SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda humanitar elmlərin inkişafı məsələləri- Əbülfəz Quliyev yazır...

Naxçıvanda humanitar elmlərin inkişafı məsələləri- Əbülfəz Quliyev yazır...
2-06-2020, 10:42

  Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın

 milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq.

 

   Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Elmlər Akademiyası  ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması və möhkəmləndirilməsi işinə sanballı töhfələr vermişdir. Milli Elmlər Akademiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.

1945-ci ilin 27 mart tarixində Elmlər Akademiyasının müstəqil bir qurum kimi təsis edilməsi xalqımızın ictimai inkişafı tarixində mühüm bir hadisə oldu.Bu elm ocağınıda bir neçə elm sahəsi, o cümlədən humanitar sahə üzrə Ədəbiyyat və Dil, İncəsənət tarixi institutları yaradıldı. Bu institutlar respublikamızda humanitar elmlərin inkişafında mühüm rol oynadılar. Ümummilli lider Heydər Əliyev  1969-cu ildə Azərbaycanın rəhbəri seçildikdən sonra elm sahəsinə diqqət daha da artırıldı, bölgələrdə elmin inkişafı diqqət və qayğı ilə əhatə olundu. Bu baxımdan 1972-ci ildə Naxçıvan elm mərkəzinin təşkili də ölkəmizin regional elmi inkişafına təkan verdi. Elm mərkəzində daha çox təbiət elmləri,qismən də arxeologiya və etnoqrafiya sahələrinin inkişafına üstünlük verilsə də, folklor toplamalarına da diqqət və qayğı göstərilirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan bölgəsində humanitar elmlərin inkişafına dövlət qayğısı daha da genişləndi. Belə ki, 1996-cı ildə keçirilmiş “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu bu sahədə yaddaqalan ilk tədbirlərdən biri oldu. Az sonra Ali Məclis Sədrinin təşəbbüsü, ulu öndərin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılmış AMEA-nın Naxçıvan Bölməsi regionun elmi inkişafında mühüm rol oynadı. Ulu öndər Azərbaycan Milli Elmlər Akademiyası  Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə demişdir: “Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan diyarın hərtərəfli öyrənilməsini, həm də milli mənafe və beynəlxalq tanıtma əhəmiyyəti kəsb edən tarixinin, ədəbiyyatının, mədəniyyətinin və digər sahələrinin tədqiq edilməsini başlıca zərurətə çevirir .

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün digər sahələrlə yanaşı, humanitar sahənin inkişafına da böyük qayğı göstərilir. Qədim Naxçıvan müstəqillik illərində, xüsusilə son iyirmi beş il ərzində hərtərəfli inkişaf yolu keçmiş, ədəbi-mədəni mühitin yeni yüksəlişinə nail olmuşdur. Naxçıvanda milli-mədəni ənənələr sədaqətlə qorunur, eyni zamanda müasir dünya mədəniyyətinə inteqrasiya da sağlam əsaslar zəminində həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında ədəbi-mədəni həyatın müxtəlif sahələrinin dünəni və bu gününü əks etdirən fundamental, ensiklopedik nəşrlərin hazırlanması, 2012-ci ilin “Milli dəyərlər ili” kimi qeyd olunması, xalq yaradıcılığı günlərinin keçirilməsi, mədəni-mənəvi sərvətlərimizin hərtərəfli şəkildə üzə çıxarılması, tanıtdırılması, qorunması, öyrənilməsi sahəsində görülən çoxşaxəli işlər hər bir vətəndaşın qəlbində qürur və minnətdarlıq duyğusu oyadır .

