SON DƏQİQƏ

naxcivanxeberleri.com

İqtisadiyyat Nazirliyi xəbər verir: cari ildə yeni istehsal və xidmət sahələrinin yaradılmasına 199 min manat vəsait ayrılıb

İqtisadiyyat Nazirliyi xəbər verir: cari ildə yeni istehsal və xidmət sahələrinin yaradılmasına 199 min manat vəsait ayrılıb
25-07-2021, 12:00

Muxtar respublikada yaradılan əlverişli biznes mühiti, özəl sektora olan dövlət qayğısı sahibkarlığın inkişafına təkan verir. Bu sahəyə göstərilən diqqət nəticəsində yeni sahibkarlıq subyektləri yaradılır, illik istehsal həcmi artır, yeni iş yerləri açılır. Xüsusilə, kənd təsərrüfatının inkişafı əsas prioritetlərdən biri kimi üstünlük təşkil edir. Çünki kənd təsərrüfatı olmadan hansısa iqtisadi inkişafdan və ərzaq təhlükəsizliyindən danışmaq mümkün deyil. Bu məqsədlə sahibkarlara güzəştli kredit və texnikaların verilməsi, maliyyə resurslarının stimullaşdırılması diqqətdə saxlanılır. “İxrac ili” elan olunan 2021-ci ilin birinci yarısında Babək rayonunda yeni istehsal və xidmət sahələrinin yaradılmasına davamlı dövlət dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin 6 ayı ərzində Babək rayonu üzrə 11 layihənin reallaşdırılması üçün 199 min manat vəsait ayrılıb. Cəhri qəsəbə sakini Məhərrəm Əhmədov 15 min manat dövlət maliyyə dəstəyi alaraq təsərrüfatını genişləndirən sahibkarlardan biridir. Uzun illərdir arıçılıqla məşğul olan sahibkar təsərrüfatını inkişaf etdirmək üçün maliyyə dəstəyi aldığını bildirir və deyir: “Arıçılıq muxtar respublikada inkişaf edən və gəlirli təsərrüfat sahəsidir. Elə mən də bunu nəzərə alıb dövlət maliyyə dəstəyi hesabına arı ailələrinin sayını 130-a çatdırdım. Əvvəlcə Sahibkarlığın İnkişafı Fonduna müraciət etdim. Qısa zamanda müraciətim dəyərləndirildi və güzəştli kredit verildi. Hazırda bal süzümü vaxtıdır. Şükür, məhsulumuz pis deyil. Balın kiloqramını 25-30 manata satışa çıxarırıq. İndi Naxçıvanda təsərrüfat sahibi olmaq çox asandır. Şərait var, dəstək var, qalır zəhmət çəkmək. Dövlətimizə minnətdarlığımı bildirirəm”. Aşağı Buzqov kənd sakini Budaq Allahverdiyev 40 min manat dövlət maliyyə dəstəyi alaraq iribuynuzlu maldarlıq təsərrüfatını yaradıb. Sahibkar bildirdi ki, yaşadığımız kənd əlverişli şəraiti və geniş otlaq sahələri ilə maldarlıq təsərrüfatı üçün olduqca əlverişlidir. Mən də bu imkanı dəyərləndirmək üçün dövlətimizə müraciət etdim və müsbət cavab aldım. Hazırda təsərrüfatda 39 baş iribuynuzlu malqaraya qulluq edirik. Yağ, pendir, xama hazırlayıb satışa çıxarırıq. Təsərrüfatımı böyütdükdən sonra yeni istehsal sahəsi də yaradacağam. Bundan əlavə, əkinçiliklə də məşğul oluram. Bu il 5 hektar sahədə arpa əkmişəm. Bununla da təsərrüfatın yem ehtiyatını təmin etmişəm. Dövlətimiz hər zaman sahibkarın, təsərrüfatçının yanındadır. Qahab kənd sakini İqbal Qasımov 2018-ci ildə 10 min manat maliyyə dəstəyi alaraq təsərrüfatını qurub. Bu il Sahibkarlığın İnkişafı Fondunun xətti ilə daha 20 min manat vəsait alıb. Hazırda təsərrüfatında 300 baş xırdabuynuzlu heyvan bəsləyir. İqbal Qasımovun sözlərinə görə, təsərrüfat ailəsinin dolanışığını tam təmin edir. Əldə etdiyi məhsulları bazara da çıxarır. İstehsal etdikləri qatıq, süd, pendir yaxşı alıcı kütləsinə malikdir. Təsərrüfatı genişləndirməyi düşünən sahibkar gələcəkdə paytaxt bazarlarına da məhsul çıxarmağı planlaşdırır.

Lalə ALLAHVERDİYEVA

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930