SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu il 6 yeni istehsal və təsərrüfat subyekti yaradılıb-FOTO

Bu il 6 yeni istehsal və təsərrüfat subyekti yaradılıb-FOTO
13-06-2020, 14:53

Muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını daha da artırıb, iqtisadi əlaqələri genişləndirib, yeni sahibkarlıq subyektlərinin yaranmasına stimul verib. Sahibkarlığa dövlət dəstəyinin artması nəticəsində muxtar respublikanın rayon və kəndlərində iri,orta və kiçik istehsal müəssisələri yaradılıb, uğurlu investisiya layihələri həyata keçirilib, yeni sahibkarlıq subyektləri fəaliyyətə başlayıb. Bu il Babək rayonunda da sənaye və kənd təsərrüfatı üzrə yeni subyektlərin yaradılmasına, mövcud olanların isə fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə,cari ilin yanvar-may ayları ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi hesabına 12, özəl investisiya hesabına 4 olmaqla, ümumilikdə 16 layihə əsasında sahibkarlıq subyektinin yaradılması başa çatdırılıb, 6 yeni layihə əsasında təsərrüfat subyektinin, yaxud istehsal sahəsinin yaradılması davam etdirilib. Rayonda gəlirli sahə olan üzümçülüyün inkişafına xüsusi diqqət göstərilir. Hər il yeni üzümlüklər salınır, istehsal olunan məhsullar daxili və xarici bazarlara çıxarılır. Avqust ayının sonlarından başlayaraq payız bitənə qədər süfrələri bəzəyən üzümün yarpağı da olduqca qiymətli hesab olunur. Beş il bundan öncə Nehrəm kəndində yaradılan “Sumqala” üzümçülük təsərrüfatının 80 hektarlıq sahəsindən ötən mövsüm min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiyanın və Ukraynanın bazarlarına ixrac olunub. Bu il ərzində təsərrüfat daha da genişləndirilib. Burada 14 xarici ölkələrdən gətirilmiş üzüm sortu ilə yanaşı, 10-a yaxın yerli üzüm sortu da yetişdirilir.

Bu il 6 yeni istehsal və təsərrüfat subyekti yaradılıb-FOTO

Təsərrüfatda tutumu 2500 ton olan soyuducu anbar tikilib, yığılan məhsulun bazarlara çıxarılması üçün plastik səbətlərin istehsalı sahəsi yaradılıb. Üzümçülük təsərrüfatının baş aqronomu İsgəndər Abdullayevin sözlərinə görə bu iş üçün dövlət maliyyə dəstəyi alıblar. Qeyd edək ki, soyuducu anbar istehsal olunan məhsulun uzun müddət öz keyfiyyətini itirmədən saxlanılmasına və ilin istənilən mövsümündə bazara çıxarılmasına imkan verir. Mühüm bir yenilik də ondan ibarətdir ki, ötən ildən başlayaraq üzüm xarici bazarlara ixrac olunur və belə olan halda onun daşınması üçün plastik səbətlərin istehsal olunması artıq zərurətə çevrilmişdi. Burada gündəlik 5-10 kiloqram tutumlu səbətlərdən 7500, 12-15 kq tutumlu səbətlərdən 6000, 30 kiloqram tutumlu səbətlərdən isə 4500 ədəd istehsal olunur. Yeni sitehsal sahəsinə 10 nəfər işçi cəlb olunub. Qeyd edək ki, istehsal olunan səbətlərin muxtar respublikadakı digər təsərrüfatlara satışı da həyata keçirilir. İki il bundan öncə Məzrə kəndində salınan və Toğrul Hüseynəliyevə məxsus üzüm bağından da bu il ilk dəfə olaraq məhsul yığımı planlaşdırılır. Təsərrüfatında 3 nəfəri işlə təmin edən torpaq mülkiyyətçisinin saldığı üzümlük 1 hektar sahəni əhatə edir.

Gənc təsərrüfatçı məhsuldar üzüm sortları gətirmək, sahəyə yeni su xətti çəkmək, çəpərləmə və digər aqrotexniki tədbirləri aparmaq üçün bu il Sahibkarlığın İnkişafı Fondundan 5 min manat dövlət maliyyə dəstəyi alıb. Cəmşid Həsənov da halal zəhməti və dövlət maliyyə dəstəyi hesabına Nehrəm kəndində nümunəvi təsərrüfatın sahibinə çevrilə bilib. O, nəinki Babək rayonunun, hətta muxtar respublikanın ən təcrübəli və ən tanınmış ailə təsərrüfatçılarından biridir. İstehsal etdiyi məhsulların keyfiyyətinə görə, 2019- cu ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında birinci yerə layiq görülüb. İlk illərdə təsərrüfata qarpız əkini ilə başlayan Cəmşid daha sonra icarəyə götürdüyü torpaq sahələrində meyvə bağısalıb, bostan məhsullarının əkinini genişləndirib. Bu il 30 hektara yaxın sahədə bostan-tərəvəz bitkilərinin əkinini aparıb və haliyədə təsərrüfatında 20-dən çox işçi qüvvəsi var. Cəmşid Həsənov qovun, alça, göycə, tut arağı, üzüm çaxırı, qarpız, pomidor, xiyar turşusu hazırlayır, eləcə də tomat istehsalı ilə məşğul olur. O, bu il 7 çeşiddə meyvə arağının istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, avadanlıq, tara və etiketlərin alınması məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 15 min manat vəsait götürüb.

Bu il 6 yeni istehsal və təsərrüfat subyekti yaradılıb-FOTO

Cəmşid Həsənov deyir ki, sahibkar yaxşı məhsul istehsal etməklə yanaşı, onu alıcıya nümunəvi qaydada təqdim etməyi də bacarmalıdır. Çünki qablaşdırma məhsulun simasıdır. Məhsul müştəriyə nə qədər cəlbedici və xoş təsir bağışlayarsa, onun alınma şansı da bir o qədər artar. Bu ildən başlayaraq məhsulun çeşidini də artıracağam və qablaşdırma və məhsulun etiketlənməsi üçün dövlətdən vəsait də götürmüşəm. Rusiya və Türkiyədən olan müştərilərim meyvə araqlarına və tomata böyük maraq göstərirlər. “İxrac ili”ndə həmin məhsulları yeni qablarda satışa çıxaracağam. Muxtar respublikada verilən güzəştli kreditlər hesabına heyvandarlıq təsərrüfatlarının fəaliyyəti genişləndirilir. Bu il rayonun Kültəpə, Aşağı Buzqov və Naxışnərgiz kəndlərində, ümumilikdə, 120 baş xırdabuynuzlu heyvanın alınması üçün dövlət maliyyə dəstəyi göstərilib, təsərrüfatlarda 6 iş yeri açılıb. Heyvandarlıq təsərrüfatlarının əksəriyyətində xaricdən gətirilən sort keçilər bəslənilir. Xüsusən qardaş Türkiyə Respublikasından gətirilən “Saanen” keçiləri məhsuldarlığı və südünün keyfiyyətinə görə yüksək göstəricilərə malikdir. Göründüyü kimi, yaradılan şərait kəndlini öz yaşadığı yerdə iş sahibinə çevirib. O, öz ailəsinin dolanışığını təmin etməklə yanaşı, təsərrüfatında bir neçə nəfəri iş sahibi edib. Ən əsası isə bazarın tələbatına uyğun olaraq keyfiyyətli və bol məhsul istehsal edir. Elə dövlətin də bu sahibkarlara maliyyə dəstəyi göstərməkdə əsas məqsədi, məramı bundan ibarətdir.

Türqanə NURİYEVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930