SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan dövlətinin yaradılması ilə bağlı Böyük Britaniya arxivlərinə baxış- Emin Arif yazır...

Ermənistan dövlətinin yaradılması ilə bağlı Böyük Britaniya arxivlərinə baxış- Emin Arif yazır...
4-07-2020, 20:31

Son dövrlərdə elmi dairələrdə İrəvan məsələsi, Ermənistan dövlətinin qurulması məsələsi ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Lakin təəssüf ki, bu barədə ya Osmanlı dövləti ittiham olunur, ya da Cümhuriyyət liderləri günahlandırıır. Ola bilsin ki, müəyyən vəzifəli şəxslərin və ya hansısa müəyyən pərəst qüvvələrin marağı ola bilərdi. Amma ümumilikdə bir dövləti və liderləri ittiham etmək doğru yanaşma deyildir. Sual olunur: Ermənistan dövlətini yaratmaqda Osmanlının və Cümhuriyyət liderlərinin nə marağı ola bilərdi? Yəni bu düşüncə nə qədər məntiqlidir? Heç kim nədənsə çıxıb demir ki, İngiltərə Osmanlını yıxıb, onun torpaqları üzərində ayrı-ayrı dövlətlər yaradaraq özündən asılı vəziyyətə salmaq istəyirdi. Onun bu torpaqlarda nə işi var idi, İstanbul niyə işğal olunmuşdu? Ermənistanı niyə yaratmaq istəyirdi? Bu barədə niyə Osmanlıya diktə edir və niyə Osmanlıya təzyiqlər göstərirdi? İngiltərənin Bakıda nə işi var idi? Niyə Bakı işğal olunmuşdu? Eyni zamanda ingilislər niyə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı işğal edərək burada general-qubernatorluq yaratdılar? Onlar nəyə görə Naxçıvanı ermənilərə vermək istəyirdilər? Bəli, nədənsə İngiltərə görməzdən gəlinir?

Qeyd etmək lazımdır ki, Böyük Britaniya arxivlərində yer alan sənədlər tarixi reallıqların ortaya çıxarılması və araşdırılan problemin daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsi baxımından olduqca vacibdir. Bu materiallar Pantu­ranizm ideologiyasının ortadan qaldırılmasında ermənilərdən baryer olaraq istifadə edildiyini, Türkiyə ilə Azərbaycan, dolayısı ilə Türk Dünyası arasındakı əlaqələrin kəsilməsi hesaba qatılaraq Ermənistan dövlətinin yaradılmasının Antanta dövlətlərinin birbaşa maraqları daxilində olduğunu, bu məqsədlə maliyyələşdirilən və hərbi baxımdan silahlandırılan erməni dəstələrinin 1917-1920-ci illər arasında Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda yerli əhaliyə qarşı sistemli soyqırımı siyasəti yeritdiklərini sübut edir.

İngiltərənin Azərbaycanla bağlı geosiyasi maraqları, ümumilikdə Qafqaz siyasəti “tarixi Şərq məsələsi”nin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməlidir. İnkaredilməz həqiqətdir ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. Hal-hazırda dünyada baş verən hadisələrdə, böyük güclərin geosiyasi maraqlarında da bu amilləri müşahidə etmək mümkündür. Günümüzdə böyük güclərin geosiyasi maraqlarının rallaşdırılmasında Əl-Qaidə, İşid, Boko Haram və s. kimi terrorist təşkilatların oynadığı rolu XIX əsrin sonu – XX əsrin əvvəllərində Armenakan, Hnçaq, Daşnaksütyun kimi  erməni terror təşkilatları oynayırdılar. Metodlar eynidir, sadəcə olaraq günümüzdə rollar dəyişib. XX əsrin əvvəllərində İngiltərənin istər Osmanlı ərazilə­rində, istərsə də Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçir­məsində başlıca rol oynayan amillərdən biri də heç təsadüfi deyildir ki, məhz ermənilər olmuşdur. Qeyd etmək lazımdır ki, ermənilər XIX əsrin sonları və XX əsrin əvvəllərində İngiltərənin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, öz növbə­sində dünyanın bu böyük gücündən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan Dövləti” üçün öhdəliklər də tələb etmişdilər. Yəni ingilis-erməni əlaqələrini bir növ “qarşılıqlı istifadə və faydalanma” münasi­bətləri çərçivəsində xarakterizə etmək olar. Qeyd olunduğu kimi, İngiltərə “erməni məsələsi”nin ortaya çıxmasında və millətlərarası problemə çevrilməsində başlıca rol oynamış, özünün Osmanlı torpaqları ilə bağlı ekspansionist siyasətində, o cümlədən Cənubi Qafqazla bağlı geosiyasi maraqlarında ermənilərdən əsas vasitə kimi istifadə etmişdir.

