəndə gəlib-getmək min bir çətinlik həm də vaxt itkisi, əzab-əziyyət bahasına başa gəlirdi. Bunu kəndin sakinlərinin də dilindən eşidəcəyik. Amma sizə deyim ki, maşınımız yenidən qurulan Yuxarı Əndəmic-Nüsnüs avtomobil yolu ilə sürətlə irəliləyərək kəndə vaxtından əvvəl, rahatlıqla çatdı. Dörd tərəfi dağlarla əhatəli bu gözəl yaşayış məntəqəsi şəhər simasına bürünüb. Müasir kənd yolu, hərtərəfli tədris şəraiti yaradılan kənd məktəbi, səmərəli idarəetmənin və ailə təsərrüfatlarının inkişafına geniş imkanlar açan yeni kənd və xidmət mərkəzləri, sağlamlığımızın qoruyucusu həkim ambulatoriyası, tarixi-mədəni irsimizi yaşadan su dəyirmanı muxtar respublikamızda insan amilinə verilən yüksək dəyərin bariz nümunələri kimi Nüsnüsə xüsusi rəng qatıb. Kəndin dünəni ilə maraqlanıb bunu yaşlı kənd sakinlərinin dilindən eşitmək isə həm maraqlı, həm də bu günümüzü dəyərləndirmək baxımından ibrətamizdir. Elə mən də kənd ağsaqqalı, 82 yaşlı Əlvida Əhmədovla həmsöhbət oluram. Müsahibimin dediklərindən:

Evin sonuncusu olduğum üçün adıma Əlvida deyiblər. Qızım, mən İkinci Dünya müharibəsini, Birinci Qarabağ müharibəsini və Böyük Qələbə çaldığımız İkinci Qarabağ müharibəsini görmüşəm. Qısası, həyatın çox çətin, eyni zamanda şirin anlarını da yaşamışam. Çətin zamanlardan danışsaq, qurtarmaz, gəlin əvvəlcə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından deyim bir-iki kəlmə. O vaxtlar atam Zəngilandan, Mincivandan belə, dolanar beş-üç kilo arpa və buğda alıb gətirərdi ki, ailəmizi dolandıra bilsin. Evə gələndə getdiyi yerlər haqqında maraqlanardım. Atam da o torpaqlar cənnətdir, bala, – deyərdi. Lakin tarixboyu torpaqlarımızda gözü olan ermənilər 90-cı illərdə bizə məxsus bu əraziləri işğal etdi, Zəngilan da onların içində getdi. Üzüldük, amma əyilmədik. Ötənilki müharibədə igid Vətən oğulları torpaqlarımızı düşmən tapdağından azad etdi, onların içərisində Zəngilan da var idi... İndi keçək söhbətimizin əvvəlinə. Qızım, o vaxt çörək tapmaq müşkül məsələ idi, qaz yox idi, işıq da ki, həmçinin. Kəndimizdə tut bağlarının ucu-bucağı da yox idi onda. Yerə düşəni götürür­dük, doşabdan, tut qurusundan istifadə edirdik. Amma indi yerdə tut tökülüb qalır, əyilib götürən yoxdur. Niyə, bolluqdur, ona görə. Allah dövlətimizin başçısına, muxtar respublika rəhbərinə cansağlığı, uzun ömür versin. Artıq əvvəlki kəndimizdən əsər-əlamət yoxdur. Bundan belə kəndə gələnlər yeni salınan asfalt yolla rahat gəlib çıxa biləcəklər. Kənd məktəbini görürsünüz necə gözəldir?.. Bu məktəbdə nəvələrim, gül balalarımız yaxşı oxuyacaq, millətimizə fayda verəcəklər. Bu kəndin əhalisi də zəhmətkeşdir, hamı öz təsərrüfatı ilə məşğul olur. Əvvəllər arıçılıq və heyvandarlıq əsas məşğuliyyətim idi. İndi yaşlaşmışam deyə, arı və heyvanlarımıza oğlum baxır.