Bütün bunlara görə regionun maddi və mənəvi sərvətlərini daha effektli şəkildə öyrənmək akademiyanın Naxçıvan bölməsinin 6 elmi-tədqiqat müəssisəsi qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu elmi-tədqiqat institutlarından biri də İncəsənət, Dil və Ədəbiyyat İnstitutudur. 7 şöbəsi olan bu institutda bölgənin ədəbi və folklor mühitinin, onomastik mənzərəsinin, dialekt və şivələrinin,teatr və musiqi həyatının, incəsənət aləminin öyrənilməsi əsas istiqamətlər kimi fəaliyyət göstərir. 2003-cü ilin əvvəllərində bu institut biri elmlər namizədi olmaqla 4 elmi işçi ilə fəaliyyətə başlamış,bu gün institutda 13 əməkdaşın elmi dərəcəsi vardır. Keçən dövr ərzində Naxçıvan Bölməsində humanitar elm sahələri əhəmiyyətli dərəcədə inkişaf etmiş, müvafiq sahələrin araşdırılması istiqamətində xeyli iş görülmüşdür.

İnstitutun aparıcı tədqiqat sahələrindən biri olan Naxçıvan ədəbi mühiti çox zəngin ədəbi ənənələrə malikdir. Bu mühitdə Əziz Şərif, Məmmədcəfər Cəfərov, Abbas Zamanov, İsa Həbibbəyli kimi görkəmli elm adamları yetişmişdir. Qeyd edək  ki, muxtar respublikamızda bölmənin də hər il mütəmadi şəkildə fəal iştirak etdiyi Cəlil Məmmədquluzadə və Hüseyn Cavid günləri keçirilməkdədir. Həmin istiqamətdə bu böyük mütəfəkkirlərin ədəbi irsi geniş şəkildə araşdırılmış və “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”,“Hüseyn Cavid: taleyi və sənəti”,”Ərtoğrol Cavid:taleyi və sənəti” kitabları ərsəyə gəlmişdir. Bundan əlavə, Ali Məclis Sədrinin sərəncamları əsasında bu torpağın görkəmli yetirmələri olan Nemətullah Naxçıvani, Məhəmməd ağa Şahtaxtlı, Məhəmmədtağı Sidqi, Eynəli bəy Sultanov, Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov yaradıcılığı milli ideologiyamızın tələbləri səviyyəsində tədqiq olunmuş, bir sıra klassiklərin əsərləri toplanılaraq nəşrə hazırlanmış, ilk dəfə müasir ədəbi ictimaiyyətə çatdırılmışdır. Onu qeyd etmək kifayətdir ki, Mövlana Cəlaləddin Ruminin 3 cildlik “Məsnəvi” kitabı, Nemətullah Naxçıvaninin yenə 3 cildlik “Əl-fəvatih-ül ilahiyyə vəl- məfatihül-qeybiyyə” əsərləri dilimizə tərcümə edilərək nəşr edilmişdir. Eyni zamanda onu da qeyd edək ki, akademik İsa Həbibbəylinin C.Məmmmədquluzadəyə və  naxçıvanlı müasirlərinə həsr olunmuş fundamental tədqiqatları ədəbiyyatşünaslığımızı zənginləşdirən qiymətli əsərlərdir.

Ali Məclis Sədrinin iştirakı ilə Məhəmməd ağa Şahtaxtlının yubileyi ilə əlaqədar  Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər muzeyi, M.Sidqinin yubileyi ilə əlaqədar Ordubad şəhərində M.Sidqinin ev-muzeyi, M.Arazın yubieyi ilə əlaqədar Şahbuz rayonunun Nursu kəndində M.Arazın ev-muzeyi açılmışdır. Son illərdə ərsəyə gəlmiş  “Nuhçıxandan Naxçıvana”, “Şərq qapısı” və Naxçıvanda ədəbi mühit”, ”Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri”, “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı”, ”Naxçıvan aşıq ədəbi mühiti”, ”Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” və s. monoqrafiya və kitablar Naxçıvan ədəbi mühitinin daha geniş şəkildə öyrənilməsi işinə böyük xidmət nümunəsi sayılmalıdır. Həmçinin Naxçıvan elm adamlarımızın  Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə “Naxçıvan ədəbi mühiti” adlı irihəcmli monoqrafiya üzərində işi başa çatmaq üzrədir.

