SON DƏQQƏ

naxcivanxeberleri.com

Bal ətirli zəhmətin bəhrəsi və ya ənənəvi festivala hazırlıq...

Bal ətirli zəhmətin bəhrəsi və ya ənənəvi festivala hazırlıq...
25-09-2020, 22:14

Dünyada xəstəliklərin tüğyan etdiyi, iqtisadi geriləmələrin, tənəzzülün müşahidə olunduğu 2020-ci il də muxtar respublikamız üçün uğurlu, nikbin notlarla davam edir, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttə sadiqliyin, aparılan məqsədyönlü, uzaqgörən siyasətin nəticəsidir ki, bütün sahələrdə dinamik inkişaf prosesləri nəzərə çarpır. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrində yaşayan, firavan həyat naminə çalışan zəhmətkeş insanlar üçün açılan sabah, doğan günəş özü ilə bərəkət, bolluq gətirir. Artıq bu gün qədim, möhtəşəm görünüşlü Naxçıvanqalanın hər qarışı yenə əməksevər naxçıvanlıların alın tərinin bəhrələri, bir-birindən dadlı-tamlı, mənbəyi səfalı guşələrimizin gülü-çiçəyi, şəfalı otları olan arıçılıq məhsulları ilə bəzənəcək. Biz də “Şərq qapısı” qəzetinin əməkdaşları da ənənəmizə uyğun olaraq  bu dəfə də arıçılığın inkişafı, öz nümunəvi fəaliyyəti ilə seçilən təsərrüfat adamları barədə oxucularımıza festival öncəsi məlumat verməyə çalışdıq...

Ulu babalarımızdan miras qalmış arıçılığın muxtar respublikamızda inkişafını xarakterizə etdikdə, xüsusilə Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər diqqəti çəkir. Belə ki, Dövlət proqramının qəbulundan ötən dövr ərzində bu sahə ilə məşğul olan təsərrüfatlara maddi dəstək, eləcə də subsidiyaların verilməsi, Arıçılar İctimai Birliyinin fəaliyyətinin düzgün qurulması, mövcud arı cinslərinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün arıçılara lazımi köməklik göstərilməsi, bu mütərəqqi sahəyə elmi cəhətdən yanaşılması, istiqamətverici nəşrlərin hazırlanması arıçılığa marağı xeyli artırıb. Bütün bunlarla yanaşı, istehsal olunan arıçılıq məhsullarının qablaşdırılması, tanıdılması üçün münbit şəraitin yaradılması, Naxçıvan şəhərində ənənəvi yarmarka və festivalların keçirilməsi də təsərrüfatçıların fəaliyyətini stimullaşdırmaqla müsbət irəliləyişlərə yol açıb. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda 4 mindən artıq təsərrüfatda 100 minə yaxın arı ailəsi bəslənilir. Onlardan 299 arıçı bu gündən etibarən 2 gün ərzində keçiriləcək növbəti “Arıçılıq məhsulları – bal festivalı”na istehsal etdikləri 14 min 115 kiloqram süzmə, 2238 kiloqram isə şan balı, bir-birindən faydalı digər arıçılıq məhsullarını çıxaracaqlar. Həmin təsərrüfatçılardan bir neçəsi ilə əlaqə yaradıb arıçılıqda qazandıqları uğurlar barədə söhbət etdik.

