SON DƏQQƏ

naxcivanxeberleri.com

Müasirliyi ilə göz oxşayan yurd yerimiz–Keçili

Müasirliyi ilə göz oxşayan yurd yerimiz–Keçili
5-12-2020, 10:24

Təbiəti bütün gözəllikləri ilə görmək, kəndlərimizin mənzərəsi ilə yaxından tanış olmaq işimizlə əlaqədar olaraq bizə tez tez nəsib olur. Buranın təbii gözəlliyi, dövlət qayğısı, insan əli ilə yaradılan gözəlliklər hər zaman diqqətimizi cəlb edir. Belə kəndlərimizdən biri də bu günlərdə yolumuzun düşdüyü Keçili kəndidir. Bu kənd rayonun qədim yaşayış məskənlərindəndir.

Kəndin tarixinin yaşı minilliklərə gedib çıxan keçmişi özündə yaşadır. Dağlar qoynunda qərar tutan Keçili kəndi payız günlərində ayrı büsata bürünüb. Kənddə payız fəsli sanki qızılı boyalarla işlənən tablonu xatırladır. Ağaclardan yerə səpələnmış rəngarəng yarpaqlar, dagların sazağı, küləyi, çayın-çesmənin həzin-həzin axan sularının səsi ətrafa yayıldıqca sanki təbiətin fərqli bir ahəngi üzə çıxır. Havaların soyuması quşları, dağ heyvanlarını da sükuta qərq etdiyindən ətrafda bir qədər sakitlik hökm sürür. Ancaq əliqabarlı insanların, çörəyini daşdan çıxaranların, torpaqla hər fəsil əlaqə saxlayanların səs-sədası hələ də gəlir. Bir neçə gündür ki, davam edən çiskin hava, soyuq kəndin zəhmətkeş insanlarının gözünü qorxutmur.

“İş insanın cövhəridir” deyib, hər kəs öz işi ilə məşğul olur. Bəlkə bu səbəbdəndir ki, bu kənd uzunömürlülər diyarı kimi tanınır. Uzun və mənalı ömür sürən kənd adamları milli dəyərlərimizin, adət-ənənələrimizin də əsl “qoruqçusu” olublar. Kənddə bir çox xalça toxuyanlar da olub ki, onların adı ən yaxşı xalçaçılar kimi bu gün də kənd camaatının yaddaşında yaşayır. Kənd ağbirçək nənələrin, ağsaqqal babaların yaddaşından suzülüb gələn folklor nümunələri ilə də zəngindir. Bir neçə gün əvvəlcədən getmək istədiyim Keçili kəndi haqqında müxtəlif mənbələrə müraciət etdim və kəndin adının etimologiyası ilə maraqlandım. Əldə etdiymiz məlumata əsasən öyrənirik ki, bu toponim qədim türk tayfalarından olan keçililərin adı ilə bağlıdır. Bəzi müəlliflərə görə keçililər türk tayfasının qollarından biridir.

Mənşəcə isə Oğuz tayfasına mənsubdur. Azərbaycan ərazisinə Səlcuqların tərkibində gəlmişlər. İlk vaxtlar Araz çayının sağ sahilində yaşayan keçililər, nəhayət, XVI əsrdə Səfəvilər dövründə Naxçıvana gəlmiş və Kəngərlilərə qarışmışlar. Bəzi məlumatlara görə isə keçililər kəngərlilərin bir tirəsidir. Keçili tayfasının həmçinin Türkiyədə yaşayan yürüklərlə əlaqəsi olduğu da qeyd olunur. Mənbələrdə qeyd edilir ki, keçililər Zaqafqaziyada geniş bir ərazidə yaşamışlar.

Şahbuz rayonunda olan Keçili kəndinin adı da bu etnonimlə bağlı toponimdir. Rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən Keçili kəndi rəsmi statistikaya görə rayonun ən böyük kəndidir. Əhalisi 2 min nəfərdən artıqdır. Keçilinin adı təkcə muxtar respublikamızda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. Başlanğıcını Üçqardaş, Camalqalası, Sərxan səngəri kimi dağlardan götürən gur çay kəndi ikiyə bölərək axarlıbaxarlı edib. Çesmələrin, sellərin uca dağların qoynundan özünə iz açıb, yarğanlar yaradıb çaya tökülməsi sayəsində çayın suyu elə bil ki, aşıbdaşır. O şırımlar, yarğanlar kəndin ətəyində “toxtayır”. Dağ sularının birləşib çaya töküldüyü yerdə kiçik bir şəlalə də yaranıb. Belə bir əsrarəngiz təbii mənzərəsi olan kənddə son illərdə dövlət qayğısı sayəsində köhnələr təzələnib, uçanlar sökülüb, yenisi ilə əvəzlənib. Yenidənqurma, abadlıq kəndə başqa bir ab-hava gətrib.

