SON DƏQQƏ

naxcivanxeberleri.com

Tarixi ədalətin bərpası... -Nurlan Qələndərli yazır

Tarixi ədalətin bərpası... -Nurlan Qələndərli yazır
28-10-2020, 22:08

Təcavüzkar Ermənistanın hərbi təxribatlarının qarşısını layiqincə alan Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad etməklə tarix yazır, tarixi ədaləti bərpa edir. Azərbaycan xalqı isə öz dövlətinə, ölkə Prezidenti və Ali Baş Komandanımız İlham Əliyevə və müzəffər ordumuza qətiyyətli dəstək göstərir, haqq mübarizəmizin zəfərlə başa çatacağına böyük inamını ifadə edir. Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında da soydaşlarımızın ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Ali Baş Komandanın prinsipial siyasətinə birmənalı dəstək nümayiş etdirmələri bunun bariz nümunəsidir.

Qələbənin formulu: qüdrətli dövlət və qətiyyətli

Lider Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin diktator rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Beləliklə, Ermənistan həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozub. İşğalçı ölkənin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat cəhdi və siyasi-diplomatik müstəvidə təxribatçı hərəkətləri Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha aydın şəkildə göstərmişdi. Eyni zamanda, sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələri qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın yaşayış məntəqələrinə hücumlara başlamaqla növbəti təxribatlar törətdi. Bu, Azərbaycana qarşı növbəti silahlı təcavüz idi. Bu təxribatın qarşısını layiqincə alan qüdrətli Azərbaycan dövləti isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz qətiyyət və güclü iradə nümayiş etdirdi.

Döyüş meydanında öz sözünü deyən müzəffər ordu

Ölkəmiz beynəlxalq hüquq normalarına əsaslanan müvafiq konvensiyalarda, o cümlədən BMT-nin Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququnu həyata keçirməyə başladı. Bütövlükdə, güclü Azərbaycanın qüdrətli Ordusu bir neçə gün ərzində Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Eyni zamanda, Ermənistan ordusunun çox sayda peşəkar zabit heyəti və müddətdən artıq hərbi qulluqçuları məhv edildi. Ekspertlərin də qeyd etdikləri kimi, bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Nəticə etibarilə, Azərbaycan Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Bir sıra ərazilərimiz və strateji yüksəkliklər azad edildi, indi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanı, nə də resursları var. Beləliklə, bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın isə əzmini gördü. Başqa sözlə, əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bir daha məlum oldu ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında sıx birləşib, Onun qətiyyətli siyasətinə birmənalı dəstək ifadə edir.

Hərbi nailiyyətlər diplomatik müstəvidə üstünlüyümüzü şərtləndirir

Bu müharibə işğalçı Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi. Eyni zamanda, Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi. Şübhəsiz ki, ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik müstəvidə də üstünlüyümüzü şərtləndirib. Bundan sonra ölkəmiz diplomatiya cəbhəsində diktə edən tərəf kimi çıxış edir. Bütövlükdə isə, Azərbaycanın Ermənistan üzərində hərbi və siyasi-diplomatik üstünlüyü ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına imkan verir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olur

Bir məqama da xüsusi nəzər yetirmək lazımdır. Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq hüquq normalarının müvafiq prinsiplərində və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək təkcə öz ərazi bütövlüyünü bərpa etmir, həm də tarixi ədaləti təmin etməklə məqbul presedent yaradır. İllərdir ki, BMT-nin kağız üzərində qalmış məlum qətnamələrinin icrasını Azərbaycan dövləti öz gücü ilə təmin edir. Bütövlükdə, Azərbaycan Qubadlını və Zəngilanı azad etməklə 874 və 884 saylı qətnamənin icrasını öz gücü hesabına təmin etdi. Beləliklə, Azərbaycan dövlətinin bu tarixi nailiyyəti beynəlxalq hüquqa sayğısızlıq sindromunun aradan qaldırılması baxımından da olduqca əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan güc amilinin beynəlxalq münasibətlər sistemində həlledici faktor olduğunu nümayiş etdirdi. Burada söhbət həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi gücdən, eləcə də beynəlxalq imic və nüfuzdan gedir. Azərbaycan öz haqlı mübarizəsində hərbi, diplomatik-siyasi və informasiya müstəvisində mühüm nailiyyətlər qazanır, milli gücünü bütün dünyaya nümayiş etdirir.

Praqmatik informasiya diplomatiyası

Həm hərbi, həm də diplomatik müstəvidə iflasa düçar olan işğalçı Ermənistan öz havadarlarının və erməni lobbisinin dəstəyi ilə yeni cəbhə açmaq üçün səfərbər olundu. Bu cəbhə informasiya müstəvisində ardıcıl təxribatlar təşkil etmək üçün açıldı. Lakin işğalçı Ermənistan və bütövlükdə, dünya erməniliyi bu istiqamətdə də fiaskoya uğradı, beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymaq hədəfinə çata bilmədi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibəsi, həm də xalqa müraciətləri zamanı erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Beləliklə, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühitinin yaratmaq niyyəti baş tutmadı. Dünya mətbuatına nəzər saldıqda Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxsaylı informasiyaya və analitik materiallara rast gəlirik. Nüfuzlu media qurumları Azərbaycan Prezidentinin fikirlərinə istinad etməklə hazırkı hadisələr və proseslərin mahiyyəti barədə oxucuların diqqətinə geniş məlumatlar təqdim edirlər. Bu, şübhəsiz ki, informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünün və qələbəsinin ifadəsidir. Qlobal informasiya məkanında beynəlxalq ictimai rəyin Azərbaycanın lehinə olması isə strateji önəm daşıyır. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu informasiya diplomatiyası nəticəsində Ermənistanın "qara piar" kampaniyası, dezinformasiya siyasəti və "feyk nyus" taktikası iflasa uğrayıb. Artıq işğalçı ölkənin yalanları gülüş doğurur və beynəlxalq ictimai rəyə təsir edəcək qədər ciddi qəbul olunmur.

Nurlan QƏLƏNDƏRLİ

Politoloq

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30