SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada aqrar sahə uğurla inkişaf etdirilir-FOTO

Muxtar respublikada aqrar sahə uğurla inkişaf etdirilir-FOTO
30-10-2020, 21:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan aqrar sahədə keçmiş ittifaqın kompleks inkişaf etdiyi qabaqcıl respublikalarından birinə çevrilmişdir.

Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur da tamamilə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. Ulu öndər demişdir: “...Kənd təsərrüfatında istənilən səviyyəyə qalxmaq üçün, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki nailiyyətlərinə çatmaq üçün biz kənd təsərrüfatında da iqtisadi tədbirlər görməliyik. Yəni iqtisadi islahatlar keçirməli, kənd təsərrüfatının idarə olunmasını, mülkiyyət formasını dəyişdirməliyik. Bu, ümumən, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında strateji yolumuzdur. Biz bu yolla getməliyik, bundan ötrü daha ciddi tədbirlər görməliyik”. 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu islahatlar həyata keçirilmiş, qanunvericilik bazası yaradılmışdır.

Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür, Dövlət proqramları qəbul olunur. Dövlət başçısı demişdir: “...Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu məsələyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”.
Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olmuşdur. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır. Qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaratmış, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirmişdir.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması, əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 118 min 16 ton dənli və dənli-paxlalı, 4 min 629 ton dən üçün qarğıdalı, 364 ton dən üçün günəbaxan, 43,1 ton tütün, 67 min 8 ton tərəvəz, 49 min 585 ton kartof, 30 min 39 ton bostan məhsulları, 40 min 592 ton meyvə, 9 min 976,9 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təchizatı əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilmişdir. Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində 275 hektar torpaq sahəsində qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin meyvə məhsullarına olan tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 121 min 892-yə, xırdabuynuzlu heyvanların sayı isə 755 min 760-a çatdırılmışdır. Cari ilin ötən dövründə 42 heyvandarlıq, 1 quşçuluq təsərrüfatı yaradılmış, 2 quşçuluq təsərrüfatının yaradılması, 1-nin isə sahəsinin genişləndirilməsi işləri davam edir. Cari ildə, ümumilikdə, 9 milyon 723 min 900 manat güzəştli kredit verilmişdir ki, bunun da 8 milyon 133 min 700 manatı heyvandarlığın inkişafı üçün ayrılmışdır.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ildə heyvandarlıq təsərrüfatlarında süni yolla 10 min 310 baş inək, düyə və camış mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 7 min 213 baş sağlam bala alınmışdır. Babək rayonu ərazisində yeni süni mayalandırma mərkəzinin tikilməsi heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar açacaq. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2020-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 19 min 439,2 ton, süd istehsalı 73 min 608,3 ton, yun istehsalı 915,8 ton, yumurta istehsalı isə 77 milyon 792 min 700 ədəd olmuşdur. Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti ilə birgə sistemli tədbirlər görü­lür, qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, mal-qara və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri uğurla davam etdirilir.
Muxtar respublikada 99 min 798 arı ailəsi vardır. Bu sahə üzrə Dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 2316-sı nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 177-si cari ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb.
Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri olan “Araz” Elm-İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində yaradılan yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda əkin sahələrindən götürülmüş torpaq nümunələri və toxum materialları dəqiqliklə analiz edilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda muxtar respublikada 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçıları 9 min 8,13 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 60 manat yardım verilməsi taxıl istehsalına marağı daha da artırmışdır.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 19 min 390 ton olan 42 soyuducu anbar və sahəsi 138 min 835 kvadratmetr olan 31 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullara təminatına öz töhfəsini verir.
Muxtar respublikada etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılmış, 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 86 milyon 999 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsulları ixrac olunmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən dövrdə muxtar respublikada 391 milyon 80 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

“Artıq muxtar respublikada torpaq mülkiyyətçiləri məhsuldar yerli toxumlarla təmin edilir, eyni zamanda müasir hidrotexniki qurğuların, su anbarlarının tikilməsi yaz və payız suvarma mövsümünün mütəşəkkil keçirilməsinə imkan verir. Bütün bunlar kənd təsərrüfatı sahəsində məşğulluğu təmin etməklə yanaşı, həm də bol məhsul istehsalına və ixrac imkanlarının yaranmasına səbəb olub”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada aqrar sahənin inkişafı üçün müəyyənləşdirdiyi yol, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyduğu vəzifələr bundan sonra da diqqətdə saxlanılacaq, ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30