Müsahibim söhbətinə davam edərək deyir ki, bu kəndin insanları dinə, imana bağlı insanlardır: – Mənim özüm Quran oxuyan, namaz qılanam. Həcc, Məşhəd və Kərbəla kimi müqəddəs yerlərdə ziyarətdə olmuşam. Kəndimizdə ibadət yerləri – məscidlər, pirlər vardır. “Qırxkimsə” piri ölkəmizdə də yaxşı tanınır. Pir kəndimizdəki məscid binasındadır. Buraya verilən nəzir-niyazın qəbulu üçün digər şəhər və rayonlarımızdan da ziyarətə gəlirlər. İllər əvvəl mən bu pirə nəzarət edirdim. Nüsnüs kəndinin adı da elə bu pirlə bağlıdır. Bir vaxtlar pirin yerləşdiyi yerdə bir neçə adam qeyb olub, onların arxasınca gəliblər, soruşublar ki, bura adamlar gəldi, gördünüz? “Nis-nis”, yəni “yox-yox” cavabı alıblar. Kəndin adı da elə oradan qalıb. Pirin giriş qapısının üzərində süls xətti ilə kitabə vardır. Burada yazılıb ki, məscid 1325-1326-cı illərdə Əbu Səid Bahadır xanın səltənəti dövründə uca Tanrıya möhtac, zəif qul bin Arslan, bin Səncər, bin Atabəy qoruyucusu Aytəkinin əli ilə tikilmişdir. Nüsnüs pirinə ilin bütün fəsillərində gəlmək olar, burada ziyarətçilər üçün lazımi şərait yaradılıb, – deyir müsahibim. Kəndimizdə XIV-XV əsrlərə aid hamam var. O vaxtlar hamamı qızdırmaq üçün samandan və odundan istifadə edirdilər. Onu digər orta əsr hamamlarından fərqləndirən cəhət divarlarının, tavanının dağ daşı ilə inşa olunmasıdır. Kəndimizdəki su dəyirmanının da yaşı çoxdur. Bu dəyirman bir vaxtlar bərəkət ocağımız, ruzi mənbəyimiz idi. Ərsəyə gətirdiyimiz taxılı orada üyüdər, qonşu kəndlərin sakinləri də dəyirmandan bəhrələnərdi. Bu gün bu dəyirmanın bərpası məni lap sevindirdi. Kəndimizdə qədim ziyarətgah yerlərindən biri də bax, o dağın başındakı “Yalqız” adlanan ağacdır. Bu ağac müqəddəs sayılır, yarpağını qoparmaq, budaqlarını kəsmək, sındırmaq olmaz. Digər bölgələrimizdən də adamlar bu ağacı ziyarətə gəlir, onun altında dilək tutur və dualarının qəbul olunacağına inanırlar. Nüsnüsdə qədim adət-ənənələr bu gün də yaşadılır. Qızım, bizim kəndimiz hər yerdə tanınır. Bu kəndə dünyanın müxtəlif yerlərindən – İran, Türkiyə, İraq, İordaniya, Rusiya, İngiltərə, Hindistan, Fransa, Amerikadan xarici qonaqlar gəliblər. Milli yeməklərimiz, şirin meyvələrimiz, tarixi abidələrimiz, təbiətin gözəlliyi onları heyran edib.
Əlvida Əhmədovun kənd haqqında bildikləri bitib-tükənməzdir, onunla sağollaşıb məktəbin yolunu tuturuq.

