SON DƏQQƏ

naxcivanxeberleri.com

“Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan dialekti-Zülfiyyə İsmayıl yazır...

“Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan dialekti-Zülfiyyə İsmayıl yazır...
14-04-2020, 20:26

“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARI VƏ NAXÇIVAN DİALEKT VƏ ŞİVƏLƏRİNDƏKİ ATALAR SÖZÜ, ZƏRBİ-MƏSƏLLƏRİN MÜQAYİSƏSİ

 

Azərbaycan xalqının qədim və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri, həm də birincisi “Kitabi-Dədə Qorqud” eposudur. “Kitabi-Dədə Qorqud”  monumental sənət abidəsi, söz gövhəri, bəşəri bir “Oğuznamə”dir. Bu dastan milli etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası, həmçinin Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini özündə əxz etdirir. “Oğuzların dastana çevrilmiş tarixi” olan “Kitabi-Dədə Qorqud" həm də dünyada dastan mədəniyyətinin zirvəsi hesab olunur.

Orta əsrlər xalq danışıq dilinin bütün laylarını  küll halında özündə əks etdirən “Kitabi-Dədə Qorqud” zəngin leksik sistemə malikdir. Əsas  etibarı ilə milli sözlərdən ibarət bu leksik sistem istifadə dairəsi, quruluşu, semantik təsnifatı və s. baxımdan rəngarəngdir. Dastanın bu kimi səciyyəvi xüsusiyyətlərini və ədəbi fikir tariximizdəki əhəmiyyətini Ümummilli lider Heydər Əliyev belə dəyərləndirmişdir: “Azərbaycan xalqının tarixini, etnik yaddaşanı, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi də böyük mədəni-estetik əhəmiyyət kəsb edir. Kitab elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən kənarda qala bilməmişdir”. Dastanın əhəmiyyətini yüksək səviyydə qiymətləndirən, mədəni irsimizin böyük himayəçisi Heydər Əliyev  20 aprel 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi ilə əlaqədar fərman imzaladı. Abidənin yubileyinin qeyd edilməsi ərəfəsində “Kitabi-Dədə Qorqud”un öyrənilməsi kimi müqəddəs məramlı bir işə ikinci nəfəs, yeni impuls verilmiş, tədqiqatlar daha dərindən və hərtərəfli istiqamətdə aparılmağa başlanmışdır.

Dilimizin incəliklərini, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz rola malik olan, türk təfəkkürünün dünyaya bəxş etdiyi bu unikal ədəbi abidə ən yeni mərhələdə də diqqətdən kənarda qalmadı.  Ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il fevralın 20-də  və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il iyulun 25-də imzaladıqları sərəncamlara əsasən Dədə-Qorqudla bağlı uzun illərdən bəri aparılan müxtəlif səpkili tədqiqat işləri yenidən vüsət aldı. Belə ki, AMEA Naxçıvan Bölməsində 2016-cı ilin mart ayında “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi, etnoqrafik atlasının hazırlanması üçün işçi qrupu yaradıldı. Bu qrupun gərgin əməyi nəticəsində nəfis tərtibata, yüksək elmi dəyərə malik olan  “Dədə Qorqud yurdu - Naxçıvan. Tarixi-coğrafi, etnoqrafik atlas” kitabı qısa zamanda hazırlanaraq  geniş içtimaiyyətə təqdim olundu. Həmçinin AMEA-nın müxbir üzvü Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” adlı əsəri yenidən təkmilləşdirilərək 2017-ci ildə ikinci dəfə işıq üzü gördü.

“Kitabi-Dədə Qorqud” dastanı dünya miqyasında geniş tədqiqat obyektinə çevrilsə də, bəzi məsəllər hələ də öz həllini tapmamışdır.  Hər bir misrasında dərin məna, qiymətli bir xəzinə olan bu abidənin daim tədqiq edilməyə, üzərində araşdırmalar aparılmağa ehtiyacı vardır. Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif istiqamətləri ayrı-ayrı tədqiqatçılar tərəfindən təhlil olunmasına baxmayaraq yenə də müasir elmi metodlarla araşdırılması və yeni baxış müstəvisində tədqiq olunması lazım gəlir. Onu demək lazımdır ki, abidənin tədqiqində qaranlıq qalmış məsələlər çoxdur. Bunlardan biri də “Kitabi-Dədə Qorqud” dastanlarındakı atalar sözləri və zərbi-məsəllərin Naxçıvan dialekt və şivələrindəki paralellərinin öyrənilməsi, bu dil faktlarının statistikasını hesablamaq, işlənmə tezliyini müəyyənləşdirmək əhəmiyyətli dil hadisələrindən biridir.

