SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİTABİ-DƏDƏ QORQUD DASTANI XALQ PEDAQOGİKASININ TÜKƏNMƏZ XƏZİNƏSİDİR

KİTABİ-DƏDƏ QORQUD DASTANI XALQ PEDAQOGİKASININ TÜKƏNMƏZ XƏZİNƏSİDİR
12-02-2019, 10:30 202 dəfə baxılıb

Dünya eposunun ən qədim və misilsiz qiymətə malik olan nadir sənət nümunələrindən biri də “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu dastan Azərbaycan xalq pedaqogikasının ən ulu mənbələrindən biridir. “Kitabi-Dədə Qorqud” dastanında xalq pedaqogikası ilə bağlı bir çox tərbiyə məsələləri irəli sürülmüşdür. Dastanın bütün boylarında igidlik, qəhrəmanlıq hissləri ilə yanaşı müdrüklük və insan ağlının tərənnümündən də bəhs olunubdur.
Pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev Dədə Qorqud irsinə yüksək qiymət verərək yazmışdır: “Kitabi-Dədə Qorqud” Azərbaycan pedaqoji fikir tarixinin ən dəyərli qaynaqlarındandır. Bu əsərdə böyük insanpərvərlik ideyaları, mənəvi ucalıq, qəhrəmanlıq və mərdliyə çağırış həkk olunmuşdur.
Onu da qeyd edək ki, “Dədə Qorqud qəhrəmanları”, “Dədə Qorqud alqışları”, “Dədə Qorqud öyüdləri” bu gün də böyük tərbiyəvi təsir gücünə malikdir. Bu dastan qəhrəmanlıq, igidlik, mərdlik, namus, qeyrət və insanpərvərlik kimi əxlaqi keyfiyyətlərlə zəngin olan dəyərli bir pedaqoji mənbədir. Elə buna görə də görkəmli pedaqoq, pedaqogika üzrə elmlər doktoru, professor Əlheydər Həşimov dastanı tərbiyə məktəbi adlandırmışdır .
Tanınmış türk filoloqu, publisist Mehmed Fuad Körpülüzadə “Kitabi-Dədə Qorqud” dastanına yüksək qiymət verərək yazmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə Dədə Qorqud o, biri gözünə qoyulsa, yenə də Dədə Qorqud tərəfi ağır gələr”.
“Kitabi-Dədə Qorqud” dastanında “tərbiyənin məzmununa”, “tərbiyənin prinsiplərinə”, və fiziki tərbiyə ilə əxlaq tərbiyəsinədə geniş yer verilmişdir.Dastan təlim-tərbiyə məsələlərini, xalqımızın əxlaqını, vətənpərvərliyini və ata-anaya ehtiram duyğularını bədii vasitələrlə əks etdirən zəngin xəzinədir.
Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi-mənəvi tərbiyəyə də xüsusi yer verilmişdir. Dastanda əxlaq tərbiyəsinin mühüm tərkib hissəsi olan vətənpərvərlik, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Bu ideya isə qədim oğuz türklərinin qəhrəmanlıq şücaətlərindən süzülüb gəlməkdədir. Dstanın bütün boylarında yetişən nəsildə vətənə məhəbbət tərbiyəsi üçün ilk növbədə vətəni tanıtma və sevdirmə vacib şərtdir.
