SON DƏQİQƏ

naxcivanxeberleri.com

Od yanmasa, ocaq qaynamaz

Od yanmasa, ocaq qaynamaz
17-03-2020, 09:00

Xalqımızın od-ocaq-atəşlə bağlı təsəvvür sistemi zəngin tarixi köklərə malikdir. Od-ocaq inkişafın, mədəniyyətin təkanverici qüvvəsi kimi göstərilməklə qədim Şərq təqvimlərində özünəməxsus yer alıb.

Tarixi qaynaqlara görə, insanın təbiət üzərində ilk qələbəsi olan od onun şüurunda və həyatında böyük dəyişikliklər yaradıb. İnsanlar odu sönməyə qoymayıb, yaşadıqları mağaraların tonqallarını həmişə yanılı saxlayıb, özlərini təhlükədən qoruya biliblər. Bununla da onlar zamanla oturaq həyata keçərək bir ailə kimi formalaşa, öz ocaqlarını binə edə biliblər. Odun beşiyi hesab edilən “ocaq” sözü türkcə yurd, Vətən, nəsil mənalarında da işlənir. Həmçinin qədim türk mifologiyasında Od Ata və Od Ana obrazı geniş yer tutur. Atəş tanrısı kimi mənalandırılan Od Ata və Od Ana evlərdəki və çadırlardakı ocaqları və atəşi qoruyur, onu sönməyə qoymurdular. Bu həm də onu göstərir ki, qədim türklərdə atəş müqəddəs hesab edilib. 
Odla bağlı bir sıra mifik təsəvvürlərin mənbəyi Qafqazla, məhz Azərbaycanla sıx bağlıdır. Vətənimiz təsadüfi olaraq “Odlar diyarı”adlandırılmır. Həmin ad bir tərəfdən bu ərazidə eradan çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması, onların oda tapınması ilə bağlıdırsa, digər tərəfdən də bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adı ilə əlaqəlidir. “Azər” sözünün özü də “ər kişi”, “ər oğlu”, “od qoruyan” mənalarında ifadə olunur. Araşdırmalara əsasən demək olar ki, Azərbaycan-oğuz türklərinin qədim kitabı olan “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqud obrazının adında da odla bağlı məqamlar vardır. “Dədə” sözü türklərdə bir nəslin, tayfanın sələfi, tərbiyə edən, ağla-kamala çatdıran ataya deyilirsə, Qorqud sözündəki “qor” od, “qut” isə xoşbəxtlik mənalarını ifadə edir.
Qədim vaxtlarda da, bu gün də insanlar od-atəş hami ruhunun qeyri-adi güc-qüdrətinə, şər qüvvələrə, düşmənə üstün gəlməsi, yenilməzlik-məğlubedilməzlik keyfiyyətinə inanıblar. Müxtəlif səbəblərdən qorxu, stress yaşamış adamın qorxuluğunu götürmək üçün bir stəkan soyuq suya yanar köz atıb həmin suyu qorxan şəxsə içirmək, eləcə də həmin adamı pir-ocaqlara aparıb “çilədağ” etmək yolu ilə sağaltmaq od-atəşin “şəfaverici gücü”nə, xilasediciliyinə olan inamdan irəli gəlib. Od həm də insanı yaşadığı yerə – yurda, el-obaya bağlayan ünsür kimi qiymətlidir. Qədim zamanlardan odsevər əcadadlarımız bütün el şənliklərini, toy-bayram büsatlarını alovla-tonqalla rövnəqləndirib, evlərdə, eyvanlarda çıraqlar yandırıb, gəlin köçən qızların yoluna çıraq tutublar. Odla bağlı uzaq keçmişdən yadigar qalan bu kimi adət və ənənələr bu gün də bir çox bölgələrimizdə icra edilir.
İnsanlarda oda sevgi, inam o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içib, alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. “Oda dərdini deyən xeyir aparar”, “Ocaq sönməyən yerdə məskən salarlar”, “Odsuz ocaq olmaz”, “Od düşdüyü yeri yandırar”, “Oda pənah aparanın ocağı sönməz”, “Çıraq yeri qibləyə olan ev uğurlu olar”, “Od imandır”, “Od yanmasa, tüstü çıxmaz”,“Od hisli olarsa, uzaqdan qonağın gələcək”, “Ocaqda kül titrəyəndə od xeyrə titrəyir”, “Ocaq dağıdanın ocağı dağılar”, – deyərlər. “Od haqqı!”, “Ocaq haqqı!”, “Ocağa and olsun!”, “Ocağın bərəkətli olsun!”, “Ocağın odlu olsun, qazanın qaynar” kimi folklor nümunələri oda inam və etiqaddan yaranıb. 
İnanca görə, od həm də işıqlı sabah, xeyir-bərəkət rəmzi idi. Ona görə də əcdadlarımız hündür bir təpənin üstündə tonqallar qalamaqla sübh tezdən Günəşi qarşılayar, həm də tonqaldan məşəl götürüb evindəki ocağa od salar, şadlıq məclisləri təşkil edərdilər. İnsanlar Günəşi, odu, atəşi əzizləyir, onun müqəddəsliyinə inanır, bununla da Günəşin al şəfəqlərinin təbiəti, suyu, torpağı tez isidəcəyinə, onlara bolluq-bərəkət, xoşbəxtlik, firavanlıq bəxş edəcəyinə inanırdılar. Zamanla milli məişətdəki od-ocaq Qobustan qayaüstü rəsmlərində də özünə yer alıb. Bu da türkdilli xalqların mifik dünyagörüşündə Günəş-Od-Atəş silsiləsinin əhəmiyyətini bir daha təsdiqləyir. İlaxır çərşənbə axşamı tonqal qalanması və həmin odun-atəşin üstündən atılaraq “ağırlığım-uğurluğum tökülsün bu odda yansın” deyilməsi də qədimdə insanların icra etdiyi ənənələrin davamı kimi geniş yayılıb. Ocağın üstündən atılan insanlar öz ağrı-acısını, dərd-bəlasını, sıxıntılarını oda töküb yandırır, odun gücü, qüvvəsi ilə xəstəlikdən, çətinlikdən xilas olacağına inanırlar. Tonqal çatılması həm də təbiətin oyanması, yurdumuza baharın-yazın qədəm qoymasının başlanğıcı hesab edilir.
Ulularımızın belə bir deyimi var: “Ocaq qaynayarmı od yanmasa?” Bizlərin də əziz bayram günündə arzumuz budur ki, ocağınız daim yanar olsun, odunuz heç zaman sönməsin!

 

 Güntac ŞAHMƏMMƏDLİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930