Nəticədə rayonun başqa kəndləri kimi, Keçilidə də kənd yaşıl turizminin inkişafı üçün böyük imkanlar mövcuddur. Burada kənd turizminin növləri və inkişaf potensialı genişdir. İndi yaradılmış xidmət sahələri ilə yanaşı, təbii şərait də kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Kənd turizminin digər üstün cəhətləri arasında kustar sənaye məhsullarının, əl işləri ilə hazırlanan məhsulların, yerli və ənənəvi yeməklərin, onların bişirilməsi üçün lazım olan ərzaq məhsullarının satışından əldə edilən gəlirlər Keçili kəndində də yetərincədir. Həmçinin evlərin turistlərə kirayəsindən, turistlərin daşınmasından, bələdçilikdən, təbiətin mənzərəli yerlərinə baxışdan, ənənəvi mərasim və ayinlərin təşkilindən əldə edilən gəlirlər də keçililərin iqtisadi gəlirlərini artıran əsas amil kimi qiymətləndirilir. Turizm təsərrüfatının inkişafı prosesində yerli əhali turistlərə xidmət göstərmək üçün bütün imkanlardan istifadə edə bilərlər. Belə ki, qədim adət-ənənələr, məişət qaydaları, unudulmuş və ya unudulmaqda olan bütün adətlər və mədəni-tarixi əhəmiyyəti olan mərkəzlər diqqətdə saxlanılır. Folklor sənəti nümunələri müxtəlif adlar altında turistlərə təqdim edilir. Bütün bunlar isə böyük zəhmət bahasına yeniləşən, gözəlləşən kəndlərimizin respublikamızdan kənarlarda təbliğinə və tanıdılmasına bir töhfə olur. Kəndin təmiz dağ havası, bulaqlarından süzülüb gələn dumduru suları, saf bağ-bostan məhsulları, min bir dərdin dərmanı olan bitki örtüyü can məlhəmidir. Bura sağlam dağ havasının sərinliyi ilə Aranın quru havasının görüş yeridir. Kəndin yaşlı sakini Beytulla Əliyev deyir ki, suyumuz da, yeməyimiz də hava qədər təmizdir. Burada su içməkdən, meyvələri dərib yeməkdən doymazsan. Kənd camaatı gedib, pul verib bazardan meyvə-tərəvəz, ağartı məhsulları almazlar.

İstehsalçı da, istehlakçı da elə özümüzük. Bu torpağın dəmyə buğdasının çörəyində ayrı hikmət vardır. İndi də yediyimizə, içdiyimizə fikir verərik. Dava-dərman nədir bilmərik. Kəndin dağları, dərələri qida və dərman bitkiləri ilə zəngindir. Yaz, yay ayları gələndə kənd camaatı qış azuqəsi üçün dağlara üz tutar. Keçilinin “Camalqalası” sobu, çaşır, baldırğan, cacıq, “Çınqıllı” bulağından yuxarıdakı “Üçqardaş” dağlarının ətəkləri kiriş, qazayağı ilə bol olar. Bu dağların yarpızı, kəklikotusu, nanəsi də kənd camaatı tərəfindən toplanar. Payız fəslində də təbiət öz səxavətini insanlardan əskik etməz. Beytulla Əliyev fikirlərinə əlavə olaraq bildirdi ki, kənd camaatı qoçaqdır. Kənddə doğulan, böyüyən insanların boyu, yaşı onun görəcəyi işi əngəlləyə bilməz.