Naxçıvan qədim bir diyar kimi çox zəngin şifahi xalq ədəbiyyatı xəzinəsinə, folklor ənənələrinə sahibdir. Təsadüfi deyildir ki, diyarımızda 2009-cu ildən etibarən hər il Novruz bayramı şənliklərində xalq yaradıcılığı günləri keçirilir. 2012-ci il “Milli dəyərlər ili” elan edilmiş və bu tədbirlər Naxçıvan folklor mühitinin institutda geniş miqyasda öyrənilməsi işinə təkan vermiş, ”Naxçıvan folklor antologiyası” çoxcildliyinin nəşri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Şərur yallılarının öyrənilməsi haqqında qarşıya qoyulan vəzifəyə uyğun olaraq institutun Folklorşünaslıq şöbəsində bu istiqamətdə səmərəli tədqiqat işi aparılmış və “Köçəri yallısı” adlı kitabın nəşri qədim xalq oyunlarının,  rəqslərimizin öyrənilməsinə layiqli töhfə olmuşdur.

Naxçıvan dialekt və şivələrinin tədqiqi Azərbaycan Elmlər Akademiyasının yaranmasına çox borcludur. Belə ki, akademiya təşkil olunduqdan az sonra, keçən əsrin 50-ci illərində akademiyanın Dil və Ədəbiyyat İnstititu bir neçə il muxtar respublikanın yaşayış məntəqələrinə  dalbadal ekspedisiya göndərmiş, bölgənin dialekt və şivələrinə aid xeyli material toplanmışdır. Amma təəssüf ki, bir müddət bu işdə fasilə yaranmışdır. Naxçıvan Bölməsi yaradıldıqdan sonra bu sahə canlandırılmış, institutun Dilçilik şöbəsi qarşısında Naxçıvan dialekt və şivələrini əsaslı surətdə yenidən elmi şəkildə tədqiq etmək vəzifəsi qoyulmuşdur.  Keçən müddət ərzində  şöbənin əməkdaşları vaxtaşırı əraziyə elmi ekspedisiya təşkil etmiş, xeyli miqdarda dialekt materialı toplamış, bu materialları kameral şəkildə öyrənmişlər. Artıq bu tədqiqatın bəzi nəticələri kitab və monoqrafiya şəklində nəşr edilmişdir. Belə ki, “Naxçıvan dialekt və şivələrinin lüğəti”,  “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası”, “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri”,“Culfa şivələrinin fonetikası”, “Azərbaycan dilinin Naxçıvan dialektolji atlası” kimi dəyərli tədqiqat işləri işıq üzü görmüşdür. Eyni zamanda alimlərin Türkiyə və Almaniya nəşriyyatlarında işıq üzü görmüş “Naxçıvan dialekt və şivələri” adlı türkcə monoqrafiya (Nahçıvan ağzı), “Nahçıvan ağızlarının söz varlığı”,”Ortak türk kültüründə Naxçıvan ağızları”, «Фразеология Нахчыванского диалекта» kimi əsərləri beynəlxalq miqyasda elmi ictimaiyyətə təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, son dövrlərdə muxtar respublikanın digər elm və təhsil ocaqlarının alimləri də dialekt və şivələrimizin tədqiqi ilə məşğuldurlar. İndi tədqiqatçılar qarşısında Naxçıvan Muxtar Respublikasının qonşuluğundakı Cənubi Azərbaycana və Şərqi Anadoluya aid dialekt və şivələri öyrənmək vəzifəsi də dayanmaqdadır. Təsadüfi deyildir ki,bu sahədə bir fəlsəfə doktoru,bir elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Bu baxımdan “Azərbaycan dilinin Naxçıvan qrupu şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu şivələri ilə fonetik və leksik müqayisəsi”və  “Naxçıvan, Güney Azərbaycan və Şərqi Anadolu şivələrinin morfoloji xüsusiyyətləri” monoqrafiyalarının nəşri də diqqətəlayiq hadisə  sayıla bilər.

