SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xalçaçılıq xalqımızın milli və mənəvi sərvətidir

Xalçaçılıq xalqımızın milli və mənəvi sərvətidir
22-03-2020, 21:00

Bu gün xalçaçılıq Azərbaycan xalq-tətbiqi sənətinin ən qədim və geniş yayılmış növlərindən biri sayılır. İncəsənətin Azərbaycan xalqı tərəfindən sevilən bu növü əsrlərlə nəsildən-nəslə ötürülmüş və bu adət-ənənə bu gün də seviləsevilə yaşadılır. Qədim tarixə malik olan xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Ta qədim zamanlardan yurdumuzda gəlinin cehizliyini ana-nənələrimizin toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib. Bu gün də kəndlərimizdə evlərdə kifayət qədər belə xalçalara rast gəlmək olar. Rəngini itirməyən bu xalçalar elə yaşını da gözəl çalarlarında gizləyib. Min illərdən üzübəri yol gələn bu sənətin biliciləri nənələrimizin barmaqlarının sığalı, gözlərinin nuru ilə toxunan bu xalçalar həm də adət-ənənələrimizin keşikçisi rolunu oynayıb. Haqqında bəhs etdiyimiz bu sənət əsəri muzeylərimizdə qorunub saxlanılır, evdən-evə daşınır, əzizlənir. Ağbirçək nənələrimizin, analarımızın min bir həvəslə toxuduğu həmin xalçalara baxanda gözümüz bir naxışa, bir rəngə ilişib qalır. Çünki o naxışa, o min bir çalarlı rəngə heyran oluruq. Hər biri bir dövrün tarixini özündə yaşadan, arzuların, niyyətlərin çiçək açdığı xalılar, xalçalar qızların, gəlinlərin barmaqlarının istisi, hərarəti ilə ilmə-ilmə toxunub, naxışlanıb və hasilə gəlib. “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı xalçaçılığın yüksək səviyyədə inkişafına öz layiqli töhfəsini vermişdir. Bu mənada kəndli qadınların boş vaxtlarında mənalı işlə məşğul olaraq qədim xalq sənətinin yeni nümunələrini yaratmaları, həm də ailə büdcəsinə köməklikləri gəlirlərinin artmasına, dolanışıqlarının yaxşılaşmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli mentalitetimizə, dəyərlərimizə, şifahi xalq yaradıcılığına, o cümlədən qədim el sənətkarlığının inkişaf etdirilməsinə göstərdiyi qayğı göz önündədir. Sevindirici haldır ki, rayonumuzda da xalçaçılıq sənəti ilə məşğul olan qadınlarımız çoxdur. Uzun illər rayonumuzun kəndlərində əsasən payız, qış aylarında az qala hər bir evdə hana qurular, xalça toxunar, qızlara cehiz hazırlanardı. İllər ötdükcə müasir elmi-texniki yeniliklərin tətbiqi bu sənətə olan ehtiyacı bir qədər azaltmışdır. Amma zaman sübut etdi ki, xalqın yaratdığı dəyərlidir, qiymətlidir. Bu gün də kəndlərimizdə bu qədim el sənətini yaşadan nənələrimizin min bir əziyyətlə xalça toxuması dediklərimizin sübutudur. Təbii ip, boya, əriş, arğac vasitəsilə yaranan sənət nümunəsi olan xalçalar bu gün də dəyərlidir, əvəzolunmazdır. Bu sənətin sirlərini övladlarına, qız və gəlinlərə öyrətməklə onu gələcək nəsillərə çatdırmaq istəyən ağbirçəklərdən biri rayonumuzun Kolanı kənd sakini Bəsti Əhmədovanın toxuduğu xalçaları görmək marağı ilə həmin kəndə üz tutduq. Qapıdan içəri daxil olanda şahid oldum ki, bu evdə xalça sənətinə böyük bağlılıq var. Yerə döşənmiş, divardan salınmış xalçaların hamısı Bəsti nənənin gözlərinin nuru ilə toxuduğu xalçalardır. Və bu əl əməyi, göz nuru ilə toxunan xalçalar ailə tərəfindən səliqə ilə qorunaraq saxlanılır. Müsahibimlə baş tutan maraqlı söhbətimdən: Bu qədim el sənəti haqqında nə deyə bilərsiniz? -Bildiyiniz kimi, xalçaçılıq sənəti xalqımız üçün həmişə müqəddəs sənət sahələrindən biri olmuşdur. Bizim də yaşadığımız kənddə həmişə xalçaya, xalça toxuyana böyük ehtiram olub. Sevinc hissi ilə deyə bilərəm ki, bu hörmət bu gün də davam etdirilir. Uzun illərdir ki, məni kəndimizdə yaxşı xalça toxuyan kimi tanıyırlar. Bu