SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...

“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
2-11-2019, 17:05

Gözəlliklər məskəni, oğuz yurdu Naxçıvan ötən hər gün daha böyük uğura imza ataraq xoşbəxt gələcəyə doğru əmin addımlarla irəliləyir. Açılan sabah, doğan günəş özü ilə bu qədim diyara sevinc, bərəkət, bolluq gətirir, firavan yaşayış naminə çalışan insanların arzuları, xəyalları gerçəyə çevrilir. Ötən illərdən daha sayalı, düşərli gələn “Ailə təsərrüfatları ili” kimi də əlamətdar olan 2019-cu il də ömrümüzə, günümüzə xoş anları bəxş etməkdədir. Bir-birini əvəzləyən əlamətdar hadisələr, təşkil olunan tədbirlər hər bir naxçıvanlının yaddaşında unudulmaz, dərin izlər buraxır. Noyabrın 2-də havanın buludlu, yağışlı olmasına baxmayaraq şəhərimizdə yenə əsl bayram ab-havası hökm sürürdü. Hər qarışında böyük bir tarix gizlənən Naxçıvanqala yenə zəhmətkeş insanların yaratdığı bənzərsiz gözəlliklərlə bəzənmişdi. Hələ “Ailə təsərrüfatı məhsulları” festivalına sayılı günlər qala küçədə-bacada qarşılaşdığımız insanların dilindən festivalla bağlı eşitdiyimiz xoş ifadələr bu məhsul bayramının da mütəşəkkil keçəcəyindən xəbər verirdi. Gözlənilən kimi də oldu...

Şənbə günü səhərin erkən saatlarından Naxçıvanqalaya aparan bütün yollarda insan izdihamı müşahidə olunurdu. Adıçəkilən ünvana bir-iki kilometr qala qəlboxşayan gözəl xalq mahnılarının sədaları insanı sanki ovsunlayır, dayanma, bu ünvana tələs-deyir. Biz də bu məhsul bayramında iştirak etmək üçün Naxçıvanqaladan yolumuzu salırıq. Çox çəkmir ki, bəhs olunan ünvana yetişirik. Abidənin tağbatağ açılan geniş qapıları eyni anda onlarla insanı qarşılayaraq öz qoynuna mehman edir. Kiçikdən-böyüyə hər kəs bu məhsul bayramından faydalanmağa, doğma diyarımızın bölgələrindən gətirilən ləziz təamlardan almağa can atır. Festivalda bölgələr üçün ayrılmış, bir-birindən bənzərsizliyi və özünəməxsusluğu ilə seçilən pavilyonlar sıra ilə düzülüb, bununla bağlı tanıtım lövhələri yerləşdirilib. İlk olaraq Şahbuz rayonundan gəlmiş zəhmətkeşlərin yaratdığı gözəlliyə doğru addımlayırıq. Piştaxtalarda xüsusi zövqlə qablaşdırılan məhsullar içərisində müxtəlif mürəbbələr, qovurmalar, şəfalı bitki və meyvə quruları, turşular, süd məhsulları, müalicəvi içkilər, cürbəcür şirniyyatlar görmək olur. Şahbuz rayon pavilyonunu maraqlı edən məqamlardan biri də “Şahbuzun dadlı məhsulları” adı altında xanımların xüsusi zövqlə qutab, kətə, şəkərbura və digər şirniyyat növlərini hazırlamaq qaydalarını əyani şəkildə nümayiş etdirmələri olur. Öyrənirik ki, festivalda rayonun 79 ailə təsərrüfatçısı iştirak edir, onlar buraya ümumilikdə 11 növdə 113 adda qablaşdırılmış məhsul çıxarıblar. Məhsul bayramının iştirakçısı, Şahbuz rayon Qızıl Qışlaq kənd sakini Məhəmməd Məmmədovla artıq bir neçə festivalda qarşılaşdığımızdan uzaqdan görən kimi tanıyırıq. Böyük təcrübəyə malik təsərrüfat adamı festival barədə fikirlərini bizimlə bölüşür:

- Son illərdə doğma Naxçıvanımızda keçirilən belə festivallar biz təsərrüfatçılar üçün əsl toy-bayrama çevrilib. Şəxsən mən özüm bu tədbirlər sayəsində istehsal etdiyim məhsulları tanıdaraq böyük alıcı kütləsi qazanmışam. Budəfəki festivala da böyük fərəhlə hazırlaşmışam. Qısa zaman ərzində çıxartdığım 70 adda məhsulun artıq xeyli hissəsini sata bildiyim üçün çox sevincliyəm. Bol alıcı, əlverişli şərait, gözəl məkan, ecazkar musiqilər bundan artıq nə olmalıdı ki. Var olsun dövlətimizi ki, biz təsərrüfat adamlarını belə bayramlarla sevindirir.