Məlumdur ki,Azərbaycanın ayrılmaz tərkib hissəsi olan türk oğuz yurdu Naxçıvanın 5000 illik şəhər mədəniyyəti olmuşdur.Bu diyarın qədim toponimləri özü də bir tarixdir.Ona görə də xain qonşularımız bu yer adlarının güya erməni mənşəli olduğunu iddia etmişlər. Məhz bölgənim toponimik mənzərəsini dərindən öyrənmək,saxta erməni iddialarına tutarlı və elmi şəkildə cavab vermək üçün institutda Onomastika şöbəsi yaradılmışdır. Bu şöbənin əməkdaşları həm elmi,həm siyasi cəhətdən böyük əhəmiyyətə malik olan araşdırmalar həyata keçirmiş,bu sahədə bir sıra monoqrafiyalar nəşr edilmişdir. Bu baxımdan “Qədim Şərur oykonimlərinin mənşəyi”,”Naxçıvan əhalisinin etnogenezi tarixindən”, “Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri”, “Naxçıvan oronimləri”, “Naxçıvan hidronimlərinin linqvistik xüsusiyyətləri” kimi monoqrafiyalar  Azərbaycan toponomika elmini nəzəri-təcrübi cəhətdən zənginləşdirməkdə özünəməxsus rol oynayır.

İnstitumuzda sənətşünaslıq məsələləri də geniş şəikldə tədqiq olunur. Bu baxımdan teatrşünaslıq məsələlərinin tədqiqi xüsusi yer tutur. Naxçıvan teatrının qədim tarixi vardır.Təsadüfi deyildir ki,2008-ci ildə bu mədəniyyət ocağının 125 illiyinin qeyd olunması haqqında imzalanmış  sərəncam və tədbirlər planı əsasında muxtar respublikada bu əlamətdar hadisə geniş şəkildə qeyd edilmişdir. Naxçıvanın elm adamları, institutun əməkdaşları da bu sahədə öhdələrinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirmişlər. Belə ki, “Naxçıvan teatr salnaməsi”,”Naxçıvan teatrının intibah dövrü”, ”Naxçıvan teatrı müstəqillik illərində”,”Cavid poeziya teatrı” adlı fundamental kitabların nəşri teatrşünaslığın inkişafına mühüm töhfə olmuşdur.

Sənətşünaslığın diğər bir istiqaməti, kadr problemi olmasına baxmayaraq -rəssamlıq sahəsində də digər qurumların,eləcə də İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  apardığı işlər də diqqəti cəlb edir. Naxçıvanda rəssamlıq sənətinin şanlı tarixi vardır. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin 100 illiyi haqqında Ali Məclis Sədrinin imzaladığı sərəncam əsasında görkəmli rəssamın yaradıcılığı dərindən araşdırılmış, Naxçıvanda Bəhruz Kəngərlinin heykəli ucaldılmış, muzeyin fəaliyyəti genişləndirilmiş, ”Bəhruz Kəngərli:taleyi və sənəti”,”Bəhruz bəy Kəngərlinin taleyi” kitabları nəşr edilmişdir. Eyni zamanda bu torpağın yetirmələri Şamil Qazıyev və İbrahim Səfiyev kimi görkəmli fırça ustalarının  muxtar respublikada yubileyləri qeyd edilmiş, onların mədəni irsi tədqiq olunmuş, ”İbrahim Səfi:albom-kataloq” kitabı nəfis şəkildə nəşr edilmişdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda görkəmli musiqişünas, bəstəkar,”Əlvan çiçəklər” ansamblının bədii rəhbəri Məmməd Məmmədovun anadan olmasının 100 illiyi muxtar respublikada geniş şəkildə qeyd edilir. Bu münasibətlə instititumuzda məqalələr nəşr edilmiş,konfrans keçirilməsi nəzərdə tutulmuşdur.