sənətin sirlərini nənəmdən, anamdan öyrənmişəm. Demək olar ki, 15-16 yaşlarımdan bu sənətlə məşğul oluram. Bu işdə o qədər həvəsliyəm ki, onunla məşğul olduğum zaman vaxtın necə keçdiyindən xəbərim belə, olmur. İlk xalça toxumağa başladığım gündən bu günə kimi 20-dən çox xalça, cecim və palaz toxumuşam. Heç bir yerdə də işləməmişəm. Ağlım kəsəndən ta bu günə kimi təsərrüfat işləri və xalça toxumaqla məşğul oluram. Bir xalçaçı kimi sizə göstərilən dövlət qayğısı haqqında fikirlərinizi öyrənmək istərdik. Artıq bir neçə ildir ki, muxtar respublikamızda “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqı ödənilən ictimai iş təşkil edilib. İşin təşkilində məqsəd odur ki, qədim yurdumuzda xalçaçılıq sənəti davam etdirilsin, yeni sənət əsərləri yaradılsın. Biz əvvəllər primitiv üsullarla hazırlanan hanalardan istifadə edirdik. O da çox ağır olurdu. İndi dövlət qayğısı ilə bizə verilən hananı asanlıqla lazım olan yerdə qura bilirik. Bununla yanaşı, dövlətimiz tərəfindən hər xalçanın toxunması üçün biz əriş, arğac, yun, ip və digər avadanlıqlarla da təchiz olunmuşuq. Nəticədə bu günədək 15-ə yaxın xalça toxuyub təhvil vermişəm. Hər xalçaya görə də yüksək əməkhaqqı almışam. Hazırda yeni xalça üzərində çalışıram. Bir sözlə, dövlətimizin qadın əməyinə göstərdiyi qayğını hər zaman hiss etmişəm. Çəkdiyim əmək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ildə qiymətləndirilib və mən “Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu da biz qadınlara dövlət qayğısının daha bir nümunəsidir. Göstərilən qayğıları hiss etdikcə gördüyüm işə qarşı marağım daha da artır. Bu gün də bu işlə həvəslə məşğul oluram. Çalışacağam ki, yaradılan şəraitdən istifadə etməklə bundan sonra daha yaxşı xalçalar toxuyub, xalqımıza məxsus qədim naxışlara, ilmələrə yeni həyat bəxş edəm. Xalçanın gözəlliyi rəngdə, yoxsa naxışdadır? Xatirimdədir ki, mən hələ balaca ikən ilboyu evimizdə hana qurular, xalça toxunardı. Mən də nənəmin, anamın yanında oturar və onların xalça toxumağına çox həvəslə baxardım. İllər mən hiss etmədən də keçib gedib. Və ilmələrə, saplara, naxışlara baxa-baxa bir də gördüm ki, özüm də xalça toxuyuram. Həmişə də düşünürəm ki, xalçadakı naxışların valehedici olması rənglərin düzgün seçilməsindən asılıdır. Deməli, rəng düzgün seçiləndə, naxışlar düz toxunanda barmaqların sehri ilə sənət əsəri yaratmaq olur. Yalnış vurulan naxışı usta seçər, naşı seçməz. Mən də həmişə çalışmışam ki, yalnış naxış vurmayım ki, usta xalçaçılar məni qınamasınlar. Onu da deyim ki, xalçanı yun, pambıq, ipək və başqa materiallardan hazırlanmış iplərdən toxuyanda daha da gözəl alınır. Hətta hazırladığımız ipi nə qədər çox bursaq, toxuduğumuz xalça bir o qədər möhkəm olar. Bax, beləcə, günümü mən bu işlərə sərf etmişəm. Bu sənətdən bir gün də ayrı düşməmişəm. Çünki ona qəlbən bağlıyam. Bu sənətin sirri varmı? -Hər bir sənətin özünəməxsus sirri olduğu kimi, bu sənətin də sirri var. Hətta xalçaçılıqda indinin özündə də gizli qalan sirlər çoxdur. Bitib- tükənməyən naxışları yaratmaq üçün xalçaçı nəyi bilməlidir? Nəyi öyrənməlidir, ilmələri necə çalmalıdır? Bütün bunların hər biri bir sirdir. Hər bir xalçaçı kimi, mən də çalışmışam ki, əsl sənət nümunəsi yaratmaq üçün o sirrə sahib olum. Bəs xalça toxumaq üçün hansı hazırlıq işləri görülür? -Qızım, onu deyim ki, xalça toxumağa hazırlıq xüsusi bir dəm-dəsgahla başlayır. Əvvəlcə yun yuyulur, daranır, uzun qış gecələrində cəhrədə əlçim-əlçim əyrilib ip hazırlanır. İp kələfi boya çağını gözləyir. İpin yaxşı boyanması boyaqçının boyağından çox asılıdır. Boyaq yaxşı olanda toxunan xalçanın