SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanın nadir dərman bitkiləri-FOTO

Naxçıvanın nadir dərman bitkiləri-FOTO
3-05-2020, 13:50

Təbiətin oyanması ilə dağları, düzənlikləri yaşıl örpəyə bürüyən bitkilər sadəcə gözəllikləri ilə deyil, insan sağlamlığına müsbət təsir xüsusiyyətləri ilə də diqqəti çəkir.Günəş şüalarının  bolluğu, atmosfer dövranının mürəkkəbliyi, relyefinin isə xeyli müxtəlif olması ilə səciyyələnən Naxçıvanın flora tərkibində dərman bitkiləri xüsusi yer tutur

Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif  xəstəliklər zamanı sağalmağa kömək edirlər. Belə bitkilər dərman bitkiləri adlandırılır. Dərman bitkilərinin tərkibində olan təsiredici maddələrin miqdarı həmin bitkilərin inkişaf dövrü ilə əlaqədardır. Təsiredici maddələr, adətən, dərman bitkilərinin müəyyən hissələrində-köklərində, gövdələrində, yarpaqlarında, çiçəklərində müxtəlif vaxtlarda, müxtəlif  miqdarda  olur. Buna görə də bitkilərdə olan dərman xammalının ancaq lazımi hissələri toplanaraq tədarük edilir. Muxtar respublikada  dərman bitkiləri növləri və çoxluğu ilə diqqət çəkir. Naxçıvanın nadir və müalicəvi əhəmiyyətli bitkiləri haqqında məlumata sahib olmaq vacibdir.

Elmdə  Fumaria  adı ilə tanınan, 60 növü olan Şətərə Ordubad şivəsində  şətərə, Şərur şivəsində isə şatarə olaraq bilinir. Dünyada  “Qırmızı Kitab” siyahısında olan bu bitkiyə  isti və quraqlıq bölgələrdə daha sıx rast gəlinir ki, Naxçıvan iqlimi də şətərə üçün uyğundur. Çox yarpaqlı, balaca, ağ, bənövşəyi və ya çəhrayı rənkli çiçəkləri olan bir illik bitki cinsidir. Ən əsası müalicəvi şətərə (Fumaria officinalis) yurdumuzda yetişir.  Şətərə (Fumaria officinalis) 20-60 santimetr  boyunda dərman bitkisidir. Bitkinin tərkibində tanin, şəkər, fumarin və fumar turşusu var. Bu da bir çox xəstəliyin müalicəsində əhəmiyyətlidir. Öd kisəsinin sekresiyalarını artırmaqla öd kisəsi problemlərinin müalicəsində istifadə olunur. Dəri xəstəlikləri üçün müalicəvi təsir göstərən şətərə qaşıntı zamanı istifadə edilə bilər. Damar sərtliyinin, qaraciyərin müalicəsində də istifadə olunduqda effektli nəticə əldə etmək olur. Müvafiq dozalarda istifadə edildikdə, mədə ağrısı şikayətlərini aradan qaldırmağa kömək edir. Sədəf, egzama, hemoroid kimi xəstəliklərin müalicəsində də əhəmiyyətli yer tutur. Üz və bədəndəki sızanaqların müalicəsində istifadə edilə bilər. Müalicəvi əhəmiyyəti yüksək olan bu bitkinin araşdırılmasında daha çox diqqət yetirilməli və təbabətdə geniş istifadəsinə şərait yaradılmalıdır.

Şimal yarımkürəsinin mülayim qurşağında 100-dən artıq növü olan boymadərən bitkisinin Azərbaycanda 14 növü məlumdur.  Azərbaycanda ağ və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibbdə ağ boymadərən tətbiq olunur. Naxçıvanın dağlıq ərazisində yayılan  Achillea millefolium elmi adı ilə bilinən adi boymadərən  (qanotu) bitkisi farmakopeyaya daxil olan rəsmi dərman bitkidir. Yerüstü hissəsi və çiçəklərindən istifadə olunan bitkidən, həmçinin cövhər və dəmləmə kimi istifadə olunur. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda geniş istifadə edilən bitki antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Bu təsirləri mədə, ürək, böyrək və böyrək daşı, sidik kisəsi, bronxial astma, dəri, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, malyariya, qadın, revmatizm, stomatit, allergiya, ateroskleroz və bədxassəli şişlərə qarşı müalicədə əsaslı rol oynayır. Bunlarla bərabər, sinir sisteminə müsbət təsir göstərir. Boymadərən çayı qəbul etdikdən sonra  ümumi emosional vəziyyət yaxşılaşır, depressiya, nevroz, stress və həddən artıq gərginlik aradan qaldırılır. Bundan əlavə, onlar yuxuya faydalı təsir göstərir, yuxusuzluq  problemini aradan qaldırır. Dərinin təmizlənməsində, elastikliyinin və möhkəmliyinin artırılmasında, eləcə də saç diblərinin və dırnaqların gücləndirilməsində də əhəmiyyətli rol oynayır. Güclü təsir qüvvəsinə malik olan bitkidən hamiləlik dövründə istifadə edilməsi məsləhət görülmür.

Bir digər nadir  dərman bitkisi olan, elmə “Echinopsilon” adı ilə bilinən tıs-tıs bitkisi boz-sarı-yaşıl rəngli çiçəkləri olub, yumru formada, sıx yarpaqlı, uzaqdan dağ daşlarına bənzər dağ çiçəyidir. Ən çox Ordubad, Şahbuz, Kəngərli, Babək və Sədərək rayonlarındakı uca dağlarda bitir. Çiçəkləmə müddəti iyun-avqust aylarında olub, həşəratları özünə cəlb edir. Heyvanlar tərəfindən yeyilmir.Xalq təbabətində yarpaq və çiçəklərindən xüsusi məlhəm (balzam) hazırlanılır. Tıs-tıs bitkisinin bir növü olan kirpiyə bənzər tıs-tıs  xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayır, tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarının dağ yamaclarında yayılmışdır ki, bunun  da müalicəvi əhəmiyyəti var.

Gəvən (Astagalaus) bitkisi  Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz, rayonlarındakı yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır. Xalq təbabətində çiçək və yarpaqları ürək-damar xəstəliklərinə qarşı dəmlənib içilən bitki  70-80-ci illərdə əhali tərəfindən kütləvi surətdə toplandığından nəsli kəsilmək təhlükəsindədir. Muxtar Respublikanın bütün rayonlarında, xüsusilə, düzənlik-çəmən sahələrdə yayılmış olan bir digər dərman bitkisi isə Süddüyən otu (Euphorbia) xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəyi, yarpaqları və gövdəsində zəhərli maddə (yapışqanlı süd mayesi) olduğundan onun yalnız köklərindən istifadə edilir.

Qeyd etmək lazımdır ki, bunlarla bərabər, yulğun, pişpişə, sumaq, zirinc, gülxətmi və kəklikotu kimi nadir və müalicəvi əhəmiyyəti yüksək olan bitkilər də muxtar respublikanın təbiətini zənginləşdirir.

 

Vəfa QASIMOVA

Naxçıvanın nadir dərman bitkiləri-FOTO




Naxçıvanın nadir dərman bitkiləri-FOTO
Naxçıvanın nadir dərman bitkiləri-FOTO

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930