Bu təşviq hərəkətlərinin pərdə arxası nə idi? Ermənilərin vəziyyəti ingilisləri bu qədər yaxından maraqlandırırdısa, nəyə görə Osmanlı torpaqları üzərində özündən asılı milli dövlətlər yaratma siyasətinə uyğun olaraq Şərqi Anadoluda bir erməni dövlətini qurmadı? Osmanlı İmperiyasını parçalayaraq onun torpaqları üzərində mandatlıq rejimi ilə özündən asılı çox sayda dövlətlər (ərəb dövlətləri – E.A.) yaradan İngiltərə baxımından bu ərazidə “erməni dövləti”nin yaradılması çətin idimi? “Erməni dövləti”nin yaradılması planının Cənubi Qafqaza ixrac edilməsinin əsas səbəbləri nə idi? Bu suallara cavab verə bilmək üçün o dövrün siyasi proseslərini diqqətlə təhlil etmək lazım gəlir.

Geostrateji baxımdan Cənubi Qafqaz İngiltərə üçün böyük əhəmiy­yətə malik idi. Xüsusilə Azərbaycan, onun iri sənaye-maliyyə mərkəzi olan Bakı üzərində nəzarətin ələ keçirilməsi və Xəzər limanının zəbt olunması cəhdləri ingilis siyasətinin ənənəvi və prioritet istiqamət­lərindən idi, eyni zamanda onun ümumilikdə Avrasiya ilə bağlı əsas geosiyasi konsepsiyasına uyğun gəlirdi. Xəzər dənizinə sahib olmaq təkcə Qafqaza deyil, eyni zamanda Mərkəzi Asiyada nəzarət qazanmaq, Hindistana gedən yolu qorumaq demək idi. Lakin 1917-ci ildə Rusiyada baş verən hadisələr nəticəsində Qafqaz Osmanlı dövləti üçün açıq dəhlizə çevrildi. Meydana gələn proseslər türklərə Qafqaz vasitəsilə İrana və Orta Asiyaya girmək üçün əlverişli imkan yaratmış, Hindistan təhlükə altına düşmüşdü. Çar Rusiyasında ortaya çıxan qarışıqlıqlar türklərə öz plan­larını tətbiq etmək üçün bir fürsət yaratmış, Pantürkist (və ya Turançılıq) arzuların reallaşması üçün də bir yol açılmışdı. XX əsrin əvvəllərində Türkiyənin siyasi və ictimai xadimləri arasında Osmanlı dövlətinin tənəzzülünün qarşısını almaq məqsədilə hə­yata keçirilməli olan siyasi tədbirlərlə bağlı gərgin müzakirələr gedirdi. İttihadçılar iqtidarı ələ keçirdikdən sonra “Osmançılıq, İslamçılıq və Türk­çülük” cərəyanlarının hər üçünə əsaslanan bir siyasət yeritməyə başladılar. Lakin Birinci Dünya müharibəsi başladıqdan sonra inkişaf edən proseslər nə Osmançılığın, nə də İslamçılığın reallaşmasının müm­kün ola bilməyəcəyini ortaya qoydu. Müharibə irəlilədikcə, ərəblərin ingi­lislərə, ermənilərin də Antanta dövlətlərinə yaxınlaşmalarını görən rəhbərlik bütün diqqətini Qafqaz və Orta Asiyaya yönəldərək, dövlətin rəsmi ideologiyası olaraq Türküçülük, daha doğrusu Turançılıq xəttini qəbul etdi. Digər tərəfdən, o dövrün məşhur türkçülərindən Yusif Akçura, Məmməd Emin Əfəndi, Halide Edip, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp və başqalarının “İttihad və Tərəqqi” Partiyasına daxil olmaları, türkçülük ideologiyasının partiya tərəfindən mənimsənilməsi Osmanlı dövlətinin xarici siyasətinə əsaslı təsir göstərmiş və xarici siyasətin “Turançılıq” üzərində qurulub möhkəmlənməsinə gətirib çıxarmışdı. Qeyd olunduğu kimi, 1917-ci ildə Rusiyada meydana gələn qarışıqlıqlar türklərə öz planlarını və Pantürkist ideyalarını tətbiq etmək üçün bir fürsət yaratmış, beləliklə, Qafqaza və Xəzər ətrafına, oradan da Orta Asiyaya doğru irəliləmə ehtimalı daha da güclənmişdi. Şərqdəki ingilis maraqları baxımından ciddi təhlükə kəsb edən bu proseslər, Türkiyə, Azərbaycan, İran, Əfqanıstan və Orta Asiya türklərinin birliyi əsasında dünyanın siyasi sistemində çox güclü bir Türk-İslam ittifaqının meydana gəlməsi ehtimalı İngiltərəni müəyyən tədbirlər almaq məcburiy­yəti qarşısında qoydu. Çünki belə bir ehtimalın reallaşması İngiltərənin maraqlarına həm Orta Asiyada, daha sonra isə Cənubi Asiyada zərbə vura bilərdi. Panturanizm təhlükəsi ilə qarşılaşan İngiltərə Qafqazı strateji baxımdan İran, Əfqanıstan və daha da önəmlisi Hindistandakı iqtidarı üçün həyati dərəcədə əhəmiyyətli hesab edirdi. Yaxın gələcəkdə türk hegemonluğunun qurulması ehtimalı nəzərə alınaraq, İngil­tərənin Asiyadakı mövqeyi baxımından real təhlükə mənbəyinin aradan qaldırılması üçün mütləq şəkildə Türkiyə ilə Türk Dünyası ara­sında bir sədd yaradılmalıydı. Məhz bu baxımdan baş verən proseslər qarşısında lazımi tədbirlər alınmalıydı.