Müşahidələrimiz zamanı geniş alıcı kütləsinin toplaşdığı Şərur rayon pavilyonu da diqqətimizi çəkir. Xüsusi zövqlə bəzənmiş piştaxtalardan birində məhsul seçimi edən iki nəfərə yaxınlaşıb həmsöhbət oluruq. Onlardan Naxçıvan şəhər sakini Sabir Xəlilov deyir ki, hər il ailəliklə festivalın keçiriləcəyi günü səbirsizliklə gözləyirlər. Çünki, burada çeşid bolluğu ilə yanaşı qiymət münasibliyi də olduğundan ailə büdcəmizə qənaət edə bilirik. Gördüyünüz bu pavilyondan süd məhsulları aldım. Həm öz ailəmiz həm də Bakıda yaşayan qohumlarımız üçün qovurma da götürəcəyəm. Onu da deyim ki, festivalın keçiriləcəyi günü Bakıdakı qohumlarımız bizdən daha çox arzulayırlar. Ötən il olduğu kimi bu il də zəng edib Naxçıvan qovurmasından istəyiblər. Deyirlər Bakıda hər kəs qədim diyarın təamlarını çox bəyənir. Ləziz ağız dadı ilə yediyimiz təbii qidalar bədənimizin immunitetini gücləndirməklə bizi xəstəliklərə qarşı dözümlü edir. Bu baxımdan belə festivalların təşkili həm də dövlətimizin biz insanların sağlamlığına verdiyi ən böyük önəmdir.

Sərhəd bölgəmiz Sədərək rayonunda son illərdə xeyli sayda ailə təsərrüfatları qurulub, zəhmətkeş sədərəklilər daxili bazarda məhsul bolluğu yaratmaq üçün səylə çalışırlar. Elə “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edən rayon təsərrüfatçılarının simalarındakı təbəssümdən bu məhsul bayramının onlar üçün də düşərli olduğu görünür. Festivalda rayonun 40 ailə təsərrüfatçısı iştirak edir, onların istehsal etdikləri 108 növdə 5 mindən artıq qablaşdırılmış məhsul, eləcə də 153 çeşiddə şirniyyatlar alıcı zövqünü oxşayır. Piştaxtalarda gavalı və heyva kompotları, müxtəlif turşular, ərik, tut, alça və iydə quruları, alça lavaşası ilə alıcıların böyük marağına səbəb olur. Festivalda iştirak edən rayon sakini, ailə təsərrüfatçısı Tərlan Akaslan ömrünün 20 ilini təsərrüfat işlərinə həsr edib. Deyir son illər Naxçıvanqala əkib-becərənlərin, məhsul bolluğu yaradanların sevimli məkanına çevrilib. Bu gün burada haraya baxsan, alın təri hesabına yaradılan ecazkar gözəlliyi görə bilərsən. Mən ilk dəfədir bu festivalda iştirak edirəm və dövlətimizin yaratdığı imkanlardan çox razıyam. Yaradılan şəraitə görə təşkilatçılara minnətdaram.

Kəngərli rayonunun Yeni Kərki kəndindən olan Hafizə İsmayılbəyli festivala 102 adda 650-dən çox məhsul çıxarıb. Təsərrüfatçı ilə söhbətimiz zamanı qeyd etdir ki, güzəştli kreditlə ailə təsərrüfatını daha da genişləndirib. Festivala yabanı meyvə və giləmeyvə mürəbbələrini çıxarıb. Bundan başqa müxtəlif meyvə və dərman bitkilərinin qurudulmuşu, şirniyyatlar, turşular, hər növdə qovurma və sair stenddə nümayiş olunur. Sahibkar qeyd edir ki, ailə təsərrüfatı məhsulu etiketi ilə satışa çıxarılan bu məhsullara böyük tələbat vardır. Festivalda alıcıların marağını daha çox qovurma, müxtəlif növ turşular və quru meyvələr cəlb edir. Qiymətlər də münasib olduğu üçün onlar istədikləri məhsulu ala bilirlər.

