SON DƏQİQƏ

naxcivanxeberleri.com

Su çərşənbəsi

Su çərşənbəsi
21-02-2021, 12:22

Adətim üzrə iş yerinə çox vaxt piyada getməyi xoşlayıram. Çünki nə qədər fiziki hərəkətlə məşğul olsaq, bir o qədər sağlamlığımıza fikir vermiş olarıq. Artıq havadan yaz ətri duyulur. Bir neçə gündür ki, işə gedərkən qonşuluqdakı Dilbər nənənin hərəkətlərini müşahidə edirəm. Nənə yaşının xeyli irəliləməsinə baxmayaraq səhər tezdən durub həyətbacasında təmizlik işləri görür. Bu günlərdə, xüsusən su arxlarının təmiz liyinə daha çox fikir verir. Salamlaşıb, bir az ayaqüstü söhbətləşdik. Qərara aldım ki, günün ikinci yarısında Dilbər nənə ilə daha ətraflı həmsöhbət olum. Dilbər nənə bizi səmimi qarşı - layıb, stol arxasına dəvət etdi. Dedim ki, bəlkə, bir işə kömək lazım olar, nə lazımdır edim. Nənə cavabında: -Sağ ol bala, hələ əlim-ayağım iş tutur, hər işimi özüm görürəm dedi. Beləliklə, qoğallı, şəkərburalı süfrənin arxasında söhbətə başladıq. Dilbər nənədən bir neçə gündür, məni düşündürən təmizlik işlərinin niyə məhz su arxları, su qablarının üzərində apardığını soruşdum: Qızım, bu yaxın günlərdə Kiçik çillə bitir və Boz ay başlayır. Boz ay da dörd çərşənbədən ibarətdir: su, torpaq, yel, od. İlk olaraq Su çərşənbəsi olduğundan bu ərəfədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmazdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçərək azar-bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu inanclar, fallar, türkəçarələr, bayatılar var. Məsələn, inanca görə, süfrəyə suyun dağılması aydınlıqdır və yaxud lal axan sudan keçməzlər kimi de yimlər var. Daha bir adətə görə isə Su çərşənbəsinin səhəri ala-qaranlıqda bulaq başına gedib gördüyün yuxunu suya danışmaq lazımdır. Su çərşənbəsinin səhəri su üstünə gedənlər bulaqdan xırda daşlar gətirib un təknəsinə, pulqabına atarlar ki, bərəkət gətirsin. Mən də cavanlığımda rəfiqələrimlə birlikdə, kəndimizin yuxarısında olan bulaq başına gedərdim. İndi daha yaşlanmışam, gedə bilmirəm. Bundan başqa, həmin gündə bulaq başına gedərək orada əlüzünü yumaq ilboyu sağlam olmağa işarədir. Bulaq başında tonqal qalamaq da həmin günün adətlərindəndir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Xalq təbabətinə əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə torpaq oyanır, ot-ələf cücərir, ağaclar oyanır və baharın gəlməsindən xəbər verir, üçüncü çərşənbə yel, dördüncü od çərşənbəsi olur. Su ilə saflaşma suyun real əlaməti ilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və təbiət ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərsə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşarlar. Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə, həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar. Bizim xalqımız bayram süfrə - sinə ciddi diqqət yetirir. Süfrədə adları da “S” hərfi başlayan yeddi növ təam olmalıdır. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Bunlardan başqa, masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir (hansı ki insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir. Ənənəyə görə, bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətihesab olunurdu. Novruz insanları azı bir ay xoş əhval-ruhiyyədə həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır: “İlk çərşənbədən başlayaraq bir ay hamı bir-birinə pay aparır, qonaq gedir, bayramlaşırlar. İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla çöllərə çıxır, elliklə gəzinti keçirir, şənlənirlər. Cavanlar evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların papaqlarına bayram payı qoyur. Bu bayramda qapıpusma, səhərədək çillə keçiril məsi və sair zəngin adətənənələr var ki, saymaqla qurtarmaz. Düzdür, sadaladığım bu adətlər indi bir qədər seyrələrək icra edilir, amma bu, şəhərlərdə belədir. Rayonlarda, qəsəbə və kəndlərdə bayram əvvəlki coşqusunu, təmtərağını hələ də itirməyib.

Gülnarə HÜSEYNOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728