Təki iş görməyə həvəsin olsun. Həvəsin varsa, onun öhdəsindən gəlmək asandır. Ömrümüz- günümüz bağda, dağda keçir. Necə deyərlər, yazda yaylaq, qışda qışlaq oylağımız olub. Torpağa əyilib, ona alın tərimizi qarışdırıb zəhmətimizin barını toplamışıq. Əlimizin qabarıyla torpağı cana gətirmişik. Nə gecə bilmişik, nə gündüz. Uzunömürlülüyü də, sağ canı da qoçaqlıqla qazanmışıq. Tənbəllik də kənd camaatına yaraşmaz axı. Kəndli dediyin qoçaq olmalı, işbilən olmalıdır . Kəndimizi əhatəyə alan məğrur dağların havasını udaraq, suyunu içərək uzunömürlü, qorxmaz, gümrah olmuşuq. Kənddə qonaq olduğumuz müddətdə kimlə söhbət etdimsə, qəlbinin genişliyinin, əliaçıqlığının, adət-ənənələrə və zəhmətə qəlbən bağlı olduqlarının şahidi oldum. Hansı tərəfə baxdımsa, qol-boyun olmuş dağların ətəyində bir evin, bir həyətin səliqəsahmanını gördüm. Qonağı olduğum evlərin sakinləri dedilər ki, qocaman kənd sakinləri keçmişdə qara damlarda, hisli-paslı evlərdə yaşamışlar. O evlərin hec dam örtükləri də yox id. İlllərlə köhnəlik havası ilə yaşayan kəndə xoş günlərin sorağını müstəqillik illəri gətirib. Kəndimizə hər cür qayğı göstərilir. Yollarımız keçmişdəki kimi zığ-palçıq, daş-çınqıl deyil, qara asfaltdı.

Təbii qazımız, suyumuz evimizdə istədiyimiz yaxşı şəraiti yaratmağa imkan verir. Son illərdə kəndimizdə belə gözəl şərait yaradılandan sonra ilin elə bir fəsli olmaz ki, bu kəndə gələn qonaq-qaranın sayı azalsın. Kənddə bütün sahələr kimi, iqtisadiyyat da sürətlə inkişaf edir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu aqrar islahat müstəqillik yollarında yenicə addımlayan Azərbaycanın hər bir bölgəsini ağuşuna aldı. O cümlədən, muxtar respublikanın dağlıq rayonu olan Şahbuzun bu sərhəd kəndi də yenidənqurma siyasəti ilə inkişaf yoluna qədəm qoydu. İslahat nəticəsində kənd insanları torpaqla ünsiyyət bağlayıb gün-güzəranlarını yaxşılaşdırdılar. Kənddə iqtisadi durum ilbəil artdı. Dövlət qayğısı ilə burada yeni infrastruktur sahələri yaradıldı.

Köhnə sovet kəndi tədricən öz yerini yeni Azərbaycan kəndinə verdi. Çünki ötən illər ərzində kənd tədricən öz simasını dəyişib, müasir görkəm aldı. Bu gün isə Keçili kəndi xoş günlərdən sorag verən bir gözəllik mənzərəsinə çevrilib. Ölkə Prezidenti tərəfindən ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması nəticəsində Keçili kəndində indi müasir dövrün tələblərinə uyğun sosial obyektlər tikilib, məktəb binası istifadəyə verilib, yeni infrastruktur sahələri yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də xüsusilə sərhəd bölgədə yerləşən dağ kəndlərinin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində kəndlərimizin sosial-iqtisadi həyatında çoxlu yeniliklər yaradılıb. Keçili kəndi də elə bu qayğı sayəsində uzun illərdən bəri həllini gözləyən bütün problemlərdən qurtardı. Dövlət qayğısı nəticəsində kəndin cavanları burada yurd-yuva salıb, ev qururlar.

Keçilinin “Aralıq” adlanan massivində xeyli kənd sakini məskunlaşıb. “Aralıq”dan başqa, kənddə bir də “Küskünlər” məhəlləsi var. Bu məhəlləyə də Keçili çayından dağların döşü ilə təsərrüfat suyu və Çınqıllı bulağından içməli saf su çəkilib. Kənddə əhalinin sağlamlığını qorumaq üçün həkim ambulatoriyası da fəaliyyət göstərir. Həmçinin kənddə kənd mərkəzi, mədəniyyət evi, kitabxana, baytarlıq, ATS və başqa bir çox xidmət sahələri kəndin mərkəzləşmiş qaydada idarə olunmasına xidmət edir. Kənddə əhaliyə göstərilən rabitə xidməti də müasir elmi-texniki yeniliklərə əsaslanır. Bu kəndin zəhmətkeş sakinləri təbiətin bəxş etdiyi hər neməti qazanca çevirməyi yaxşı bacarırlar. Əkinçilik və bağçılıqda yaxşı təcrübə qazanmış kənddəki 452 təsərrüfatda və 8 ailə təsərrüfatında bəslənən 1500- dən artıq iribuynuzlu, 14 min xırdabuynuzlu heyvan, 6 mindən çox quş, 1500-dən artıq arı ailəsi keçililərə il boyu bol qazanc gətirir.