Dastanda əxlaqi keyfiyyət kimi yoldaşlıq və dostluq məsələsinə də xüsusi diqqət yetirilmişdir. Oğuz igidləri üçün dostluq, bir kişilik keyfiyyəti kimi qəbul edilmişdir. Boylarda əsasən uşaqların bir-biri ilə dost olmalarına və qonşularla dostluq münasibəti yarada bilməsinə diqqət yetirilmişdir. Elə buna görə də oğuz elində əxlaq tərbiyəsi, böyük kiçik münasibətləri ən ali insani keyfiyyət və mənəvi mədəniyyətdir.Biz isə bütün dastan boyu, əxlaqi keyfiyyətlərin təntənəsini müşahidə edirik.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında şəxsiyyətin keyfiyyətləri konkret olaraq göstərilmişdir. Vətəni, torpağı, el-obanı canın qədər sevmək və onu qorumaq üçün hazır olmaq, ata-ana haqqını tanrı haqqı bilmək, cəsarətli, qorxmaz və güclü olmaq, şərtə sözsüz əməl etmək, qadının ailə, ər və namusunu ölümdən üstün tutmaq və s. kimi bir çox müsbət əxlaqi keyfiyyətlərə daha çox yer verilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanında xüsusən, ailə münasibətləri və qohumluq əlaqələri yüksək əxlaqi keyfiyyətlər əsasında qurulmuşdur. Dastanın bütün boylarında insanların tərbiyə olunmasında ailənin cəmiyyətdə rolundan hərtərəfli danışılmışdır. Burada ailə şərəfini, namusunu qorumaq və anaya, qadına dərin hörmət əsas götürülmüşdür. Elə buna görə də bütün dastan boyu “ana haqqı” – “tanrı haqqı” kimi qəbul edilmişdir. Bu da Məhhəmməd peyğəmbərin (s) “cənnət anaların ayaqları altındadır” kəlamı ilə səsləşir. Bu fikirlər ailə, ailə münasibətləri və ailə tərbiyəsi məsələlərində daha ciddi və aydın şəkildə özünü göstərmişdir. Dədə Qorqud qızın tərbiyəsində anaya, oğlanın tərbiyəsində isə ataya üstünlük veriribdir. O, demişdir: “Qız anadan görməyincə öyüd almaz”, “Oğul atadan görməyincə süfrə açmaz”. Dastanda övladın təlim-tərbiyəsi ilk növbədə ana telinə bağlıdır. Oğuzlarda anaya məhəbbət tərbiyəsi ən ali müqəddəs iş hesab edilmişdir.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında cəmiyyətin inkişafına təkan verən aşağıdakı üç mühüm tərbiyə amili öz bədii ifadəsini tapmışdır:
1. Qurulan ailənin məhsulu, yəni ailənin oğlu və qızı olmalıdır.
2. Oğul-qız sağlam, güclü və qüdrətli yetişməlidir.
3. Ailə kin kudurətdən, nifrətdən və ailədaxili münaqişələrdən uzaq olmalıdır.
Boylarda görünür ki, ailənin tamlığı üçün mütləq uşaq sahibi olmaq gərəkdir. Hər bir ailənin sevinci və gələcəyi olan uşaq dastanın hər bir boyunda son dərəcə əziz bir nemət kimi qiymətləndirilibdir. Bu səbəbdən də oğuz elində uşağı olmayan ailələrə yaxşı baxılmazdı.
Onu da qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud” dastanında ailənin qorunması məsələsi beş maddə əsasında göstərilmişdir.
1. Uşaq sahibi olmaqla nəslin davamının ailə qurulmasının məqsədi saymaq – Bu məsələdən əsasən Dirsə xan oğlu Buğac xan və Uşun qoca oğlu Səkrəy boylarında bəhs olunmuşdur.
2. Sədaqət və vəfa – Bayburanın oğlu Bamsı Beyrək boyunda daha geniş şəkildə görünürdü. Burada Banuçiçək toy gecəsi itirdiyi Beyrəyini 16 il gözləyib başqası ilə evlənmir.
3. Namusun təriflənməsi və aşılanması – Bu bütün dastan boyu qadınların namuslu və iffətli olmasında göstərilmişdir. Məsələn, Burla xatunun “şərab paylamaq” üçün oğlu Uruza verilən işgəncələrə dözməsidir. Bu ana üçün nə qədər ağır bir imtahan olsa da o, namusunu qorumaq üçün əlindən gələni əsirgəmirdi.
4. Qadının igidliyi onun ailəyə olan bağlılığı – Bu haqda Beyrək, Səkrəy və Qanlı qoca oğlu Qantural boyunda danışılmışdır.
5. Kənardan müdaxilənin ailə bütövlüyünə zərər verəcəyinin açıqlanması – Bu isə əsasən dastanın aşağıdakı boylarında əks olunmuşdur. Dirsə xan oğlu Buğac boyunda Buğac adı aldıqdan sonra baş verən hadisələr, Qazlıq qoca oğlu Yeynək boyunda, Salur qazanın evinin yağmalanması boyunda və Basatın təpəgözü öldürməsi boyunda.
