SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boz ay – qışdan yaza keçid dövrü

Boz ay – qışdan yaza keçid dövrü
28-02-2021, 13:21

Xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur və yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır. Xalq arasında adətən, mart, aprel, may yaz ayları kimi hesablansa da, yaz fəsli martın 20-dən 21-nə keçən gecə yurdumuza qədəm qoyur. Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozarabozara keçər”. Bu, daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa, Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir. Xalq inancına görə, Boz ay həm qışın, həm də ilin son ayıdır. Bu cür inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədir və dörd İlaxır çərşənbə var: “Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq arasında əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur. Boz ayda olan dörd çərşənbə müqəddəs sayılmış və təbiətin dəyişilməsində dörd ünsür: su, torpaq, yel və od mühüm rol oynamışdır. Buna muxtar respublikanın bəzi kəndlərində “cəmlələr” də deyirlər. Yəni, ilk cəmlə suya düşür və bundan sonra su donmur. Tədqiqatçılar dörd çərşənbənin ilk üçünün “doğru üskü”, sonuncunun isə “ilin axır çərşənbəsi” olduğunu qeyd edirlər. Əhali boz ayda, adətən, bayrama hazırlaşır. İlk əvvəl bayram səmənisi qoyurlar. Bütün qışı içəridə yaranan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün əvvəlcə evlər təmizlənər, divarlar ağardılardı. Həmin dövrdə əhəng tapmaq çətin olduqda müəyyən ərazidə olan ağ torpaqlardan istifadə edilərdi. Babək rayonunun Sirab kəndindəki “Yal” adlanan təpədəki “Ağtorpaqlıq”dan qonşu kəndlərdən də gəlib ağ torpaq apararmışlar. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla “Kommunist” qəzetinin 24 fevral 1989-cu il tarixli nömrəsində işıq üzü görmüş “Novruz gəlir” adlı məqaləsində yazır: “Boz ay çillə beçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (“oğru üskü”), ikinci üçünə “doğru buğ” (“doğru üskü”), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk “oğru buğ”da adamlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç dəfə ev-eşiyin çevrəsinə dolandırıb “qaçın-qaçın, şeytanlar, sizi oda qalaram”, – deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar. Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin həyata keçirilməsinə başlanır. Yaşlılar söyləyirlər ki, Naxçıvanda noxudu fevralın axırı, martın birinci ongünlüyündə əkmək lazımdır. Əsasən, dəmyə üsulu ilə əkilən noxud bu dövrdə yağıntının hesabına su ilə təmin olunur, erkən əkildiyi üçün “ağ” (xəstəlik) vurmur. Bu ay heyvandarlar üçün də məsuliyyətli dövrdür. Adətən, mart ayının əvvəlindən heyvanlarda döl vaxtı başlayır. Qeyd edək ki, bəzi etnoqraflar bahar müjdəçisi olan novruzgülünün Novruz bayramı ərəfəsində açdığını yazırlar. Bu gül Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır.

***

Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır. Artıq qarşıdan “Torpaq çərşənbəsi” gəlir. Bu çərşənbədə havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması baş verir. “Torpaq çərşənbəsi” torpağın oyanmasının, əkinə hazır olmasının göstəricisidir. Torpağınız bərəkətli olsun!...

Mənbə: Zaleh Novruzovun

“Etnoqrafik yaddaşımızdan” kitabı

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930