Muxtar respublikada “Naxçıvanın milli geyimləri” kitabı nəşr olunmuş, xalçaçılıq sənətinin inkişafına göstərilən diqqət və qayğı sayəsində Xalçaçılıq muzeyi yaradılmış,Xalçaçılıq fabrikası təşkil olunmuş, “Naxçıvan xalçaları:ənənə və müasirlik” əsəri hazırlanmış, xalça və memarlıq abidələri üzərindəki ornamentlər tədqiq edilmişdir.

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən elm adamları  bölgənin ədəbi-mədəni mühitinin tarixini, yetirmələrinin irsini,   folklorunu, dialekt və şivələrini, müxtəlif sənət sahələrini və s. geniş şəkildə öyrənməklə yanaşı, filologiyanın, sənətşünaslığın və digər humanitar elmlərin başqa problemlərinə də diqqət yetirmiş, dəyərli tədqiqatlar aparmışlar. Xüsusən qədim türk yazılı abidələrinə, onomastikasına, ədəbi dil məsələlərinə,  ədəbiyyat nəzəriyyəsinə, ədəbi əlaqələrə dair ölkəmizdə aparılmış diqqətəlayiq tədqiqatlar sırasında Naxçıvandakı elm adamlarının əsərləri də özünəməxsus yer tutur.

Naxçıvandakı humanitar elmlərin nümayəndələri artıq respublikada tanınmış mütəxəssis kimi qəbul edilir. Bu elm adamlarının bir neçəsi Bakıda dissertasiya şurasının,əlaqələndirmə şuralarının ,sanballı elmi jurnalların redaksiya heyətlərinin üzvü olaraq fəaliyyət göstərir. Opponent olaraq gənc kadrların hazırlanmasında iştirak edirlər.

Kadr hazırlığı bölmənin,institutun qarşısında duran gündəlik işlərdən biri olmuşdur. Ali Məclis Sədrinin yaxından köməyi ilə 1997-ci ildə Naxçıvanda humanitar elmləri əhatə edən ilk dissertasiya şurası təşkil edilmişdir.Bu dissertasiya şurasının kadr hazırlığı sahəsində  böyük rolu olmuşdur.İndiyə qədər bu dissertasiya şurasında 150-dən artıq dissertasiya işi müdafiə edilmiş,filologiyaya aid onlarla gənc kadr hazırlanmışdır.Ali Məclis Sədrinin sərəncamı ilə yaradılmış Elmin inkişaf Fondu elmi tədiqat işlərinin sürətləndirilməsi işinə böyük kömək olacağı şübhəsizdir.

Naxçıvan diyarında  elmin inkişafı həmişə dövlət qayğısı ilə əhatə olunmuşdur.Təsadüfi deyildir ki, Naxçıvan Muxtar Respublika Ali Məclisinin VI çağırış I sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov  demişdir: ”Bundan sonra da muxtar respublikada elm və təhsilin inkişafı əsas istiqamət kimi götürüləcəkdir. Tədqiqatların əhatə dairəsi genişləndirilməli, Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyası sürətləndirilməlidir”.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Naxçıvan Bölməsində, eləcə də əməkdaşı olduğum elmi qurumda xarici ölkələrdə elmi məqalə nəşr etdirmək, beynəlxalq əlaqələri daha da genişləndirmək üçün bütün qüvvələri səfərbər etməyə səy göstərilir.Son dövrlərdə İncəsənət,Dil və Ədəbiyyat İnstitutu ilə Türkiyə Respublikasındakı Türk Dil Qurumu təşkilatı və Şimali Makedoniya Respublikasındakı “Vizion” Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanması beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə böyük ümid bəsləyirik.

Beləliklə, AMEA-nın 75 illiyi çərçivəsində muxtar respublikada humanitar elmlər dövlətin diqqət və qayğısı ilə yüksək  templə inkişaf etməkdə və irəliləməkdədir.

 

 

    Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031