SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaz qəzetçi, blokada Naxçıvanının müasir simasından yaz

Yaz qəzetçi, blokada Naxçıvanının müasir simasından yaz
28-02-2021, 12:00

“Şərq qapısı” qəzetinin ötən əsrin 90-cı illərdəki arxivi blokadanın məşəqqətli keçən ilk illərinə güzgü tutan ən yaxşı salnamədir. Yüz yaşlı mətbu orqanın saralmış səhifələrində hansı mövzular yoxdur ki? Qarşımıza çıxan hər bir məqalə Azərbaycanın fədakar Naxçıvanından “danışır”. Ürəkağrısı ilə qələmə alınan yazılar düşmən qarşısındakı əzmkar müqavimətdən, işıqsız, qazsız günlərdən, soyuq qış günlərində kökünə balta çalınan meşələrdən, gələcəyi təhlükədə olan gənclikdən, tənəzzülə uğramış iqtisadiyyatdan, kənd təsərrüfatından, məhv olmuş nəqliyyat-kommunikasiya əlaqələrindən söz açır. Bu yazıların böyük əksəriyyətinə Əməkdar jurnalist Mətanət Məmmədovanın müəllifi olduğu “Naxçıvan blokadası” ikicildlik kitabında da rast gəlmək olar. Çətindir, doğulub boya-başa çatdığın yurdun ağır günlərini qəzet səhifələrinə köçürmək, tarixləşdirmək. Eynilə, o vaxt ağır blokada şəraitinin hər anını yaşamaq qədər çətin.

