SON DƏQİQƏ

naxcivanxeberleri.com

ANA DİLİMİZ MİLLİ KİMLİYİMİZDİR

ANA DİLİMİZ MİLLİ KİMLİYİMİZDİR
21-02-2021, 15:00

YUNESKO-nun 1999-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevralın 21-i bütün dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Hər bir millətin və xalqın dili həmin millətin, xalqın kimliyini təsdiq edən əsas “sənəddir”. Yəni bir millət, xalq “mən varam” deyirsə, ilk növbədə onun özünəməxsus dili, yəni ana dili olmalıdır. Vaxtilə dahi Üzeyir Hacıbəyli yazırdı: “Hər bir millətin bütün milliyyəti ilə bəqasına (əbədiliyinə) baş səbəb onun dilidir və dilinin tərəqqisidir... Bir millətin ki dili batdı, onda o millətin özü də batar”. Üzeyir Hacıbəylinin söylədiyi bu fikirlər bir tərəfdən yuxarıda deyilənlərin təsdiqidir, digər tərəfdən isə özündən sonrakı nəslə, yəni bizə, bir növ, xəbərdarlıq siqnalıdır. Milli kimliyimiz olan, bir millət kimi mövcudluğumuzu təsdiq edən ana dilimizə tarixin müxtəlif mərhələlərində müdaxilələr edilmiş, dilimizin varlığına qısqanclıqla yanaşılmışdır. Milli sərvətimiz olan dilimizi əlimizdən almaq üçün bütün hiylələrə əl atılmışdı. XX əsrdə - Sovet imperiyasının ilk illərində buna nail də olunmuş, dilimiz amansız təqiblərə məruz qalmış, onun təmizliyinə, saflığına xələl gətirməyə çalışılmışdır. Hətta 1937-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyasında dilimizlə bağlı heç bir hüquqi statusa yer verilməmişdir. 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti Azərbaycan dilinin dövlət dili olması ilə bağlı 1937-ci il Konstitusiyasına xüsusi əlavə edilməsinə baxmayaraq, yenə də əvvəlki kimi dilimizə biganə yanaşılmış, onun dövlət dili kimi istifadəsinə maneələr yaradılmışdır. Nəhayət, Azərbaycan xalqının ümummilli lideri, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə respublikamızda hakimiyyətə gəlişi ilə dilimizə qarşı milli baxış formalaşmağa başlanmışdır. 1978-ci ildə hazırlanan Azərbaycan SSR-in Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəa ulu öndərin rəhbərliyi ilə hazırlanmış və irəli sürülmüşdür. Həmin dövrdə respublika rəhbəri kimi ulu öndər Heydər Əliyev siyasi taleyini riskə ataraq Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə səylə çalışmış, nəticədə buna nail ola bilmişdir. Bundan sonra ana dilimizin dövlət dili kimi öyrənilməsinə, qrammatik quruluşunun elmi şəkildə tədqiqinə başlanılmış, dilçi alimlərin fəaliy yəti üçün geniş imkanlar yaradılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi də Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü kimi tarixdə özünə yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da “varlığımızın rəmzi” hesab edilən ana dilimizin inkişafı, tərəqqisi istiqamətində mühüm addımlar atılmış, bu məsələ ən prioritet sahə kimi diqqət mərkəzində saxlanılmışdır. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında ana dili məsələsi də öz əksini tapmış və Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olduğu qeyd edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləri kimi dilimizin inkişafı istiqamətində həyata keçirilən addımlardan hesab edilir. Ümummilli liderin nitqlərinin birində söylədiyi “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”- fikri onun ana dilimizə yanaşmasının aydın şəkildə təzahürü idi. Bu gün ulu öndər tərəfindən əsası qoyulan ana dili siyasəti, ana dilimizə baxış modeli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir. Ölkə başçısı doğma dilimizə böyük həssaslıqla, qayğı ilə yanaşır, onun inkişafı üçün mühüm qərarlar qəbul edir. Ölkə başçısının “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair konkret dövlət proqramının hazırlanması qərara alınmış, bu istiqamətdə ardıcıl tədbirlər görülmüşdür. Dövlət başçısının 2013- cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır. Bu gün muxtar respublikamızda da ana dilimizə qayğı ilə yanaşılır, dövlət dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikamızda dilimizin saflığı və qorunması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük təzahürü kimi qiymətləndirirlir. Bəli, aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur! Aqillərin söylədiyi bu fikirlər hər birimiz üçün daim diqqətdə saxlanılası bir məsələdir və dilimizin saflığının, təmizliyinin qorunması, inkişaf etdirilməsi, dilimizdən düzgün şəkildə istifadə edilməsi, yəni onun normalarına tabe olunması bir tərəfdən dövlət nəzarəti tələb edirsə, digər tərəfdən də vətəndaş qayğısına ehtiyac duyur. İnanırıq ki, hər bir azərbaycanlı ana dilimizi qoruyur, qoruyacaq və ana dili məsələsində öz öhdəliyinə düşən hər nə varsa, onu canla-başla yerinə yetirəcək.

Anar QASIMOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728