Müşahidələrimiz zamanı festivala xarici ölkələrin vətəndaşlarının da böyük maraq göstərdikləri aydın olur. Məhsul bayramına Nigeriyadan qatılan Eromosele, Esezobor Naxçıvanı burada təhsil aldığını və Naxçıvanı çox sevdiyini deyir. Onun dediklərindən:

-Naxçıvan çox təmiz və gözəl şəhərdir. Şəhərin qədim ənənələrinin yüksək səviyyədə qorunub saxlanılması fərəhli haldır. Keçirilən bu festival timsalında da bunu aydın şəkildə görmək mümkündür. Mən burada müxtəlif bölgələrə aid məhsulların bir neçəsinin hazırlanması ilə canlı tanış oldum və bu diyarın insanlarının zəhmətkeşliyinə heyran qaldım. Stendlərdə nümayiş olunan məhsullar görünür ki, çox təbiidir və həmin məhsullar burada iştirak edən təsərrüfatçılarının zəhmətinin bəhrəsidir. Mən belə festivalların keçirilməsini alqışlayıram, çünki bu vasitə ilə biz xarici vətəndaşlar yaşadığımız yeri daha yaxından tanıyır, onun mədəniyyətini, tarixini, ənənənələrini öyrənirik. Xüsusi qablaşdırılmış məhsulların qiyməti də sərfəlidir. Festival hər cəhətdən mənim üçün yaddaqalan oldu. Mən burada gördüklərimi öz dostlarımla da bölüşəcək, onları da Naxçıvana gəlməyə səsləyəcəm.

Festivalda iştirak edən Banqladeş vətəndaşı, “Naxçıvan” Universitetinin tələbəsi Abu Nouaf İmanın fikirlərini öyrənirik:

-Mən bir ildir Naxçıvandayam. Bura gəldiyim ilk gündən gözəl təbiətinə, havasına, qonaqpərvər insanlarına heyran qalmışam. Şəhər həyatı çox sakit, insanları gülərüz və mehribandırlar. Naxçıvan həm də mənim yaddaşımda festivallar şəhəri kimi də iz buraxıb. Onu da qeyd edim ki, Naxçıvan mətbəxi çox zəngin, yeməkləriniz çox dadlıdır. İştirak etdiyim bu festival da çox möhtəşəm təşkil olunub. Burada ləziz təamların bişirilmə qaydası ilə tanış oldum və muxtar respublikanın bölgələrindən çıxarılan məhsullar marağıma səbəb oldu. Ona görə ki, məhsul çeşidi həm çoxdur, həm də ki, sərfəli qiymətə satırlar. Həmin məhsulların xüsusi zövqlə qablaşdırılması da diqqətimi çəkdi. Mən Ordubad rayonuna aid olan pavilyondan çaşır turşusu, limon, cəviz mürəbbəsi aldım. Bizim mətbəxlərimiz arasında böyük fərq olmasına baxmayaraq buradakı təamları sevə-sevə dadırıq. Muxtar respublika gəncləri də gülərüzlülük, yüksək əhval-ruhiyyə diqqətimi çəkdi.

Malaziya vətəndaşı, “Naxçıvan” Universitetinin tələbəsi Mohammad İmranın da fikirləri də maraqlıdır. Deyir ki, Naxçıvanda olduğum müddətdə şahidi oldum ki, burada bayramlar və festivallar fərqli və çox möhtəşəm keçirilir. Həmişəki kimi bu festivalda da milli rəqslər, xalq mahnıları məni valeh etdi. Burada yaşayan insanlar çox istiqanlı, qonaqpərvərdir. Bir sözlə naxçıvanlılarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiram çox yüksək səviyyədədir. Bu diyar gözlərimiz önündə günü-gündən şəhər daha da gözəlləşir və abadlaşır. Tanıdığım şəhərlər arasında təmizliyi, gözəlliyi ilə seçilir. Şən əhval-ruhiyyə ilə keçirilən bu festivalda nümayiş edilən adət-ənənələr, bir-birindən ləziz təamlar bu ölkənin nə qədər zəngin milli dəyərlərə və süfrə mədəniyyətinə malik olduğunu göstərir. Tələbə yoldaşlarım ilə birgə burada gözəl vaxt keçirir, müxtəlif təamlardan dadmaq imkanı əldə edirik.

Qeyd edək ki, festival zamanı ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.


Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ
Pərviz HACILI

“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...
“Ailə təsərrüfatları ili”nin maraqla gözlənilən festivalından təəssüratlar...

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930