Bu yeni, üçmərtəbəli gözəl məktəb binası ali təhsil müəssisələrinin binaları ilə müqayisə edilə bilər. Məktəbə daxil olub burada yaradılmış şəraitin sevincini müəllimlərin, şagirdlərin üzlərində gördüm. Məktəbin müəllimi Yunis Hüseynovla həmsöhbət oldum. Müsahibim qəzetimizi hər gün alıb oxuduğunu, əli çatmayanda isə qəzetin internet saytından istifadə etdiyini, rəsmi tədbirlər haqqında məlumatlarla, jurnalistlərimizin məqalələri ilə buradan tanış olduğunu dilə gətirdi. Bu məni çox sevindirdi. Kənd adamlarının “Şərq qapısı” qəzetinə müraciət etməsi, onu hər gün oxuması, qəzet əməkdaşlarını qələmindən tanıması qəzetimizin nüfuzunun əyani göstəricisidir.
Öyrənirik ki, Yunis müəllim 35 ildir, bu məktəbdə çalışır. Onun dediklərindən: – Məktəb elm, təhsil ocağı kimi gələcəyin müəllimini, həkimini, hüquqşünasını, polisini, iqtisadçısını, mühəndisini, yazıçısını yetişdirir. Bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən müəllimlərimiz layiqincə gəlirlər. Bu mənada, mən deyərdim ki, müəllim peşəsi dünyada ən müqəddəs, ən məsuliyyətli peşədir. İndi müasir məktəbimiz müəllimlərimizi daha səylə çalışmağa, şagirdlərimizi isə daha yaxşı oxumağa həvəsləndirir. Mən köhnə məktəbin şagirdi olmuşam. Aydındır ki, o zaman daş kömür, odun peçindən istifadə edirdik. Dünənki məktəblə bu gün istifadəyə verilən məktəb arasında fərqlər müqayisə edilməyəcək qədər çoxdur. Bugünkü şəraitə baxanda deyirəm ki, Nüsnüs kənd tam orta məktəbi Ali Məclis Sədrinin də dediyi kimi, təkcə Naxçıvanın deyil, ölkəmizin ən nümunəvi məktəblərindəndir. Mən ali məktəbdə oxuyanda da belə şərait görməmişəm. Bu gün muxtar respublikada aparıcı sahələrdə çalışan insanların çoxu bu məktəbin məzunlarıdır. Onların vaxtilə oxuduqları sinif bu gün olub ziyalı otağı, işıq otağı, müəllimlər otağı. Mən bundan böyük sevinc bilmirəm. Muxtar respublikamızın rəhbəri məktəbin açılışı zamanı onu da qeyd etdi ki, 2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 21 şagird qəbul olunub. Mən bu sözdən böyük sevinc və qürur duydum. Fikirləşdim ki, bu söz elə-belə deyilməyib. 90-cı illərin blokadasının gətirdiyi çətinliklər vaxtilə ən çox kəndlərdə hiss olunurdu. Kənd adamları yoxsulluqdan başqa şəhərlərə iş dalınca gedirdilər. Ancaq bu gün yaradılan müasir şərait hesabına onlar öz yurdlarına qayıdıblar, övladlarını bu məktəbdə oxudurlar. Bir vaxt yeni məktəbin şagirdləri minnətdarlıq edəcəklər ki, Qurucu Rəhbər, görkəmli şəxsiyyət, nəinki şəhərdə, ən ucqar dağ kəndlərində belə, gözəl məktəb binaları tikdirib, müasir yol saldırıb, insanların rahatlığı üçün gözəl imkanlar yaradıb. Bu gün də biz minnətdarlıq edirik ki, muxtar respublika rəhbərinin sayəsində belə müasir sinif otaqları, gözəl laboratoriyalar, fənn kabinələri, idman zalı və qurğuları, yeni STEAM kabinəsi yaradılıb. Bu kabinədə indi bizim uşaqlar külək, Günəş panellərinin maketlərini, müasir robotları hazırlaya bilir, gələcəyin mütəxəssisi kimi yetişirlər. Mən məktəbimizdə yaradılan müasir şərait üçün Ali Məclisin Sədrinə minnətdarlığımı bildirirəm.
Məktəbdə STEAM təlim metodunu öyrədən Elnurə Qənbərova ilə həmsöhbət oluram. Kimya fənnini tədris edən müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 1 aylıq STEAM təlimində iştirak edib, STEAM haqqında ilkin biliklər əldə edib. O bildirdi ki, Ordubad rayonunda ilk dəfə olaraq Nüsnüs kənd tam orta məktəbində müasir tələblərə cavab verən STEAM kabinəsi qurulub və lazımi avadanlıqlarla təchiz edilib. STEAM təlim metodu ilə VI və VII siniflərdə təhsil alan şagirdlərimizə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat bacarıqlarını mənimsədirik. Bu metod maraqlı olduğu qədər də məsuliyyətlidir. Onun üstünlüyü şagirdlərə fikir azadlığı verməsi, onlarda dərsə qarşı maraq və həvəs yaratmasıdır. Çünki şagird dərsin nəticəsində öz ideya və düşüncəsinin məhsulunu ortaya çıxarır.