Müqayisəyə keçmədən əvvəl qeyd edək ki, xalqımızın milli kimliyinin ifadəçisi olan, milli mentallığımızın canlı salnaməsi sayılan  “Kitabi-Dədə Qorqud” dastanında hər sözün, ifadənin, atalar sözünün, zərbi-məsəllərin dərin mənası var və bunların hamısının arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur. Hər şeydən əvvəl, folklor dilinin təməl örnəyi olan “Kitabi Dədə Qorqud”, şübhəz ki, həm də yazılı ədəbi dil örnəyidir. Belə ki, “Dastanın dilində işlənmiş atalar sözləri, zərbi-məsəlləri yazı üslubu ünsürləri bu abidəni həm də yazılı mədəniyyətin predmeti kimi zəruriləşdirir. Çoxqatlı, çoxlaylı  “Kitabi Dədə Qorqud” leksikası folklorik qatı, yazıyaqədərki qatı əhatə etməklə yanaşı, həm də türk-islam mədəniyyətinin formalaşdığı zamanı, təcrübəni əhatə edir”. “Kitabi-Dədə Qorqud”da işlənən bir sıra qədim dil xüsusiyyətlərinə malik olan atalar sözləri və  zərbi-məsəllər Naxçıvan dialekt və şivələrində qorunub-saxlanmaqdadır. Eposun dilində elə dil faktlarına rast gəlmək olur ki, başqa türk dillərində onlara təsadüf etmək olmur. Naxçıvan  dialekt və şivələrində isə onlar işlək formalardır. “Bir sıra dilçi alimlərin tədqiqatlarına görə “Kitabi Dədə Qorqud” dastanının dili və üslubu ilə bağlı səciyyəvi cəhətlər Naxçıvan Muxtar Respublikasının Şərur rayonu əhalisinin dili ilə bu gün də səsləşir. Müəyyən olunmuşdur ki, abidənin dilinin sistemi orta əsr Azərbaycan dilinin səviyyəsinə tam uyğundur”. Əldə olunan dil faktlarına əsasən, qeyd edə bilərik ki, “Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı şübhə doğurmur. Çünki dastanda göstərilən, baş verən hadisələr, bir sıra boylarda adı çəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur (Şəruk)  və s. kimi coğrafi adlar Naxçıvan Muxtar Respublikasının ərazisindədir. ““Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı ilə əlaqədar tədqiqatlar aparan İ.Həbibbəyli, İ.Hacıyev, S.Babayev, F.Səfərli, Q.Qədirzadə, A.Bağırov, A.Bayramov, V.Əliyev, A.İmanlı, Y.Səfərov, F.Rzayev, N.Bababəyli  və başqaları dastanda bu və ya başqa səviyyədə adıçəkilən, yaxud bilavasitə qeyd olunan Naxçıvanın yer adlarından bəhs etmişlər”. Dastanda işlənən atalar sözü və zərbi-məsəllərin Naxçıvan dialekt və şivələrindəki mövcudluğu “Kitabi-Dədə Qorqud”un məhz Naxçıvanla bağlılığını bir daha sübut edir. Akademik İsmayıl Hacıyev  “Kitabi-Dədə Qorqud” dastanlarındakı atalar sözləri və zərbi-məsəllərin, bəzi bədii ifadələrin Naxçıvanda eyni mənanı, yəni dastandakı məna ilə üst-üstə düşdüyü məqamlarla bağlı yazır: “Dastanda Neyləyim evdə un yoq, ələg yoq. Dəvə dəgirməndən gəlmədi”, “Kül təpəcik olmaz”, “Qız anadan görməyincə ögüt olmaz”, “Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Əcəl vədə irməyincə kimsə ölməz” və b. rast gəlinir ki, muxtar respublika ərazisində bu ifadələrin izləri açıq-aşkar görünür”. Göründüyü kimi, xalq danışığını geniş ölçüdə əks etdirən “Kitabi-Dədə Qorqud”un оbrаzlı dilindəki hikmət xəzinəsi ilə zəngin bir xalq ədəbiyyatına, ümumxalq yardıcılıq nümunələrinə  sahib olan Oğuz-türk yurdu Naxçıvanın dialekt və şivələri  arasındakı yaxınlıq, bəzi məqamlarda müvazilik və eynilik təşkil edir.

