SON DƏQQƏ

naxcivanxeberleri.com

Əldə olunan uğurlar parlaq gələcəyin təminatıdır

Əldə olunan uğurlar parlaq gələcəyin təminatıdır
15-09-2020, 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin inkişafını təhsildə görmüş, insanların savadlanması, gənc­lərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün yüksək səviyyədə qeyd olunması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir. 

Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş,  müstəqillik illərində bu sahədə daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada müasir təhsil infrastrukturu yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Hər il olduğu kimi, bu il də muxtar respublikanın hər yerində geniş vüsət alan quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Belə ki, 2020-ci ilin birinci yarısında Şərur rayonunda Muğancıq-Mehrab, Ordubad rayonunda Vənənd kənd tam orta məktəbləri üçün binalar şagird və müəllimlərin  istifadəsinə verilib. Hazırda isə Şərur rayon Qaraburc kənd ümumi orta, Şəhriyar, Babək rayon Nəcəfalıdizə, Ordubad şəhər 1 nömrəli, Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri, həmçinin Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Culfa rayon Camaldın kənd tam orta məktəbində isə tikinti və təmir işləri başa çatdırılmışdır.

Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Bu günədək ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə və 5700-dən artıq kompüter quraşdırılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 3 milyona yaxın dərslik verilmişdir. 

Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini verir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslər təşkil edilir, gənc­lər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.

Muxtar respublikada təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel  2018-ci il tarixli qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 284 müəllim, 46 psixoloq, 35 uşaq birliyi təşkilatı rəhbəri, 20 kitabxana müdiri, 8 kitabxanaçı, 7 tərbiyəçi və 24 laborant işlə təmin olunmuşdur. Hazırda rayon mərkəzindən uzaq məsafədə yeləşən kənd məktəblərində fəaliyyət göstərən  müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə, 2019-cu il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılmışdır.

Bu gün Naxçıvanda qabaqcıl təhsil mühiti formalaşdırılmış, şagirdlərin təhsilə marağı artmışdır. 2019-2020-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran IX sinif məzunlarından 52-si fərqlənmə attestatına, XI sinif məzunlarından 17-si “Qızıl”, 17-si “Gümüş” medala, 34-ü isə fərqlənmə attestatına layiq görülmüşlər. 

Gənclərimiz yeni istifadəyə verilən məktəb binalarında qurulan qabaqcıl texnologiyalardan-sürətli internetə çıxışı olan kompüter, elektron lövhə, elektron kitabxananın imkanlarından yararlanmaqla ən müasir şəraitdə təhsil alırlar. İnnovativ inkişafa xidmət edən startap layihələrinin həyata keçirilməsi gənclərin innovasiya mühitinə inteqrasiyasını təmin edir. Yaradılan mühitin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında yüksək nəticələr göstərir

Muxtar respublikada fəaliyyət göstərən liseylərdə yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, hər il liseylərdə təhsil almaq istəyən şagirdlərin sayı artır. Bu il də Naxçıvan Qızlar Liseyinə qəbul üçün 230, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə 352 şagird sənəd vermiş, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 60 şagird qəbul olmuşdur.

Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artmışdır. Heydər Əliyev adına Hərbi Liseyə isə qəbul üçün ötən illə müqayisədə 11 faiz çox olmaqla 498 şagird sənəd vermiş, onlardan 220-si kursant adını qazanmışdır ki, bu da ötən il qəbul olanlardan 76 nəfər, yaxud 35 faiz çoxdur. Bununla yanaşı, məzunlardan 61-i xüsusi təyinatlı ali məktəblərə, 98-i isə Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer” ixtisasına sənəd vermişdir.

Məzunların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi diqqətdə saxlanılmışdır. Ümumilikdə 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2911 məzun bitirmiş, onlardan 2503-ü, yaxud 86 faizi ali məktəblərə, 260-ı, yaxud 9 faizi orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin 1490-ı, yaxud 54 faizi oğlanlar, 1273-ü, yaxud 46 faizi isə qızlar olmuşdur.

Muxtar respublika məzunlarının buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Belə ki, 100-300 bal arası nəticə göstərən məzunların sayı 1490 nəfər olmuşdur ki, bu da ötən ildəki göstəricidən 10 faiz, yaxud 130 nəfər çox olmuşdur. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1437-si, yaxud 62 faizi 200 baldan yuxarı nəticə göstərmişdir.

Muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplamışdır ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 10 faiz artaraq 110 olmuşdur.

Yüksək bal toplayan abituriyentlərdən 600-700 arası nəticə göstərənlərin sayı 57, 500-600 arası nəticə göstərənlərin sayı isə 218 olmuşdur.     

Muxtar respublikada yeni dərs ilində 211 ümumtəhsil məktəbində 52648 şagird təhsilə başlayır. Onlardan 5224 şagird I sinifdə təhsil alacaq. Oktyabrın 1-dən isə məktəbəhazırlıq siniflərinə 3584  uşağın qəbul olunması gözlənilir.

Əldə olunmuş bu uğurlar muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bu isə intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunmasına əsas verir. Artıq muxtar respublikamızda Bilik Günü yüksək əhval-ruhiyyə ilə qeyd olunur, əlamətdar gündə təhsil ocaqları öz qapılarını muxtar respublikamızın daha da qüdrətlənməsi naminə çalışmaq arzusunda olan, bu arzunu gerçəkləşdirmək üçün elm və bilik öyrənməyə tələsən şagird və tələbələrin üzünə açır. Hər ötən təhsil ilini yeni-yeni uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan - Bilik Günündən qoyurlar. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi övladını ilk dəfə məktəbə göndərən hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. Bu inamın, əminliyin qazanılması üçün böyük zəhmətlər çəkilmişdir.

Bu il məktəblərə ilk dəfə gedənləri, ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930