İngiltərə hökuməti Türkiyə ilə Türk Dünyası arasındakı yeganə baryerin ermənilər olduğunu anlamışdı. Bu səbəbdən Qafqazı türk ordu­larına qarşı müdafiə etmək üçün tərcih edilən millət ermənilər oldu. Məş­hur ingilis tarixçisi, Birinci Dünya müharibəsi dövründə Hərbi Nazirliyin nəzdində fəaliyyət göstərən Təbliğat Bürosunun tanınmış nümayəndə­lərindən olan Arnold Toynbi İngiltərənin Xarici İşlər Nazirliyinin nüfuzlu əməkdaşlarından cənab Kidstona yazırdı ki, “bizim siyasətimiz erməniləri türk boyunduruğundan xilas etməkdir. Bu ba­xımdan mənafelərimizdən biri fəal şəkildə Turan hərəkatına mane olmaqdır”.

Nəticədə, İngiltə­rənin Hərbi Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul etdi. Bununla yanaşı, İngiltərənin Hərbi Kəşfiyyat fondlarından da erməni­lərə pay ayrıldı.

Qeyd etmək lazımdır ki, pul, qızıl, müxtəlif silah və sursatlar ermənilərə Panturanizm təhlükəsinə qarşı baryer təşkil etmək üçün verilirdi. Panturanizm təhdidinə qarşı ermənilərdən istifadə siya­səti Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislə­rinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgə­lərdə pul, silah və sursat tədarükü ingilis siyasətinin maraqları daxi­lindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvə­lərindən gələcəkdə türklərin diz çökdürülməsi üçün faydalanmaq olar”

İngilislərin bu dəstəyi sayəsində külli miqdarda silah və sursat təmin edən ermənilər Azərbaycanın bir çox bölgələrində ciddi etnik təmizlik siyasəti gerçəkləşdirdilər. Xüsu­silə Naxçıvanda, Zəngəzurda, Qarabağda və s. bölgələrdə törədilən qır­ğınlar erməni silahlı dəstələrinin rəhbəri kimi, adı sonraları erməni milli qəhrəmanı kimi özdəşləşən Andranik Ozanyan və onun kimi radikal türk düşmənçiliyi ilə tanınan Nijde, Dro, Doluxanyan və s. rəhbərliyi altındakı erməni gücləri tərəfindən həyata keçirilmişdi.