“Arı ailələrinin işi özünəxas qanunlar əsasında qurulub. Bu baxımdan arıçılığı çox çətin və sirli bir peşə də adlandırmaq yanlış olmaz. İllər ərzində bu sahədə müəyyən təcrübə toplasam da, bilmədiklərim hələ də çoxdur. Arıların həyat tərzini öyrəndikcə onlardan çox təəccüblü, maraqlı məlumatlar toplayıram”, – deyən ilk həmsöhbətimiz Sədərək kənd sakini Abdulla Sadiqovdur. Təcrübəli arıçı deyir ki, yer üzündə olan canlıların ən işgüzarı və ağıllısı, Tanrının yaratdığı möcüzələrdən biri olan arıların insanlara bəxş etdiyi bal ən dəyərli nemətdir. Ondan on səkkiz dəfə güclü olan arı südü və on iki dəfə güclü olan çiçək tozu isə ən ağır xəstəliklərin dərmanıdır. Müqəddəs kitabımız “Qurani Kərim”də adıçəkilən arı Allah tərəfindən insanlara göndərilmiş ən böyük loğmandır. Xalq arasında bal qida məhsulu kimi hər zaman yüksək qiymətləndirilib. El arasında bal arılarını zəhmətsevərliyin, qeyrətliliyin rəmzi də adlandırırlar. Çox işləyən, çalışan adam haqqında deyirlər: “O, bir an dayanmır, arı kimi işləyir”. Fərsiz, gərəksiz adam haqqında isə əksinə olaraq: “Biəməl alim balsız arıya bənzəyir”, tutarlı, məntiqli, şirindilli adam haqqında isə, adətən, “Ağzından bal süzülür” söyləyərlər.
Təsərrüfatçı qeyd edir ki, arının verdiyi məhsullar arı südündən, zəhərindən, propolisdən, çiçək tozundan, mumdan, baldan və güləmdən ibarətdir. Balın dadı başlıca olaraq arının hansı çiçəkdən şirə çəkməsindən asılıdır. Qocaman, təcrübəli arıçılar şirəni baldan seçməyi bacarırlar. Əsl arıçı barmağını bala batırıb, onun ətrindən arının hansı çiçəkdən şirə çəkməsini müəyyən edə bilir. Bu mənada, təmiz balın özünəməxsus ətri və dadı olur. Xalq təcrübəsi sübut edib ki, balın xarlanması onun təbii olduğunu göstərən əlamətlərdən biridir. Süni şəkildə saxtalaşdırılmış bal duru olur, xarlanmır. Balın yetişmə müddəti (şan möhürlənənədək) 16-23 gün davam edir.

Abdulla Sadiqov onu da deyir ki, hər il muxtar respublikada keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda fəal iştirak edir, hasilə gətirdiyi bal dad-tamına, görünüşünə və başqa keyfiyyət göstəricilərinə görə həmişə yüksək qiymətləndirilir. Belə ki, 45 ildir, arıçılıqla məşğul olan Abdulla baba ötənilki festivalda III yerə layiq görülüb. Arı südü istehsalı ilə də məşğul olan arıçının fikrincə, bu məhsuldan istifadə etməklə bir çox xəstəliklərə sinə gərə bilərik.

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da arıçılığın inkişafına xüsusi diqqət yetirilir. Hazırda bölgədə 13 min 750 arı ailəsi vardır. Ötən il rayonda 272 ton bal istehsal olunub, arıçılığın inkişafı məqsədilə 33 sahibkara 92 min manat kredit verilib. Rayonun bir sıra kəndlərində bu gün keyfiyyətli bal əldə edilir.
Dağlar əhatəsində yerləşən Gal kəndində də arıçılığın inkişafı üçün çox əlverişli, münbit şərait var. Buranın təmiz dağ havası, güllü-çiçəkli yerləri, eyni zamanda ata-babadan qalma ənənələrin uğurla davam etdirilməsi öz bəhrəsini verir. Təqdirəlayiq haldır ki, bu gün muxtar respublikamızda arıçılıq sahəsinin inkişafında qadınlar da yaxından iştirak edirlər. Onlardan biri də Gal kənd sakini Gülayə Əliyevadır. O deyir ki, 1971-ci ildən arıçılıqla məşğul olur. İllər uzunu qazandığı təcrübə səmərə verir. Təcrübəli arıçı çəkdiyi zəhmətin müqabilində yaxşı qazanc əldə etdiyini söyləyir. Naxçıvan şəhərində hər il keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edərək əldə etdiyi keyfiyyətli məhsulları satmaqla xeyli gəlir sahibi olur. Gülayə xanım deyir ki, atam anamla köməkli arı saxlayardı. Mən də elə bu peşəni anamdan öyrənmişəm. Hazırda 40 arı ailəsinə qulluq göstəririk. İstilər düşən kimi arıları mərhələ-mərhələ yaylağa aparırıq. Gal arıçılıq üçün çox əlverişli ərazidir. Gələcəkdə yeni cins arı sortları da əldə etmək fikrindəyik. Məqsədimiz bu vacib sahəni daha da genişləndirməkdir. Düşünürəm ki, arıçılıq ailənin xoş güzəranı üçün ən sərfəli bir sahədir.

