SON DƏQİQƏ

naxcivanxeberleri.com

18 yaşına çatmamış şəxslərin əməyindən istifadə qanunla necə tənzimlənir?-Müsahibə

18 yaşına çatmamış şəxslərin əməyindən istifadə qanunla necə tənzimlənir?-Müsahibə
2-06-2020, 17:00

Cəmiyyətin maddi əsasını insanların əmək fəaliyyəti təşkil edir. Əmək cəmiyyətin inkişafının təməli, insanların firavan həyatının ilkin şərtidir.

Bəs əmək hüququ dedikdə nə başa düşülür? Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması hansı hallarada mümkündür?

Mövzu ilə bağlı NAXCİVANXEBERLERİ.COM-un suallarını Culfa rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Afət Kərimli cavablandırıb.

-Afət müəllim, əmək hüququ dedikdə nə başa düşülür? Əmək hüququnun mənbələri hansı aktlardır?

-Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur. Əmək münasibətləri, bu münasibətlərdən törəyən digər münasibətlər əmək hüquq normaları ilə tənzimlənir. Həmin normalar müxtəlif normativ hüquqi aktlarla nəzərdə tutulur və müəyyənləşdirilir. Bu aktlar əmək hüququnun mənbəyi adlanır. Azərbaycan Respublikasının Konstitusiyası əmək hüququnun əsas mənbəyidir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində qeyd olunur:

Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vətəndaşın peşə və iş yeri seçməsi işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında hüquqi qaydada rəsmiləşdirilir. On beş yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin  tərəfi ola bilər.

Konstitusiyamızda əmək hüququ baxımından prinsipial əhəmiyyətə malik olan sadaladığımız bir sıra normalar qeyd olunaraq  əməyin tənzimlənməsinin başlıca və əsas prinsipləri müəyyən edilmişdir. Konstitusiyadan sonra əmək hüququ mənbələri sitemində Azərbaycan Respublikasının Əmək Məcəlləsi mühüm yer tutur. Əmək məcəlləsi sistemləşdirilmiş normativ aktdır. 1999-cu ilin fevralın      1-də qəbul olunan bu akt 1999-cu il iyulun 1-də qüvvəyə minmişdir. Bu kollektiv müqavilə, əmək müqaviləsi, iş və istirahət vaxtı, əməyin ödənilməsi, əmək intizamı, maddi məsuliyyət, Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, əməyin mühafizəsi və digər məsələri tənzimləyir.

-Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması hansı hallarada mümkündür? Bununla bağlı qanunvericilikdə hansı məhdudiyyətlər nəzərdə tutulmuşdur? Həmin şəxslər işə hansı qayadada götürülür?

-Azərbaycan Respublikası Konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan olunması, 15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etməsi birbaşa təsbit olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində isə bu kimi məsələlər “Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” adlandırılmış otuz səkkizinci fəslində daha da konkretləşdirilmişdir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur və işəgötürən tərəfindən yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir. yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri və təminatları barədə məlumat vermək istərdim. 

- əmək, peşə vərdişlərinin və əmək stajının az olması;

- fizioloji cəhətdən yetkin olmaması;

- 15 yaşınadək uşaqların işə qəbul edilməsinin yolverilməzliyi;

- yaşı 18-dən az olan işçilərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və di-gər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitə-lərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində əməyinin qadağan edilməsi;

- icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şa-mil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi;

- yaşı 18–dən az olan işçi tərəfindən müəyyən ağırlıqlı əşyaların əllə qaldırılaraq müəyyən yerə daşınması və ya müəyyən hündürlüyə qaldırılmasına məhdudiyyətlərin qoyulması;

- yaşı 18-dən az olan işçilərin məcburi qaydada tibbi müayinədən keçirilməsi;

- yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlərə yol verilməsi;

- yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının , habelə ezamiyyətə göndərilməsinin qadağan edilməsi;

- peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması səbəbindən yaşı 18-dən az olan işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin yolverilməzliyi;

- işəgötürənin hesabına peşə hazırlığının, ixtisasının artırılması, əmək və peşə vərdişlərinə yiyələnməsi üçün təminatlar;

- yaşı 18–dən az olan işçilərin attestasiya olunmaması;

- on səkkiz yaşına çatmamış işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ;

- yaşı 18-dən aşağı olan işçilər əmək məzuniyyətinin onlar üçün əlverişli olan vaxtda verilməsi.

Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə  iş vaxtı kimi nəzərə alınır. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər (AR ƏM-in 252-ci maddəsi).