Düzdür, İngiltərə qarşılıqlı istifadə və faydalanma münasibətləri çərçivəsində vəd etdiyi “Böyük Ermənistan” dövlətini yaratmasa da, Türkiyə ilə Türk Dünyası arasında tampon dövlət olaraq müstəqil daşnak Ermənistan dövlətinin qurulmasında bilavasitə yaxından iştirak etmiş, ümumtürk birliyi arasına baryer kimi erməniləri yerləşdirərək öz milli və geosiyasi maraqlarına uyğun olaraq Panturanizmin qarşısına sədd çəkmiş, beləliklə, öz vəzifəsini tamamlamışdır. Digər bir ifadəylə, Ermənistan döv­lətinin qurulması İngiltərənin, ümumilikdə Antantanın məqsədləri içə­ri­sində olub, Panturanizm təhlükəsinə qarşı baryer kimi “əsas maneə” rolunu oynamış və bu yolda milyonlarla sterlinqlər xərclənmişdir. 1918-ci ilin oktyabr ayında İngiltərənin Xarici İşlər naziri Artur Balfur tərəfindən erməni milli nümayəndəsinin rəhbəri Poqos Nubar paşaya ünvanlanan yazıda qeyd olunurdu ki, Ermənistan dövlətinin yaradıl­ması Antantanın, xüsusilə İngiltərənin müharibə məqsədlərindən biri­dir. Bu yazı açıq bir etirafdır.

Qeyd edək ki, bu məlumatlar təfsilatlı şəkildə “İngiltərənin geosiyasi maraqlarında erməni məsələsinin yeri və Azərbaycana təsiri (1917-1920). Böyük Britaniyanın arxiv materialları əsasında” adlı əsərimizdə öz əksini tapdığından detallı şəkildə bəhs etmək niyyətində deyilik. Maraqlananlar bu əsəri əldə edib oxuya bilərlər.  

Ümumiyyətlə, məsələnin mahiyyətinə endikcə aydın olur ki, Antantanın, xüsusilə də İngiltərənin iradəsi olmasaydı, erməni dövlətinin qurulmasından və mövcudiyyətindən söhbət gedə bilməzdi. Bu barədə fransız tədqiqatçısı Jorj de Malevil də “1915-ci il erməni tragediyası” adlı əsərində göstərir: “İngiltərənin iradəsi ilə çar imperiyasının xarabalıqları üzərində qurulub qısa bir ömür (1918-1920) sürən erməni respub­likası, bütün tarixi boyu mövcudiyyəti qeydə alınan yeganə müstəqil erməni dövləti idi”.

Göründüyü kimi, müstəqil daşnak Ermənistan dövləti məhz İngiltərənin geosiyasi maraqlarına uyğun olaraq onun iradəsi ilə yaradılmışdır. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, “Böyük Ermənistan” ideyası ilə yaşayan radikal erməni millətçilərinin düşün­cəsinin əksinə olaraq, müstəqil Ermənistan dövləti Osmanlı İmperi­yasının ərazilərində deyil, Cənubi Qafqazda qurulmuşdur. Bunun da müəyyən səbəbləri var idi. Əgər “Böyük Ermənistan” dövləti Şərqi Anadoluda yaradılsaydı, bu dövlət İngiltərənin deyil, Rusiyanın nəza­rəti altına keçə bilərdi. Rusiyanın 1828-ci ildə “Erməni vilayəti”nin əsa­sını qoymaqla gələcəkdə ondan hücum mərkəzi olaraq düşünməsini, “erməni kartı”ndan yararlanaraq gələcəkdə Osmanlı dövlətini parçala­maq, Şərqi Anadoluda yaşayan erməniləri müstəqillik və “Böyük Ermə­nistan” vədləri ilə qızışdıraraq, onları öz himayəsi altında bir araya gətirə­rək Osmanlı ərazilərinə yiyələnmək arzusunda olması faktlarını xatır­latmaq kifayətdir. Bu ehtimalı nəzərə alan İngiltərə Osmanlı torpaq­larını öz nəzarətində saxlaya bilmək üçün Erməni dövlətinin qurul­ması məsələsini Cənubi Qafqaza ixrac etmişdir. Beləliklə, İngiltərə Türkiyə ilə Türk Dünyası arasında tampon dövlət olaraq müstəqil daşnak Ermənistan dövlətinin qurulmasında bilavasitə yaxından iştirak etmiş, ümumtürk birliyi arasına baryer kimi erməniləri yerləşdirərək öz milli və geosiyasi maraqlarına uyğun olaraq Panturanizmin qarşısına sədd çəkmiş, Ermənistan dövlətini yaratmaqla Türk Dünyasının bağrına bir xəncər saplamış, beləliklə, öz vəzifəsini tamamlamışdır. Heç şübhəsiz ki, geo­siyasi maraqların toqquşmasının nəticəsi olaraq Ermənistan dövlətinin yaradılması o tarixdən günümüzə qədər Azərbaycan üzərində ağır dərin izlər buraxmışdır.

Emin Arif Şıxəliyev

Tarix üzrə elmlər doktoru

AMEA Naxçıvan Bölməsi

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31