Müqayisə və qarşılaşdırmalara əsasən demək mümkündür ki, “Kitabi-Dədə Qorqud”dakı atalar sözləri və zərbi-məsəllər Naxçıvan dialekt və şivələrində ya birbaşa, ya da dolayı şəkildə canlı xalq danışığında istifadə olunur. Bəzən isə onların məna yükü, ümumi məzmunla tam üst-üstə düşür. Dastandakı atalar sözləri və zərbi-məsəlləri ümummilli kontekstdə təhlil etdikcə uca və müqəddəs tanrı, gözəl və mərd ana, igid və cəsur ata, qeyrətli və ağıllı oğul, sevimli qardaş, həmçinin хain və yalançı obrazlarının ilkin görüntüləri göz önündə canlanır. Məlumdur ki, dastanın boyları Eposun yaradıcısı olan Dədə Qorqudun dilindən söylənilir və onun xeyir-duası ilə bitir. Əsərin müqəddiməsində Qorqud atanın dilindən verilən müdrik sözlər silsiləsi - atalar sözləri kimi qəbul edilə bilər.  Dədə Qorqudun dilindən təqdim olunan atalar sözlərinin, zərbi-məsəllərin, hikmətli ifadələrin Naxçıvanın folklor nümunələrində, dialekt və şivələrindəki qarşılığının və ya ekvivalentinin daşıdığı məna, hadisə və əhvalatların inkişafına təsir göstərməsinə və əhatə etdiyi sahələrə görə aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

  1. a) Həyat təcrübəsi əsasında formalaşan atalar sözləri və zərbi-məsəllər; “Ölən adam dirilməz, çıxan can geri gəlməz” bədii ifadəsi Naxçıvan canlı xalq danışığında “Çıxan qan damarda durmaz” şəklində ifadə olunur. “Qəzavü qədər gələndə gözlər kor olur” (KDQ). “Gəldi əcəl, vermədi macal”, “Oldu ilə, öldüyə çarə yoxdur” (Naxçıvan və ə.k.). IV boyda işlənmiş “Sümükləri xurd oldu” – yəni əti sümüklərinə qarışdı “xurdu-xəşil olmuş” ifadəsi Naxçıvan canlı xalq danışığında tez-tez işlənir. II boyda “Yata-yata yanımız ağrıdı, dura-dura-dura belimiz qurudu” və ya “Yata-yata yanımız yara oldu, dura-dura belimiz qurudu” ifadələri işlənmişdir . V boyda işlənən “Əzrayıl bir göyərçin oldu pəncərədən uçdu getdi” ifadəsi “Naxçıvanda pərilərin göyərçin olması ilə bağlı inam”la üst-üstə düşür, həmçinin bu ifadəyə Naxçıvan dialekt və şivələrində “Əzrayıl elə bil yağlı əppəy olub uçdu göyə” şəklində də təsadüf olunur. Yenə V boyda “Sarımsaq otun yeməmisən, için niyə göynəyir” frazeoloji vahidinə Naxçıvanda “Soğan yeməmisən, için niyə göynəyir” formasında sıx-sıx rast gəlinir.
  2. b) Təbiət hadisələrinin gedişi əsasında formalaşan atalar sözləri və zərbi-məsəllər; “Ulaşuvan sular taşsa, dəniz tolmaz” (KDQ) “Quyuya su tökməklə quyuda su olmaz”; “Lapa-lapa qarlar yağsa, yaza qalmaz” (KDQ) “Qışda yağan lopa-lopa qarı, yaz gününün ışartısı əridər” və ya “Köhnə qar uca dağlarda qalar” deyimləri müşahidə edilir. “Kül təpəcik olmaz” (KDQ) atalar sözünün Naxçıvandakı ekvivalenti “Kül təpəni yel aşırar” formasındadır. “Əski pambıq bez olmaz” (KDQ) Naxçıvanın dialekt və şivələrində “Köhnə pambıqdan bez olmaz” kimi rast gəlinir. “Aydan arı, gündən görkli” (KDQ) və ya “Aydan arı, gündən duru” bu bədii ifadə Naxçıvan dialekt və şivələrində  “Aydan arı, gündən duru” və ya “Aydan arı, sudan duru” tərkibində geniş yayılmışdır.
  3. c) Ailə-məişət, övlad-valideyn münasibətləri əsasında formalaşan atalar sözləri və zərbi-məsəllər; “Qız anadan görməyincə, öyüd almaz” (KDQ) atalar sözü Naxçıvan dialekt və şivələrində “Ana gəzən ağacı, qızı budaq-budaq gəzər”, “Anasına baxıb qızını alallar, torbasına baxıb duzunu atallar”, “Qırağına bax bezini al, anasına bax qızını al kimi çox yaxın daşlaşmış formalarda işlədilir. “Oğul daha neyləsin, ata ölüb mal qalmasa”, “Baba malından nə fayda, başda dövlət olmasa” (KDQ)  Naxçıvanda “Fərli oğul neylər ata malını, fərsiz oğul neylər ata malını” kimi müvazi şəkildə işləndiyi təsbit edilir. “Yad oğulu saxlamaqla oğul olmaz, böyüyəndə salur gedər, gördüm deməz” “Kitabi-Dədə Qorqud” dastanın müqəddiməsində işlənən bu hikmətli ifadə eyni semantik yüklə Naxçıvan dialekt və şivələrində də işlənir: “Yad oğulu saxlamaqla oğul olmaz” və ya “Yaddan oğul olmaz” (Naxçıvan və ə.k.)  “Yad oğulun saxlamaqla oğul olmaz, yad süfrədə oturmağınan qarın doymaz”. “Ögünməklə övrət ər olmaz” (KDQ) “Tərifləməklə  arvaddan kişi olmaz” (Naxçıvan və ə.k.)  və s. kimi daşlaşan, möhürləşən xeyli saydakı xalq ifadələrinə Naxçıvanın hər yerində rast gəlinir.