Kənd sakinlərindən olan Vahid Məlikov 15 baş iribuynuzlu, 56 baş xırdabuynuzlu, 11 arı ailəsi, 50-yə yaxın quş, Elçin Quliyev 13 baş iribuynuzlu, 4 arı ailəsi, 30-dan çox quş, Ələddin Məhərrəmov 17 baş iribuynuzlu, 20 arı ailəsi, 60-a yaxın quş saxlayırlar. Kənd sakinləri gözəl bilirlər ki, torpaqla ülfət bağlayan ac qalmaz. İstehsal etdikləri hər bir məhsulun isə sahibidirlər. Kəndin təbii iqlim şəraiti isə meyvəçilik üçün daha əlverişlidir. Bağlarda səliqə ilə sıralanmış meyvə ağaclarına baxanda kənd sakinlərində əsl təsərrüfatçı səliqəsinin olduğunu görmək mümkündür. Bağlarda gözəlliyi göz oxşayan bir neçə adda alma, armud dadı-tamı ilə seçilir. Bu gün kənddə hektarlarla meyvə bağı var ki, həmin meyvə bağlarından mövsüm ərzində tonlarla məhsul istehsal olunaraq dövlətimizin iqtisadi siyasətinə böyük töhfə verilir. Kənddəki şəxsi təsərrüfatlarda istehsal olunan yerli məhsullar alıcılar tərəfindən razılıqla qarşılanır.

Belə məhsul bolluğu həm də bazarlarda qiymətlərin aşağı düşməsinə səbəb olan əsas amildir. Burada rayondakı istehsal sahələrindən biri olan “Çınqıllı suyu” müəssisəsində dağların büllur kimi saf, təmiz suyu qablaşdırılaraq naxçıvanlıların və diyarımıza gələn qonaqların ürəyinə sərinlik gətirdikcə rayonumuzun şöhrəti də hər yerə yayılır. Kəndin sosial həyatına nəzər salanda hər bir sahədə baş verən inkişafı, tərəqqini aydın görmək olur. Kənddə sosial-iqtisadi siyasətin uğurları əhalinin ümumi yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, kəndlə şəhər arasındakı böyük fərqi də aradan qaldırıb. Kənd məktəbinin öz ənənələri var. Müasir 504 yerlik yeni məktəb binasında təhsil alan kənd uşaqları yaxşı oxumaqla həm müəllimlərini, həm də valideynlərini sevindirirlər. Hər il bu məktəbin yetirmələri öz uğurları ilə nəinki rayonda, muxtar respublikada belə əks-səda doğururlar. Məktəb direktoru ilə görüşümüz zamanı bildirdi ki, bu təhsil ocağının özünəməxsus ənənələri var, məktəbi bitirən məzunların əksəriyyəti ali təhsil alırlar.

Onların içərisində ən çox hüquqşünas və həkim ixtisasına yiyələnənlər bu kənd məktəbinin adını ucaldıblar. Bu gün kənd məktəbində dərs deyən bütün müəllimlər bu kəndin öz yetirmələridir. Onların biliyi, bacarığı sayəsində kəndin təhsil ənənələri qorunur. Hər il ali məktəblərə qəbul üzrə Keçili kənd tam orta məktəbi yüksək nəticələr göstərir. Keçili kəndinin yaddaşlardan silinməyən, unudulmaz 20 Yanvar şəhidi Teymur Alməmmədovu da var. Bizi ovsunlamış təbiət və kənd mənzərəsinin, insanların isti münasibətinin təsirindən sonda belə qənaətə gəldik ki, Keçili rayonumuzun ən abad kənd yaşayış məntəqələrindən biridir. Şəhərlə kənd arasındakı fərqin aradan götürüldüyü, müasir kəndi xatırladan bu yaşayış məntəqəsində qarşılaşdığımız hər bir sakin ilə söhbətimizdə dövlətimizə minnətdarlıq edildi, yaradılan şəraitdən lazımınca istifadə ediləcəyinə əminlik ifadə olundu. Kənd adamları ilə bir neçə saatlıq baş tutan səmimi söhbətimizi bitirərək, sıldırım qayaların sinəsindən ayrılıb, yazı hazırlayıb oxucularımızla paylaşmaq üçün redaksiyamıza geri döndük.

Turanə Baxşəliyeva

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031