Həmçinin yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz. Azərbaycan Respublikası Kostitusiyasının 17 maddəsində təsbit olunduğu kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsində də yaşı 15-dən az olan şəxslərin  işə qəbul edilməsinin yol verilməzliyi öz əksini tapmışdır.

-Əmək münasibətləri sahəsində yaşı 18-dən az olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilirmi?

-Əmək Məcəlləsinin 16-cı maddəsində göstərilir ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Eyni zamanda əmək məcəlləsinin 16-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Göründüyü kimi, yaşı 18-dən az olan şəxslər əmək münasibətlərində yaşlı işçilərlə bərabər tutulmasına baxmayaraq qüvvədə olan qanunvericilik onlar üçün bəzi təminatlar, güzəşt və imtiyazları təsbit etmişdir. Qanunvericilik belə təminatları müəyyən edərkən yaşı 18-dən az olan şəxslərin əmək, peşə vərdişlərinin və əmək stajının az olmasını, habelə onların fizioloji vəziyyəti ilə bağlı olan amilləri nəzərə almışdır.

-Yaşı 18-də az olan şəxlsərin əməyinin tətbiqinin qadağan olunduğu işlər vardırmı, əgər vardırsa bu işlər hansılardır? Yəni Yaşı 18-də az olan şəxlsər hansı işlərdə işləyə bilməzlər?

-Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi və icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağan edilmişdir. Həmçinin, qanunvericilikdə yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 58-ci maddəsinin 6-cı hissəsində qeyd olunur ki, yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər. Qeyd edim ki, Əmək Məcəlləsinin 91-ci maddəsində əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər  üçün  isə 36 saatdan artıq olmamalıdır. Eyni zamanda yaşı 18-dən az olan işçilərin  müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi və yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi də Əmək Məcəlləsi ilə qadağan edilmişdir. 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

  1. a) kişilərin başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
  2. b) qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
  3. c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

16 yaşadək qızlar yalnız onların razılığı ilə yuxarıda göstərilən «a», «b» və «c» bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər. Həmçinin yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Burada yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət hesab edilir.Onu da qeyd edim ki, yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşı             18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” 24 mart 2000-ci il tarixli 58 saylı Qərarında həmin işlərin məhz hansılar olması daha dəqiq göstərilmişdir.Yaşı 18-dən az olan işçilər üçün əməyin ödənilməsi sahəsində hər hansı güzəştlər və ya xüsusiyyətlər nəzərdə tutulmuşdurmu? Bu barədə məlumat verməyinizi istərdim.Yaşı 18-dən az olan işçilər üçün əməyin ödənilməsi sahəsində də müəyyən güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 253-cü maddəsinin birinci hissəsinə əsasən 18 yaşına çatmamış işçilərin Məcəllənin      91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir qeyd etdiyim bu xüsusatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 253-cü maddəsində qeyd olunmuşdur.  Onu da qeyd etmək lazımdır ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

-Yaşı 18-dən az olan işçilər qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlərmi? Bu zaman həmmin işçilər üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?

-Əmək Məcəlləsinin 110-cu maddəsində göstərilir ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Buradan da aydın olur ki, qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna hər kəs, həmçinin yaşı 18-dən az olan işçilər də malikdir. Əmək Məcəlləsinin 119-cu maddəsində yaşı 18-dən az olan işçilərin əmək məzuniyyətinin aşağı həddi müəyyən edilmişdir. Həmin maddədə qeyd olunur ki,  yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti — 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Eyni zamanda,  Əmək Məcəlləsinin 131-ci maddəsində işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlməsi göstərilmişdir. Lakin, qanunvericilikdə bu məsələ ilə bağlı da yaşı 18-dən az olan işçilər üçün güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsinin  “b”  bəndinə əsasən müəyyən olunur ki, on səkkiz yaşına çatmamış işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. Həmçinin, Əmək Məcəlləsinin 133-cü maddəsinin 3-cü hissəsinə əsasən yaşı      18-dən az olan işçilərə əmək məzuniyyəti onun arzusu ilə,  növbəlilik cədvəli nəzərə alınmadan onlar üçün əlverişli olan vaxtda verilə bilər.

-Qüvvədə olan əmək qanunvericiliyində yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsinin xitam edilməsi zamanı hansı təminatlar nəzərdə tutulmuşdur?

-Qüvvədə olan əmək qanunvericiliyi yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsinin xitam edilməsi zamanı da bəzi təminatları təsbit etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 255-ci madəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

-Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl olunmaması hər hansı məsuliyyətə səbəb olurmu?

-Bildirirəm ki, Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müvafiq inzibati məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Eyni zamanda həmin Məcəllənin 192.9-cu maddəsinə əsasən işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir.

 

Vəfa Qasımova

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031