Cari ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Əməkdar müəllim” fəxri adı ilə təltif edilənlər içərisində Nüsnüs kənd tam orta məktəbinin də müəllimi vardır. 32 ildən çoxdur ki, məktəbdə ibtidai sinif müəllimi kimi çalışan Səbahət Əliyeva ilə həmsöhbət oluruq. Onun dedikləri: – Necə ki bir bina qurularkən onun özülü olmasa yıxıla bilər, ibtidai sinifdə tədris də belədir. Şagirdlər ibtidai sinifdə yaxşı öyrədilməlidir ki, yuxarı siniflərdə də nailiyyət əldə edə bilsinlər. Biz müəllimlər də çalışırıq ki, gələcəyin fəal, vətənpərvər, dünyagörüşlü uşaqlarını yetişdirə bilək. Dərs dediyim şagirdlər bacarıqlı, qabiliyyətli, məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən uşaqlardır. Səbahət xanım muxtar respublikamızda elmə, təhsilə, müəllim əməyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdi.
Çox gözəl təəssüratlarla məktəbdən ayrılırıq. Öyrənirəm ki, bu kəndin sakinləri əkinçilik, bağçılıq, meyvəçilik, heyvandarlıq, arıçılıqla məşğuldur. Kənddə qadın arıçılar da az deyil. Onlardan biri Arzu Salehovadır. 30 ildən çoxdur, arıçılıqla məşğul olan müsahibim arıçılığın sirlərini atasından öyrənib. O deyir ki, atamın 100 arı ailəsi var idi, həmişə onun yanında dayanıb arılara necə qulluq etdiyinə maraqla baxırdım. Əvvəllər arı şanını əlimə götürəndə qorxurdum, yavaş-yavaş öyrəşdim. İndi əllərim arı ilə dolu olur, xüsusi geyim olmadan da onlara baxa bilirəm. Arının sancmağı belə, mənim üçün gözəldir, çünki o qədər zəhmətkeşdir. Həyətimizdən arı səsi gəlməsə, ürəyim rahat olmaz. Arıçılığın o qədər gözəl sirləri var ki, onları öyrəndikcə elə bir insan yenidən həyata gəlir, gəncləşir. Bu sənət insanlara zəhməti, təbiəti sevməyi, onu qorumağı öyrədir. Bu gün 20 arı ailəsinə qulluq edirəm. Muxtar respublikamızda digər sahələrə, o cümlədən arıçılığın inkişafına da dövlət qayğısı göstərilir, hər arı ailəsinə görə mənə subsidiya verilir. Arzu xanım həm də 34 ildir ki, Nüsnüs kənd tam orta məktəbində şagirdlərə dilimizin və ədəbiyyatımızın incəliklərini öyrədir.
Burada olarkən kənd və xidmət mərkəzlərinə, həkim ambulatoriyasına da baş çəkdik.
Nüsnüslülər vaxt itkisinin qarşısını almaq baxımından yeni kənd mərkəzi haqqında ağızdolusu razılıq etdilər, dövlət qurumlarının burada eyni binada fəaliyyət göstərməsini insan amilinə verilən dəyər kimi qiymətləndirdilər. Yeni istifadəyə verilən xidmət mərkəzində isə sakinlərə digər bölgələrə üz tutub vaxt itkisinə yol vermədən yüksək səviyyədə məişət xidməti göstərilir, eyni zamanda 6 sakin işlə təmin olunub ki onlar da minnətdarlıq hisslərini ifadə etdilər. Xidmət mərkəzindəki mağazada satışa qoyulmuş yerli məhsullardan, xüsusilə ailə təsərrüfatlarında istehsal olunanlar çeşidliliyi və keyfiyyətliliyi ilə diqqətimizi çəkdi. Nüsnüsdəki yeni həkim ambulatoriyası isə əhalinin sağlamlığının keşiyində dayanan müasir səhiyyə ocaqlarından biridir. Sakinlərə vaxtında və hərtərəfli səhiyyə xidməti göstərən müxtəlif ixtisaslı həkimlərin çalışdığı yeni həkim ambulatoriyası müasir tibbi avadanlıqlarla təchiz olunub.

Nüsnüsdən çox yüksək təəssüratlarla ayrılırıq. Bu gün Nüsnüs, eləcə də doğma diyarımızın bütün müasirləşən, inkişaf edən şəhərləri, kəndləri mənalı ömrünü muxtar respublikamızın möhkəmlənməsinə və yüksəlişinə həsr edən, ümummilli liderimiz Heydər Əliyevin irsinə daim sədaqət, məhəbbət bəsləyən vətənpərvər şəxsiyyətin, Qurucu Rəhbərimiz Ali Məclis Sədrinin yorulmaz əməyinin, fəaliyyətinin bəhrəsi, sonsuz Vətən, xalq sevgisinin parlaq ifadəsidir. İnsanların rahat yaşayışına hesablanan bu tədbirlərin qarşılığında bu gözəl diyarın sakinlərinə isə qurulanları, yaradılanları qorumaq, onlardan səmərəli istifadə etmək, ölkəmizin inkişafına töhfə vermək qalır.

Güntac ŞAHMƏMMƏDLİ

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930