SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sənayenin inkişafı davamlı xarakter alıb

Sənayenin inkişafı davamlı xarakter alıb
2-05-2021, 10:14

Enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Buna görə də hazırki iqtisadi dövrdə əsas məqsədlərdən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa nail olmaqdır. Sənaye məhsulları istehsalında mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə atılan addımlar Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafına hərtərəfli şərait yaradıb. Nəticədə muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Qeyd edək ki, muxtar respublikada sənaye məhsulunun istehsalında müxtəlif dövlət proqramlarının qəbulu mühüm rol oynayıb. Hazırda icrası davam etdirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə, muxtar respublikanın hərtərəfli inkişafına yönəldilib. Bundan əvvəl qəbul edilən dövlət proqramları da muxtar respublikada yerli təbii sərvətlərdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etməyə, məşğulluğun səviyyəsini yüksəltməyə və əhalinin güzəranını daha da yaxşılaşdırmağa töhfəsini verib. Təsadüfi deyil ki, bu gün muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir. Muxtar respublikamızda özəl sektora göstərilən dövlət qayğısının nəticəsində sənayeləşmə siyasətinə uyğun olaraq yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, xarici və yerli investisiyaların cəlb edilməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində mühüm addımlar atılıb. Kəngərli rayonu da muxtar respublikada sənaye məhsullarının istehsalında öz payı olan bölgələrimizdəndir. Son illərdə mühüm infrastruktur tədbirlərinin həyata keçirilməsi rayonda müxtəlif sənaye məhsullarının istehsalına imkan verən müəssisələrin yaradılmasına şərait yaradıb. Xüsusilə, regionun ən mühüm sənaye obyektlərindən sayılan daş və sement məhsullarının istehsalı Kəngərli rayonunun təbii xammal ehtiyatları əsasında fəaliyyətə başlayıb. 2010-cu ildə yaradılmış “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda rayonun Qarabağlar və Çalxanqala kənd - ləri ərazilərindəki travertin yataqlarından çıxarılan xammal öz keyfiyyəti ilə seçilir. Bu yataqlardan çıxarılan xammal yüksək keyfiyyətə malik travertin məhsullarının istehsalına imkan verir. Müəssisənin istehsal etdiyi məhsullara muxtar respublikadan kənarda da böyük tələbat vardır. Rayon ərazisində təbii resurslardan səmərəli istifadə məqsədilə reallaşdırılan, son illərin ən böyük layihələrindən biri də Naxçıvan Sənaye Kompleksidir. Yerli xammalla işləyən bu sənaye kompleksi özündə 4 istehsal müəssisəsini birləşdirir. Burada istehsal olunan məhsullar daxili bazarın inşaat materiallarına olan tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də göndərilir. Bundan əlavə, rayonda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi fəaliyyətə başlayan nisbətən kiçikhəcmli digər müəssisələr də, əsasən özəl sektorun payına düşür. Muxtar respublikamızda aparılan sənayeləşmə siyasətinə uyğun olaraq yaradılmış yeni müəssisələr hesabına sənaye məhsullarının həcmi Kəngərli rayonunda da artan xətt üzrə inkişaf edir. Yeni istehsal və xidmət sahələrinin yaradılması sənaye sahəsinin dinamik inkişafını təmin etmiş, məhsul istehsalı artmışdır. Rayon Statistika İdarəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında rayonda 7 milyon 928 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Həmçinin 2021- ci ilin yanvar-mart ayları ərzində rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 2 layihə üzrə istehsal sahəsi yaradılmış, 3 layihə üzrə istehsal obyektinin yaradılması davam etdirilmişdir. Təsadüfi deyil ki, bu sahədə əldə olunan müsbət nəticələr sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində olmuşdur. Yeri gəlmişkən, bəhs etdiyimiz dövrdə Kəngərli rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan sahibkarlığın inkişafı istiqamətində 2 hüquqi, 58 fiziki şəxs qeydiyyata alınmışdır. Məlum olduğu kimi, 2021-ci il də muxtar respublikamızda “İxrac ili” kimi davam edir. Kəngərli rayonunda bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün ixracyönümlü məhsulların istehsalına ciddi fikir verilir. Məhz buna görədir ki, həm rəqabətədavamlı və ixracyönümlü, həm də muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən iqtisadi layihələrdə Kəngərli rayonunda fəaliyyət göstərən sənaye müəssisələrinin öz payı var.

Səbuhi HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031