ç) Heyvanlara münasibət əsasında formalaşan atalar sözləri və zərbi-məsəllər; “Yeddi dərə qoxuların dülki bilür”, “Ayrı-ayrı yollar izin dəvə bilür” (KDQ) və ya “Dünlə karvan keçdükin torağay bilür” (KDQ)  Naxçıvan canlı xalq danışığındakı ekvivalenti belədir: “Yolçunun hardan keçdiyini qarqa bilər”. “Qara eşşək başına üyən ursan, qatır olmaz” (KDQ), Qara eşşək başına yüyən vursan qatır olmaz.  “At işləyər, ər öyünər” kimi Naxçıvan dialekt və şivələrində eyni mənada  geniş işlənmə arealına malikdir.

  1. d) Digər həyati məsəllərə aid və ya yaşam tərzi ilə bağlı formalaşan atalar sözləri və zərbi-məsəllər; “Qəfil başın ağrısı beyin bilür” (KDQ) oxşar məna ilə “Qəfil başın ağrısını, ağıl bilər”. Əzəldən yazılmışsa qul başına qəza gəlməz Naxçıvandakı paralel deyilişi “Alına nə yazılıb, o da olacaq” və ya başqa bir buna oxşar atalar sözündə “Olacağa çarə yoxdur” (Naxçıvan və ə.k.). “Sən istərsən, mən istərəm, rəbbimiz isə istədiyini edər” zərbi- məsəli Naxçıvanın xalq ifadə tərzində “Sən saydığını say, gör fələk nə sayır” şəklində qarşımıza çıxır. “İki günlük ömrü olan, üç gün yaşamaz” (KDQ) və ya “Əcəl vaxtı çatmayınca kimsə ölməz” bədii ifadələri Naxçıvan dialekt və şivələrində “Qismətdən artıq yemək olmaz” şəklində mövcuddur. “Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır”. “Qonaq yeməyini özü ilə gətirər” və ya “Qonaq gələndə ruzisi də özü ilə gələr” (Naxçıvan və ə.k.).  Əxlaqi-didaktik məna tutumu ilə diqqət çəkən bu bədii ifadələr dastanın milli mentallığımızın ən dərin qatlarına sirayət etməsinə və buradakı ifadələrin zərbi-məsəllər şəkilində ortaya çıxmasına rəvac vermişdir.

