SON DƏQİQƏ

naxcivanxeberleri.com

 Qürur mənbəyimiz -Ana dilimiz                                 

 Qürur mənbəyimiz -Ana dilimiz                                 
21-02-2021, 12:00

 Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Çünki 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd edilməsində başlıca məqsəd dilimizi  qoruyub saxlamaqdır.

         Belə ki,  1952-ci il 21-22 fevral tarixlərində Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə şəhid olur. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət edirlər. Beləliklə, YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunur.

         Hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu yad təsirlərdən qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha yada salır. Çünki hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə dildir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

         Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası gənc­lərinin bi­rinci forumunda söylədiyi “Hər bir gənc Azərbaycanın müstəqil gə­ləcəyini təmin et­mək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməli­dir, millətimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir” – söz­lərində dilimizə verilən yüksək qiymət öz parlaq ifadəsini tapmışdır.

         Dilimizin saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Bu mənada, Azərbaycanın böyük şairi Süleyman Rüstəmin bu misralarını xatırlamamaq mümkün deyil: 

                            “Mən sənin dilinə dəymirəm, cəllad,

                            Gəl sən də bu ana dilimə dəymə,

                            Sənin də bağın var, gülün var, çəkin,

                            Bağıma əkdiyim gülümə dəymə!” 

 deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Çünki  hər bir millətin  sabahı, gələcəyi  onun dili ilə ölçülür.

         Bu gün bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikrini xatırlamaq yerinə düşər. O yazırdı: "Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda, bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

         Doğrudanda,  Azərbaycan dili gözəl dildir, musiqili dildir, ən incə fikirlərin ifadəsinə xidmət edən dildir.

         Elə buna görədir ki, çağdaş Azərbaycan ədəbiyyatımızın aparıcı simalarından olan Zəlimxan Yaqub  da ruhumuza işləyən, qanımıza hopan  dilimizi belə vəsf edirdi:

Füzuli zirvəli, Vaqif arxalı,

Mənim qoşqar dilim, Ələsgər dilim.

Ömrümün naxışı, bəxtimin xalı,

Dadda, şirinlikdə bal, şəkər dilim.

         Deməli, milləti tanıdan, yaşadan onun dilidir. Bu gün millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Dil millətin millət olaraq təsdiqidir. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən  birtarixi hadisədir. Azərbaycan dili də  məhz bu tarixi hadisəni yaşayıb və öz hüquqlarını bərpa edə bilib.

Danılmaz faktdır ki, bu gun Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası isə ən cətin bir vaxtda-“vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ edildiyi, milli dillərin sıxışdırıldığı bir vaxtda qoyuldu. Halbuki belə çətin bir vaxtda ana dili məsələsi ilə məşğul olmaq olduqca qorxulu idi. Ona görə qorxulu idi ki, dil məsələsini qabardanlar, bu barədə fikir söyləyənlər ağır cəza ilə cəzalandırılırdı. Bu cür təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə ifadə edə bildi. Hətta ulu öndərin bu cəsarətli addımı nəticəsində 1978-ci il konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi qəbul edildi.

1978-ci il martın 14-də Azər­baycan Konstitusiyasını hazırlayan komissiyanın iclası keçirildi. Bu iclasın sədr­i Heydər Əliyev idi. Amma bu konstitusiya layihəsində Azərbaycan dilinin hansı status daşıması məsələsi yer almamışdı. Lakin ümumxalq müzakirəsinə verilən Azərbaycan Konstitusiyası layihəsinin 73-cü maddəsində yazıl­mışdı: “SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir”. Bu məsələ o dövrün dövlət rəh­bərlərini nara­hat etməsə də, milli ruhlu ziyalıları narahat etməyə başladı. Xüsusilə, Heydər Əliyev bu məsələdən narahat olaraq sovet rəhbərləri ilə danışıqlar apardı. Nəticədə, ulu öndər ana dili məsələsini həll etməklə  bərabər, eyni zamanda, layihədəki 73-cü maddənin ləğv edilməsinə də nail oldu.

         1978-ci il aprelin ikisində IX çağırış Azərbaycan SSR ALİ Sovetinin Azərbaycan Sovet Sosialist respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”. Əlbəttə, o dövrdə belə cəsarətli addımı Heydər Əliyev kimi dahi bir insan ata bilərdi. Bu, ulu öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.

         1978-ci ildə qəbul edilmiş Konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, heç kəs sizə mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsininz. Ancaq siz nə üçün bizə mane olursunuz...Ancaq biz  buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində böyük hadisə oldu”.

         Heydər Əliyev bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.

         XXI  əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, təsir dairələrinin genişlənməsi ilə bağlı ulu öndərimizin verdiyi fərmanları, sərəncamları, qanunlar dilimizin daha da inkişafı üçün əlverişli şərait yaratdı.

         1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.

         Konstitusiya ko­missiyasının noyabrın sonların­da keçirilən iclasında Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək deyirdi: “Biz ən doğru, düzgün və ən əsaslı bir qərar qəbul et­dik ki, Azər­baycanın dövlət dili Azərbaycan dilidir. Bu, Azərbaycan xalqı üçün, onun mənəviyyatı, dilinin inkişafı üçün çox əhəmiyyətli qərardır. Bu, Azərbaycan­da bütün Azərbaycan xalqının tərkibini təşkil edən xalqların hamısının özlə­rinə bu dili qəbul et­məsi üçün çox əsaslı bir qərardır və hesab edirəm ki, həm keçmişimizə böyük hörmət, həm də gələcək nəsillər üçün böyük bir sənət­dir”.

         Müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.   

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər  Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.

2003-cü il yanvarın 2-də isə ulu öndərin fərmanı ilə “Azərbaycan Respublika­sında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldır­maq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində müm­kün olur”.

         Ulu öndər Heydər Əliyev dövlət dilimiz olan ana dilimizə böyük üs­tünlük verir və tövsiyə edirdi ki, hər bir azərbaycanlı başqa dilləri də mü­kəm­məl öyrənsin, onlar­dan yeri gəldikcə istifadə etsin. Lakin heç kəs öz doğma Azərbaycan dilinə diqqət, hörmət və məhəbbəti azaltmamalıdır.

         Ona görə də Heydər Əliyev hər bir çıxışında qətiyyətlə dil məsələsinə toxunur, dilə belə qiymət verirdi: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş,  onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarımızdan miras qalan bu ən qiymətli milli sərvəti hər  bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun vətəndaşlıq borcudur”.

  Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin dil siyasətini uğurla davam etdirir. Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.

Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir.

         Ölkə  başçısının  2013-cü il 9 aprel tarixli  "Azərbaycan  dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı Azərbaycan dilinə  göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir .

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açmışdır. 

Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və  qorumaq qüdrətinin parlaq ifadəsidir. Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. 

Prezident İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

         2018-ci il  iyulun 18-də isə ­Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayır.

         Prezident  İlham Əliyevin  "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin  başçısının  həyata  keçirdiyi  səmərəli  və  genişmiqyaslı  işlərin  məntiqi davamıdır.

         Bir sözlə, dilin qoruyucusu və daşıyıcısı xalqdır, buna görə də dilin keşiyində durmaq, onun hərtərəfli inkişafına nail olmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Fəxriyyə CƏFƏROVA                                                                                    

filologiyaa üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Müəllimlər İnstitutu

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728