Xüsusən, dastanın “Salur Qazanın evinin yağmalanması” boyunda ailə tərbiyəsi, ailənin namusu, qeyrəti, şərəfi ali və müqəddəs olması diqqət mərkəzində saxlanmışdır. Həmin boyda oğuz-türk əxlaqı, türk mənliyi, paklığı açılmış və mənəvi durum Uruzun timsalında öz ibrətli ifadəsini tapmışdır. Lakin bunlarla bərabər oğuz eli nadürüstlərdən də xalı deyildir. Belə şər qüvvələrə qarşı mübarizə dastanda daha kəskin şəkildə təsvir olunmuşdur. Əgər əxlaqın aliliyi pozularsa bu oğuz elinə çox ağır təsir edər, fəlakət törəyər və başına müsübətlər gələr.
Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında Vətənin torpağını, suyunu və onun füsünkar gözəlliyini qorumaq mühüm əxlaqi vəzifə sayılmışdır. Elə bu da bu günkü ekoloji tərbiyə problemi ilə sıx bağlıdır. Dastanın bütün boylarında mənəvi, əxlaqi gözəllik həmişə ilkin yerdə durmuşdur. Belə əxlaqi keyfiyyətlər sırasında insanpərvərlik, əməksevərlik, böyüklərə hörmət və qonaqpərvərlik kimi keyfiyyətlər üstün yer tutur .
Həmçinin “Kitabi-Dədə Qorqud” dastanında tərbiyənin mühüm tərkib hissələrindən biri olan əqli tərbiyədə ön plana çəkilmişdir. İnsan üçün həyati əhəmiyyətə malik olan ağıl böyük nemət hesab olunubdur. Bütün dastan boyu ağlın rolu yüksək qiymətləndirilmiş və hətta ağıl dövlət mənasında işlədilmişdir. Oğuz elində gənclərin həmişə ağlını işlətməsi məsələsinə xüsusi diqqət yetirilirdi. Hər bir kəs habelə, fiziki cəhətdən güclü olanlarda ağıla və kamala yiyələnməlidirlər.Dastanda ağlın yüksək nemət olması aşağıdakı fikirlərdə aydın ifadə olunmuşdur: “Biliyi unutmayan əqil yaxşıdır”, “Baba malından nə fayda, başda dövlət olmasa” və sairə.
Belə ki, oğuz elində estetik tərbiyəyə və bədii zövqə malik olmaq kamil insan olmağın mühüm şərtlərindən sayılmışdır. Demək dastanda təbiət və incəsənət gözəlliyi insanın estetik zövqünün tərbiyəsində mühüm yer tutur. Elə buna görə də, dastanda saza və musiqiyə ecazkar bir qüvvə kimi baxılırdı. Oğuz qəhrəmanları saza and verdikdə və ən qatı düşmənin əlində qopuz gördükdə ona əl qaldırmazdılar.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının bütün boylarında qəhrəmanların fiziki tərbiyəsinə və qabiliyyətlərinə geniş yer verilmişdir. Boylarda nəinki oğlanların, hətta qızların da fiziki hazırlığına xüsusi diqqət yetirilmişdir. İlk döyüş tərbiyəsi olan at minmək, qılınc oynatmaq və oxla nişan almaq kimi hərbi təlimlər gənclərə öyrədilirdi. Oğuz elində gənclər asudə vaxtlarında ox atma yarışları keçirərmiş və oxun düşdüyü yerlərdə çadırlar qurub əylənərmişlər. Onu da ayrıca qeyd etmək lazımdır ki, bütün dastan boyu gənclərə döyüşmək qaydaları və döyüş zəfər taktikası öyrədilirdi. Məsələn, dastanda göstərilir ki, Bayandır xanın bir buğası və bir də buğrası var idi. Bir yazda və bir də payızda onları meydana buraxardı. Bayandır xanın özü isə oğuz bəyləri ilə tamaşanı seyr edərdi (7, səh.95). Lakin bu əslində sadəcə “tamaşa”, “əyləncə” deyil, əvvəlcədən düşünülüb təşkil edilmiş bir məşğələ idi. Burada oğuz ərənlərini, xüsusi ilə də gəncliyi güclü və qüdrətli yetişdirən təlim-tərbiyə növlərindən biridir.
