SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda isti yayın sərin təamları-FOTO

Naxçıvanda isti yayın sərin təamları-FOTO
27-06-2020, 10:08

Hələ qədim zamanlardan xalqımız sahib olduğu zəngin süfrə mədəniyyəti ilə tanınıb. Əsrlər boyu süfrəmiz yurdumuza gələn qonaqlarda böyük maraq doğurub. Əminliklə demək olar ki, dünyanın əksər ölkələrində mətbəx, süfrə, kulinariya anlayışları tam formalaşmamışkən Azərbaycan mətbəxi günü-gündən yeni, ləzzətli, üstəlik çoxsaylı yemək növləri ilə tanınıbdır. Azərbaycan kulinariyasında bütün bölgələrimizin özünəməxsus yeməkləri, birbirindən ləzzətli naz-nemətləri var. Bölgələrimiz iqlim şəraitinə, flora və faunasına, coğrafi mövqeyinə görə fərqləndiklərindən mətbəxlərindəki müxtəlifliklər də təbiidir.

Muxtar respublikamız da mətbəxinin zənginliyinə, özünəməxsusluğuna, heyrətamiz dadına görə ad-san qazanıb. Bu mətbəxdə yer alan saysız-hesabsız yeməkləri, şirniyyatları, çərəzləri, mürəbbələri,şərbətləri sadalamaqla bitməz. Bu torpaqda bitən hər şey sanki xüsusidir, təkrarsızdır. Meyvə, tərəvəz, göygöyərti hər yerdə bitsə də, bu yurdda yetişdirilən məhsullar digərlərindən seçilir. Həmin məhsullardan hazırlanan yeməklər isə daha ləzzətli olur. Rayonumuzda da hər mövsümə uyğun olaraq fərqli-fərqli yeməklər bişirilir. Təbii məhsullarla zəngin olan süfrələrimizdə hər nemətin öz yeri, öz dadı var. Yay süfrələrimizi süd məhsullarından hazırlanan nemətlərsiz təsəvvür etmək olmaz. Süd və süd məhsullarından hazırlanan nemətlər süfrələrdə yaz-yay aylarında daha çox görünməyə başlayır ki, südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı və qurutaşı kimi yeməklərimizin adı hər birimizə yaxından tanışdır. Bu nemətlər insan orqanizminə çox faydalı olmaqla bərabər həm də yay aylarında sərinləşdirici kimi də istifadə edilir.

Mətbəximizin elə yeməkləri var ki, onların süfrəyə qoyulmasının məqamı yoxdur. Bütün quru yeməklərin yanında süfrəyə qoyulan soyuq yeməklərdən olan qatıqaşı və dovğanın xüsusi yeri var. Qatıq yeməkləri dədə-babadan süfrələrimizin ləziz yeməyi sayılıb. Yay süfrələrini qatıqsız təsəvvür etmək olmaz. Qatıqdan hazırlanan məhsullar yay boyu süfrələrimizi bəzəyir. Yay aylarının ən dadlı və sərin yeməyi qatıqdan hazırlanan ovduqdur. Böyükdən-kiçiyə hər kəsin sevdiyi bu yeməyi hazırlamaq o qədər də çətin deyil. Ovduq hazırlamaq üçün qatığın içərisinə duz atılıb açılana qədər çalınır. Pencərlərdən keşniş, şüyüd, göy soğan, azca sarımsaq balacabalaca doğranır, üzərinə xiyar çırtılır. Bunlar çalınmış qatığın içərisinə əlavə olunur. Azacıq su tökülür. Sərinləşdirici yemək kimi yeyilir. Ovduqdan çox vaxt qəlyanaltı yeməyi kimi də istifadə olunur. Qatıqla pərpərən qarışığı da yayın ən çox yeyilən sərin yeməklərdəndir. Qatığın içərisinə bişmiş pərpərən otu qatılır. Zövqə görə pencər də əlavə olunur. Bu yemək həm də allergiyası olanlar üçün ən ideal dərmandır.

Qatıqdan ən çox dovğa bişirilir. Dovğa hazırlamaq üçün götürülən qatıq azacıq un və yumurta ilə çalınır. Düyü və pencər ayrı qaynadılır. Normal temperaturda olan qarışım əvvəlcədən hazırlanmış qatığın içərisinə tökülür. Taxta qaşıqla qarışdırılır. Dovğanın dadlı olması üçün bişməsinə az qalmış içərisinə xama əlavə olunur. Dovğa soyuyanda zövqə görə duz vurulur. Dovğa hazırlayan zaman dağ və həyət pencərlərindən istifadə olunur. Əsasən isti yeməklərin yanında sərinləşdirici yemək kimi verilir. Qatıqaşı yay fəslində ən çox yeyilən yeməklər sırasındadır. Qatıqaşını hazırlamaq üçün yarma və yaxud düyü suya tökülür, üzərinə yuyulub doğranmış göyərti əlavə edilib qaynadılır. (göyərti quru olduqda əvvəlcədən isladılır, təzə göyərtilər isə düyü qaynadıqdan sonra əlavə edilir).

Bişdikdən sonra soyudulur, qatıq çalınıb durulaşdırılır və soyumuş qarışığın üzərinə tökülür, zövqə görə azacıq duz vurulur və qarışdırılır. (bəzi bölgələrdə bişirilmiş noxud da əlavə edilir). Göyərti kimi yabanı bitkilər (pencər) - unnuca, əməköməci, gicitkən, salmanca, mədəni bitkilər - yarpız, ispanaq, keşniş, adi çuğundurun yaşıl yarpaqları istifadə edilir. Rayonumuzun kəndlərində qatıqaşına tərxun, əvəlik, çobankibriti də qatırlar. Siz də mətbəxinizdə bu yeməklərdən istifadə edin ki, bədəniniz möhkəm, üzünüz təravətli, canınız sağlam və ən əsası isti yay günlərində “ürəyiniz” sərin olsun.  


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031