“Kitabi-Dədə Qorqud” dastanlarının dilindəki atalar sözlərinin günümüzdə Naxçıvanda işlədilən formalarının təsnifatını xeyli artırmaq mümkündür. 

Yuxarıdakı qarşılaşdırma və müqayisələrdə ifadə tərzlərinin Naxçıvanın hər yerində müşahidə olunan xalq ifadə tərzi ilə, dialekt ünsürləri ilə eyni semantik yükə sahib olduğu bariz şəkildə diqqət çəkir. “Kitabi-Dədə Qorqud”un dilində müşahidə olunan atalar sözü və zərbi-məsəllərin müəyyən qismi müasir ədəbi dilimiz üçün arxaik sayılsa da, hazırda Naxçıvan dialekt və şivələrində canlı xalq danışığında və yerli ünsiyyətdə istifadə olunur. “Kitabi-Dədə Qorqud”dakı atalar sözü və zərbi-məsəllərin izini müasir Naxçıvan dialekt və şivələrində axtarmaq öz bəhrəsini verir.

Nəticə olaraq qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində işlənən atalar sözləri və zərbi-məsəllərin Naxçıvan dialekt və şivələrilə müqayisəsi tarixi aspektdə öyrənilmə­mişdir. “...hər bir abidənin ədəbi dilin inkişaf tarixində mövqeyi ayrı-ayrılıqda tədqiq edilməlidir”. Bu fikrə əsasən, vurğulamaq zəruridir ki, “Kitabi-Dədə Qorqud” dastanlarını tədqiq etdiyimiz zaman bir faktı müəyyən etdik ki, abidənin dilində yerli-yerində istifadə edilən atalar sözləri və zərbi-məsəllərin işləkliyi onların formalaşma tarixinin qədimliyinin göstəricisidir. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində müşahidə etdiyimiz atalar sözləri və zərbi-məsəllərin səciyyə etibarı ilə, forma və məzmunu ilə də bugünkü normalardan heç nə ilə fərqlənmir.

Akademik İsa Həbibbəyli “Dədə Qorqud” dastanlarındakı Naxçıvan yer adlarının öyrənilməsi və qədim diyarda çoxsaylı “Dədə Qorqud” toponimlərinin müəyyən olunmasının əhəmiyyəti ilə bağlı belə yazır: “Naxçıvan ərazisində  “Dədə Qorqud” dastanlarında adı çəkilən çoxsaylı toponimlərin qeydə alınması  muxtar respublikanın qədim oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Çünki “Dədə Qorqud” toponimləri Qorqud atanın torpağa basılmış türk-oğuz möhrüdür”. Biz də bu fikrə əsaslanaraq qeyd edirik ki, sarsılmaz özülə, dərin məna yükünə, yığcam fikir ifadəsinə malik olan atalar sözləri və zərbi-məsəllər, dialekt və şivələrdə yaşayan dil faktları isə xalqın daş yaddaşının əbədi möhrüdür. Həmçinin bədii düşüncəmizə qızıl həriflərlə həkk olan ən dəyərli milli-mənəvi sərvətimiz, fikir xəzinəmizdir.

Beləliklə, dastanın öyrənilməsinin yeni keyfiyyət mərhələsinə çıxarılması, müasir tələblər səviyyəsində araşdırılması, müxtəlif prizmalardan yanaşılaraq  ən yeni metod və baxış bucaqlarından təhlililə əldə olunan  məhz bu cür dialekt və şivə faktları “Kitabi-Dədə Qorqud”un hikmət xəzinəsinin bərpasında mühüm rol oynaya bilər.

 “Kitabi-Dədə Qorqud” dastanlarında işlənən atalar sözləri və zərbi-məsəllərin, daşlaşmış hikmətli ifadələrin Naxçıvanın dialekt və şivələrində, canlı xalq danışığında bu gün də yaşaması Türk-islam mədəniyyətinin qədim beşiyi olan ulu Naxçıvanın tarixi üçün, naxçıvanşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Zülfiyyə İSMAYIL

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi  

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930