“Kitabi-Dədə Qorqud” dastanında qadınlarda kişilər qədər mübarizdir. At belində ərənlərdən geri qalmayan və köç yollarında oğul doğurub böyüdən oğuz qadınları kişilərdən heç də geri qalmırdı. Bu şərt mübarizə yolları oğuz qadınlarını mətinləşdirmişdir. Buna görə də oğuz igidləri ailə quran zaman özləri kimi qəhrəman və dəyanətli həyat yoldaşı seçirmişlər. Məsələn, Beyrəyin evlənmək vaxtı çatanda deyir: “Ata mənə elə qız al ki, mən yerimdən durmamış o dursun, mən ata minməmiş o minmiş olsun. Mən düşmənin üstünə gedənə qədər o, mənə baş gətirsin” (5, səh.40). Fiziki tərbiyənin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, qız ərə gedəcəyi oğlanla, oğlan isə evlənəcəyi qızla fiziki hazırlıq tələb edən yarışda iştirak etməlidirlər. Bundan sonra yarışda qalib gələn tərəflər ərə gedəcəyi və evlənəcəyi şəxsi qəbul edirmişlər.
Dastanın bütün boylarında oğuzlar həyatın bütün sahələrində əxlaqi davranışları ilə igidlik, qorxmazlıq və düzlük nümayiş etdirmişlər. Həmçinin biz dastanın digər boylarında qorxmazlığın ölümə qalib gəlməsinin nümunəsini də görə bilərik. Məsələn, Qanturalın bütün təhlükələrə baxmayaraq səfərə çıxması, Basatın oğuz elinin qorxunc düşməni olan Təpəgözlə vuruşmağa getməsi və s. buna aiddir. Burada həm Qantural, həm də Basat onları gözləyən təhlükələrin qorxulu olduğunu, hətta ölümlə üz-üzə gələcəyini əvvəlcədən bilirdilər. Ancaq onlar buna baxmayaraq tam qətiyyətlə məqsədlərinə doğru gedərək böyük mübarizədən sonra qalib çıxırlar.
Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında ad vermə mərasimi qəhrəmanlıq və igidliklə bağlı olduğundan böyük tərbiyəvi əhəmiyyət daşımışdır. Burada oğuz adətinə görə oğlan uşaqlarına doğularkən deyil, qəhrəmanlığına görə ad verilirdi. Oğuz igidləri ad qazanmaq üçün at çapmağı, qılınc oynatmağı, nizə atmağı və güləşməyi bacarnalı, yarışlarda qalib gəlməlidirlər. Bu cəhətdən oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazımdır. Məsələn, Dirsə xan oğlu Buğac xan boyunda Dədə Qorqudun Buğac xana ad verməsi buna yaxşı nümunədir: “Bu oğlan Bayandır xanın meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüş, adı Buğac olsun. Adını mən verdim yaşını Allah versin” deyə Dədə Qorqud demişdir.
Sonda onu qeyd edək ki, müstəqillik qazanmış Azərbaycanımızda milli-mənəvi şüurun yüksəlişində və soykökümüzün təbliğində “Kitabi Dədə Qorqud” dastanı kimi ikinci bir yazılı və ya şifahi ədəbi abidə tapmaq mümkün deyildir. Çünki, dastan təlim-tərbiyə məsələlərini, vətənpərvərliyini, qəhrəmanlığını və ata-anaya ehtiram duyğularını bədii vasitələrlə əks etdirən zəngin bilik xəzinəsidir. Məhz Dədə Qorqud pedaqogikasının həyatiliyi burasındadır ki, o şəxsiyyət tərbiyəsində mənfi və müsbət cəhətləri qabarıq şəkildə əks etdirmişdir. Dastanda Dədə Qorqud öz mənəvi keyfiyyətləri ilə yetişən gənc nəslin tərbiyə olunmasında hər zaman nümunədir

Taleh XƏLİLOV
Pedaqogika üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universitetinin müəllimi

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728