SON DƏQİQƏ

naxcivanxeberleri.com

21 Fevral-Beynəlxalq Ana Dili günüdür

21 Fevral-Beynəlxalq Ana Dili günüdür
21-02-2021, 09:00

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir,

şəxsən mən öz ana dilimi şox sevir və bu dildə danışmağımla fəxr edirəm.

Ümummilli lider, Heydər Əliyev

Beynəlxalq Ana Dili günü ilk dəfə UNESCO tərəfindən 17 noyabr 1999-cu ildə dünyada insanların istifadə etdiyi bütün dillərin qorunması və qorunmasına təşviq  etmək təşəbbüsü ilə elan edilib. UNESCO ana dillərini mədəniyyətin, şəxsiyyətlərin, dəyərlərin və biliklərin vacib bir hissəsi hesab edir. Bir dil itirildikdə yalnız sözlər və mənaları itmir, həm də tarixi, mənəvi biliklər daxil olmaqla əsrlər boyu bənzərsiz mədəni biliklərin itirilməsini də əhatə edir. 21 Fevral dünyada dil, çoxdillilik və mədəni müxtəliflik şüurunu təbliğ etmək məqsədi daşıyır. Dünyanın bir çox ölkələrində həmin gün festivallar, tədbirlər keçirilir.

      1948-ci ildə Pakistan hökümətində urdu dilinin milli dil elan edilməsi narazılıqlara səbəb olur. Ancaq protesto nəzarətə alınır və 4 universitet tələbəsinin polisin silah açması ilə ölümü ilə nəticələnir. Tələbələrin ana dili üçün ölümü Beynəlxalq Ana  Dili günü kimi qeyd edilir. Beynəlxalq Ana dili günü üçün Avstraliyanın Sidney şəhərində, Asfield parkında möhtəşəm xatirə abidəsi ucaldılmışdır. Burada benqal və ingilis dillərində “we will remember the martyr of 21st February” (21 fevral şəhidlərini həmişə xatırlayacağıq) sözləri yazılmışdır. BMT –nin hesablamalarına görə dünyada danışılan 6000 dildən təxmini yüzdə 43-ü ləğv olunma riski altındadır. Hər iki həftədə 1 dil itir. Dünyadakı insanların yüzdə 40-ı ana dilində təhsil ala bilmir.

      Dil sadəcə ünsiyyət qurmaqdan daha çox şeydir. Duyğularımızı oyadır, kim olduğumuzu formalaşdırır, mədəni irsin qorunmasında mühüm rol oynayır. Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayət edir ki, dilimizin tarixi ilə öyünək. İlk dəfə 1956-cı ildə ilk Konstitusiyada “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” maddəsi yazılmışdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan dilini daha da inkişaf etdirmək yolunda geniş üfüqlər açıldı. Müstəqil Azərbaycan Respublikası 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstutusiyasında  Azərbaycan dilinin adını bərpa etdi. Azərbaycan Respublikasının Konstutisiyasında 21-ci maddəsində yazılır. “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.

               Biz çox qürur duyuruq ki, ana dilimiz müstəqil dövlətimizin rəsmi dilidir, bu dünyada hər bir millətə, xalqa nəsib olmur. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dünyanın onlarla universitetində Azərbaycan dili tədris olunur. ABŞ-ın 6 universitetinin proqramında Azərbaycan dili öyrənilir. Asiya , Avropa və digər qitə ölklərində də dilimizə maraq artmışdır. Azərbaycan dilinin zəngin lüğət fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası vardır. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”  fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Ümummilli lider latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyəti tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, 2001-ci il avqustun 9-da fərman imzaladı. Həmin fərmanla 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.

                Dilimiz min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük sərvətimizdir. Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır. Bu müqavimətə tab gətirməyən bir dil assimilyasiya olunur, gələcək nəsillərə gəlib çatmır. Azərbaycan dilinə qayğı göstərməkdə ziyalıların, yazıçıların, dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür. Ona görə ki, cəmiyyətin bu təbəqəsi təkcə dildən istifadə etmir, həm də, onun tətbiqi işinin təkmilləşdirilməsi, inkişaf etməsinə qayğı göstərir. H.Əliyev “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu böyük nailiyyətdir. Bu iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus zəngin dilimiz var”. Orta əsrlər çağında Azərbaycan dilinin təbliğində və möhkəmlənməsində  də misilsiz xidmətləri olan  Şah İsmayıl Xətai belə demişdir: “Ey türk oğulları, Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin”.

               Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri yanında “Elmin inkişaf fondu” nun yaradılması, dilimizlə bağlı tədbirlər, beynəlxalq simpoziumlar, konqreslərin keçirilməsi, kütləvi nəşrlərin, monoqrafiya və ensiklopediyaların yazılması dilimizə olan qayğının göstəricisidir. Dövlət atributlarından biri olan dilimizə hörmətlə yanaşmalı, babalarımızın mirası olan milli sərvətimizi göz bəbəyi kimi qorumalı, qayğı ilə yanaşmalıyıq.

 

Türkan İSMAYILLI

Naxçıvan Dövlət Universiteti

İngilis dili və metodika kafedrasının müəllimi

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728