Həmsöhbətimiz onu da deyir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları da tez-tez bu yerlərdə olur, arıçılıqla məşğul olan sahibkarları maarifləndirirlər. Beləliklə də hər bir arıçı dövlət qayğısından lazımınca bəhrələnərək təsərrüfatını genişləndirməyə müvəffəq olur.
Babək rayonunun Qahab kəndində bu mütərəqqi sahə ilə məşğul olan ailə təsərrüfatı başçısı Əlövsət Rzayev deyir ki, əlverişli iqlimə, zəngin bitki örtüyünə malik muxtar respublikamızda iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını hər bir rayonun, kəndin timsalında müşahidə edirik. Babəkdə də arıçılıqla məşğul olan ailə təsərrüfatçılarının sayı kifayət qədərdir. Mənim 58 yaşım var, 1973-cü ildən dədə-babadan qalan peşənin yolçusuyam. Deyim ki, kəndimizdə ilk dəfə arıçılığı yayan, bir çox insanları da bu peşəyə cəlb edən atam olub. Bu gün məndən başqa dörd qardaşım da arıçılıqla məşğuldur. Hazırda təsərrüfatımızda 30-dan çox arı ailəsinə qulluq edirik. Yaz-yay aylarında arı ailələrini Culfanın, Şahbuzun yaylaqlarına aparırıq. Arı ailələrinə vaxtlı-vaxtında göstərdiyimiz düzgün qulluq, eləcə də bu yerlərin təbiətinin gözəlliyi əldə etdiyimiz məhsulun da keyfiyyətli olmasının əsas səbəbidir. Təbiətin möcüzəsi hesab etdiyimiz arı bir çox məhsullar istehsal edir ki, onlar sağlamlığımızın qorunmasında ən yaxşı vasitələrdir. Bal və vərəmum əldə etdiyim belə məhsullardandır.

Ötən il Naxçıvan şəhərində təşkil edilən “Arıçılıq məhsulları – bal festivalı”nda da iştirak edən müsahibim deyir ki, dövlətimizin dəstəyi bu sahəni inkişaf etdirməkdə, genişləndirməkdə böyük rol oynayır. Mənim kimi digər arıçılar da arı xəstəliklərinə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təmin olunur, bizə hər arı ailəsinə görə subsidiya ödənilir, istehsal etdiyimiz məhsulları əlverişli qiymətə sata bilirik. Mən bundan sonra da arı ailələrimin sayını artırmağa, istehsal etdiyim arıçılıq məhsullarının həcmini genişləndirməyə çalışacağam.
Ordubadın Kotam kəndində yaşayan istənilən şəxsdən soruşsan ki, yaxşı balı kimdən ala bilərik? Hamı onun adını çəkər: kənd sakini, ailə təsərrüfatçısı Nazim Həsənovun. O hər il olduğu kimi, bu il də “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edəcək. 30 ildir, arıçılıqla məşğul olan zəhmətkeşin 60 arı ailəsi var. Festival təcrübəsi böyük olan müsahibimin dediklərindən: – Balımızın keyfiyyətini, özünəməxsusluğunu görənlər ikinci dəfə də bu məhsulu arzulayırlar.
Nazim dayının sözlərinə görə, dövlətimizin diqqət və qayğısının əhatəsində, bütün təsərrüfatçılar kimi, ona da ayrılan subsidiyalar sayəsində təsərrüfatını genişləndirib. Baldan müxtəlif çeşidli məhsullar hazırlayır. Həmin məhsulların keyfiyyətinə gəldikdə isə təbabətdə faydalı tərəfləri vurğulanır. Festivala ballı doşab, bal sirkəsi, ballı sucuq kimi keyfiyyətli məhsullar çıxaracaq. Sağlamlıq baxımından faydalı olan bu çeşidlər gözəl ətri ilə də seçilir.
Festivala çıxaracağı bal məhsullarının ümumi çəkisinin 30 kiloya yaxın olacağını bildirən müsahibim ümid edir ki, qarşıdakı illərdə də təsərrüfat məhsulları çəkisi və çeşid müxtəlifliyi ilə alıcıların zövqünü oxşayacaq və ağız dadına xoş gələcək.
Ulu babalarımızın belə bir deyimi var ki, zəhmət çəkən bal yeyər. Bu gün qədim diyarımızın hər bir bölgəsində dövlətimizin yaratdığı gözəl şəraitdə, firavanlıq içində yaşayan əməksevər insanlar məhz bu prinsiplə əkib-becərir, təsərrüfat yaradaraq həm öz gələcəklərinə, həm də yurdumuzun inkişafına töhfə verməyə çalışırlar. Əminik ki, arıçıların fədakar əməyinə verilən növbəti qiymətin ifadəsi olaraq bu gün və sabah keçiriləcək növbəti “Arıçılıq məhsulları – bal festivalı” özünəməxsusluğu ilə bu dəfə də yaddaşlarda dərin təəssürat buraxacaq...

Şərq qapısı qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031