Bizim jurnalist taleyimizə isə blokada ilə illərdir mübarizə aparıb bu savaşdan qalib çıxan, blokadanın inkişaf və tərəqqi üçün maneə olmadığınısübut edən Naxçıvan barədə danışmaq, material hazırlamaq, yazmaq nəsib olub. Bunu bizə zaman, dövr diktə edir. Zaman deyir ki, yaz qəzetçi, hər kəndində,şəhərində, qəsəbəsində yenilik duyulan, müasirlik sezilən Naxçıvandan yaz. İllər öncə uçuq-sökük, uyğunlaşdırılmış binalara sığınan məktəblərdən, mədəniyyət və səhiyyə ocaqlarından, kələ-kötür yollardan yox, nəinki aran yerlərində, ən ucqar dağ və düşmənlə qabaqqənşər dayanan kəndlərində belə saray kimi, imarət kimi ucalan sosial obyektlərdən, kəndlinin qapısının ağzınadək uzanan şüşə kimi asfalt yoldan yaz, qəzetçi.Yaz ki,Buzqovda, Gərməçataqda, Nəhəcirdə, Payızda inşa olunan məktəblərdə şagirdlər “ağıllı lövhə”lərin imkanlarından istifadə etməklə interaktiv dərslər keçir, onlayn yarışlarda iştirak edirlər. Blokada Naxçıvanında səhiyyə xidməti dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən kəndlərdə belə əlçatandır. Yaz ki, daha insanlar “sabah şəhərə necə və ən əsası hansı səviyyədə olan yollarla gedəcəyəm” qayğısı çəkmir. Yaz qəzetçi, yaz ki, bir zamanlar süfrəmizin artığı ilə bəslənən mənfur düşmən daha başını qaldırıb Naxçıvanın sərhəd kəndlərinə baxa bilmir. Blokadanın ilk illərində ölkəmizdəki xaosdan, pərakəndəlikdən istifadə edib bu yurdu işğal etmək istəyənlərin arzusu ürəyində qalıb.Azərbaycanın fədakar, düşmənə heç vaxt baş əyməyən Naxçıvanında indi güclü ordu formalaşdırılıb. Muxtar diyarın bütün sərhədlərini etibarlı müdafiə edən, ən müasir atıcı silahlardan istifadə edən, qəlbində Naxçıvan boyda Vətən sevgisi gəzdirən oğullardan yaz. “Günnüt əməliyyatı”nı həyata keçirib tarixi torpaqlarımızı özümüzə qaytaran ordudan, 44 günlük Vətən müharibəsində şəhid, qazi olub ərazi bütövlüyümüzü bərpa edən, bizi Qarabağa qovuşduran müstəqillik illərinin gənclərindən yaz. Yaz qəzetçi, yaz ki, blokada Naxçıvanında gəncliyə gələcək gözü ilə baxıldı. Gəncliyə qurmaq, yaratmaq, öz potensialından istifadə etmək imkanı yaradıldı. Daha bu gənclərin gələcəyi də təhlükədə deyil. Çünki müstəqillik illərində qədim diyarda 200-dən çox təhsil müəssisəsi tikilib və ya yenidən qurulub. Ali və orta ixtisas məktəblərində müasir təhsil infrastrukturu yaradılıb. Bu gənclər hərtərəfli hazırlanıb, vətənpərvər, elinə-obasına, milli dəyərlərə bağlı ruhda tərbiyə alıblar. İndi onlar iş, sənət, peşə, mükəmməl karyera sahibidirlər. Müstəqillik illərinin gəncləri həm də bütün sahələrdə Naxçıvanı, Azərbaycanı dünya arenasında təmsil edən milli kadrlara çevriliblər. Yaz qəzetçi, yaz ki, blokada Naxçıvanında hər il on minlərlə hektar sahədə əkin aparılır. Bir zamanlar ağzıgünə yatan, sahibsiz qalan, ilan mələyən düzlər, qeyri-münbitsahələr bu gün əkin dövriyyəsinə daxil edilib. Bir vaxtlar çörək üçün səhər-axşam növbə çəkənlər bu gün tonlarla taxıl istehsal edir, tələbatdan artığını da dövlətə satırlar. Zamanla insanlarda sabaha inam hissiformalaşdı, torpağa bağlılıq yarandı, “zəhmət bataqlıqda gül də bitirər” tezisi öz təsdiqini tapdı. Dövlət torpağı kəndli üçün ən yaxşı iş yerinə çevirdi. Torpağın münbitliyini artırdı, meliorativ tədbirlər gördü, taxıl istehsalı ilə məşğul olanlara güzəştli şərtlərlə texnika və texnoloji avadanlıq, gübrə, əlavə subsidiyalar verdi. Ailə təsərrüfatı yaratmaq istəyənlərin, sahibkarların “qolundan tutdu”, maliyyə dəstəyi ayırdı. Təsərrüfat başçısı, sahibkar bir də gördü ki, təkcə məhsul istehsal etmir, bir neçə qohum-qardaşını, dosttanışını da iş-güc, çörək sahibi edib. Üstəgəl, dövlət kənd təsərrüfatı sahəsindəki əməyini fəxri ad, orden və medalla mükafatlandırıb. Yaz qəzetçi, yaz ki, blokada Naxçıvanında resurslardan səmərəli istifadə olunduğuna görə, bir vaxtlar zülmət qaranlığa qərq olan muxtar diyar indi enerji təhlükəsizliyi tam təmin olunub. Təkcə 2020-ci ildə Babək rayonunda yerləşən 87 meqavat gücə malik Modul Elektrik Stansiyasında 226, Araz Su Elektrik Stansiyasında 64.9, Heydər Əliyev SuAnbarı üzərindəkiVayxır Su Elektrik Stansiyasında 7, Xal-xal Günəş Elektrik Stansiyasında isə 33.5 milyon kilovatsaat elektrik enerjisi istehsal olunaraq muxtar respublikanın enerji şəbəkəsinə ötürülüb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə Naxçıvanı enerji ixracatçısına çevirib. Yaz qəzetçi, yaz ki, blokada Naxçıvanı illərdir 100 faiz qazlaşdırılıb. Naxçıvana təbii qazın nəqlinin bərpası iqtisadiyyatın, sənayenin, emal sahələrinin inkişafı, nəhəng layihələrin həyata keçirilməsi demək idi. Naxçıvanın təbii qazla tam təmin olunması müstəqillik illərinin böyük uğuru, blokada şəraitində nail olunan intibahın nəticəsidir. İndi hər bir naxçıvanlı öz isti ocağında firavan günlərini yaşayır, mövsümü qayğısız keçirir. Son olaraq Naxçıvanın mavi yanacaqla təmin olunması blokadanın ilk illərində kütləvi məhv edilən yaşıllıqları baltanın sərt üzündən xilas etdi. Yaz qəzetçi, yaz ki, Ermənistanın işğalçılıq siyasətindən sonra nəqliyyatın qan damarı hesab olunan dəmiryolu əlaqəsi kəsildi və Naxçıvan məqsədli şəkildə blokadaya salındı. Ümid hava nəqliyyatına qalmışdı. O vaxt sərnişinlərdə belə bir fikir formalaşmışdı: Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək deyil. Bileti qeydiyyatdan keçirmək də uçmaq deyil. Təyyarəyə oturmaq da uçmaq deyil. Blokada Naxçıvanında Hava Limanına muxtar respublikanın hava qapısı, qədim diyarı anamız Azərbaycana birləşdirən yeganə xətt kimi baxıldı. Hava Limanı Naxçıvana hava, su kimi gərəkli idi. Buna görə də mərhələ-mərhələ Hava Limanında infrastruktur yeniləndi, yöndəmsiz tikililər ləğv olundu, geniş quruculuq işləri aparıldı, yeni uçuş-enmə zolaqları, Şərq və Qərb terminalları yaradıldı. Artıq müasir sərnişindaşıma xidmətinin göstərildiyi Hava Limanında beynəlxalq uçuşlar da yerinə yetirilir. Yaz qəzetçi, yaz ki, blokada Naxçıvanında informasiya təhlükəsizliyi tamtəmin olunub. Ölkədə və dünyada cərəyan edən istənilən məlumat muxtar respublika sakinləri üçün əlçatandır. Texnologiyanın ən son yeniliklərindən istifadə edilir, ucqar dağ kəndlərində belə sürətli internet, dayanıqlı rabitə sistemi mövcuddur. Yaz qəzetçi, yaz ki, Naxçıvan Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə açılacaq dəhliz vasitəsilə anamız Azərbaycana qovuşmağa, logistik mərkəzə çevrilməyə, türk dünyasına inteqrasiya etməyə, ölkənin iqtisadi inkişafında daha yaxından iştirak etməyə hazırlaşır. Yaz qəzetçi, yaz ki, bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyev siyasi xəttinə dərin sədaqət dayanır. Ali Məclisin Sədri cənab Vasif Talıbov dahişəxsiyyətin müəyyən etdiyisabitlik, inkişaf və tərəqqi yolu ilə gedərək böyük bir əsər yaradıb.Yuxusuz gecələrin, böyük zəhmətin, əməyin bəhrəsi kimi yaranan əsərin adı MÜASİR NAXÇIVANdır.

Muxtar RZAZADƏ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930