rəngi əsrlərlə solmaz. Elə ki, xalça toxunacaq iplər hazır oldu, hana qururuq, qız-gəlini bir yerə toplayıb, başlayırıq xalçanı toxumağa. Xalçanın başlığı var, küncü var, gölü var, butası var, yeləni var. Bunların hər birini toxumaq xüsusi bir bacarıq tələb edir. Əvvəlcədən xalçanın ölçüsü götürülür. Elə ki, xalça toxunub qurtardı, gəbəkəsdi mərasimi keçirilir. Xalçaçılar bir yerə toplaşır, min bir zəhmətlə hasilə gətirdikləri xalçanı kəsib yerə salırlar. Sonra yaxın qonum-qonşuya şirinlik paylayırlar ki, həmin xalça xeyir işlərdə istifadə olunsun. Bir sözlə, xalça toxumaq çox çətin işdir. Bu işi hər adam bacarmaz, gərək sənəti sevəsən, ona vurğun olasan ki, onun sirrinə, sehrinə də bələd ola biləsən. Xalça toxumaqda sizə kimlər kömək edir, sualına isə müsahibim belə cavab verir. -Xalçaları toxuyub hasilə gətirməkdə mənə kəndin sayılıb-secilən xalçaçıları, qohumlarım, qonşularım yaxından köməklik edirlər. Elə mən də onlara xalça toxumaqda, hana qurmaqda hər zaman köməklik etmişəm, əlimdən gələni əsirgəməmişəm. Bizim evimizdə uzun illərdir ki, xana qurulu saxlanılır. Onun üzərində indiyə qədər demək olar ki, xeyli xalça toxunub. Hansı növ xalçalara üstünlük verirsiniz? -Qədimdən bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələrinə əsasən deyə bilərik ki, bu qədim diyarda xalça toxunmasında daha çox butalardan və çeşnilərin bir çox növlərindən istifadə edilir. Mən də bu növlərdən öz gözəlliyi ilə fərqlənən şaquli istiqamətdə toxunan xovsuz xalçalara üstünlük verirəm. Bu xalçalar əsasən qara, qırmızı, sarı, yaşıl və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilir, zəriflik baxımından sanki qumaş təsəvvürü yaradır. Əksər insanlar xalçaları buta, həndəsi naxışlarla toxuyur, lakin mən süjetli, yəni, üzərində konkret bir təsvir əks olunan xalçalar toxumağı daha çox sevirəm. Xalçada, əsasən, orta hissəyə, yəni xalçanın göl hissəsinə daha çox əhəmiyyət verirəm, onun üzərində qüsursuz işləməyə çalışıram. Xalçalarda kənardan ortaya doğru sıralasaq, su, muncuq, yelən və göl hissəsi olur. Mən isə xalçadakı süjet asanlıqla qavranılsın deyə, bir çox hallarda bu sıralanma qaydasına əməl etmirəm. İstəyirəm ki, əl işlərimə nəzər yetirən insanlar elə ilk baxışdan onun üzərində olan mənanı qavrasın. Üz-gözündən nur yağan Bəsti nənə ilə baş tutan maraqlı söhbətimiz uzun çəkdi. Və o müddətdə gözləri hanada, ilmədə, naxışda olan ağbirçək nənəmiz böyük həvəslə, zövqlə həm söhbət etdi, həm də bir xeyli ilmə çaldı, naxış vurdu. Bildirdi ki, üzərində işlədiyi xalçanı xalqımızın milli bayramı-Novruz bayramına kimi toxuyub qurtaracaq. Tamamlanmasına az bir müddət qalmış xalçalardakı ilmələrə adam baxdıqca yenə də baxmaq istəyir. Bəsti nənə bildirdi ki, hal-hazırda toxuduğu bu xalçanın eni 60, uzunluğu isə 120 santimetrdir. Xalçanın hasilə gəlməsi üçün o, 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram yun ipdən istifadə edib. Deməli, Bəsti nənə yeni bir sənət əsərini də bitirmək üzrədir. Xalq yaradıcılığının dəyərli incilərindən sayılan xalçaçılıq sənətini bu gün də böyük həvəslə davam etdirən və gələcək nəsillərə çatdırmaq istəyən zəhmətkeş kənd qadını hələ bundan sonra həvəslə neçə-neçə xalçalar toxuyacaq. Neçə-neçə yeniyetmə qıza, gəlinə bu sənətin sirlərini öyrədəcək. Əbəs yerə demirlər ki, hər xalça toxuyanın özünəməxsus nişanəsi olur. Bəsti nənənin belə bir çeşnisi onun xalçalarında əbədiləşib. Uzun illər keçsə belə, bu nişanə onun toxuduğu xalçalarda yadigar qalacaq, gələcək nəsillərə onun sənətindən xəbər verəcək.

 

Turanə Baxşəliyeva

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031