SON DƏQQƏ

naxcivanxeberleri.com

“Badamlı” mineral süfrə suyunun dünya bazarına çıxarılması üçün maddi-texniki baza gücləndirilmişdir

“Badamlı” mineral süfrə suyunun dünya bazarına çıxarılması üçün maddi-texniki baza gücləndirilmişdir
13-06-2020, 10:07

2020-ci il muxtar respublikada “İxrac ili” elan olunub. Məhsul ixrac etmək hər bir ölkə üçün mühüm istiqamətlərdən sayılır. Çünki ixrac təkcə məhsul satıb vəsait əldə etməklə məhdudlaşmır. Eyni zamanda bir ölkənin tanınmasına, onun həm iqtisadi, həm siyasi nüfuzunun artmasına təsir göstərən vasitədir.

İxrac, yeni bazarların, yeni ölkələrin məişətinə, həyat tərzinə nüfuz etmək deməkdir. Bu gün rəqabətədavamlı məhsul istehsalı həm daxili bazarın tələbatını ödəmək, həm də məhsul ixracını həyata keçirmək üçün əsas şərtdir. Elə Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının ilk bəndi də yerli xammala əsaslanan rəqabətqabiliyyətli müəssisələrin yaradılmasını nəzərdə tutur. Muxtar respublikamızın ərazisində olan təbii sərvətlərdən biri də onun termal və mineral su yataqlarıdır. Burada yaşayan insanlar min illərdir ki, bu sulardan istifadə etmiş, onların müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyətini təyin edərək müalicə üsullarını hər zaman nəsildənnəslə çatdırmışlar. Bu cür müalicəvi süfrə sularından biri də nəinki muxtar respublikamızda, hətta onun hüdudlarından kənarda da şöhrət tapan, adıyla və dadıyla tanınan “Badamlı” mineral suyudur.

Eyniadlı qəsəbənin ərazisində olan müalicəvi süfrə suyuna yerli əhali böyük əhəmiyyət göstərir. Müxtəlif mənbələrdən aldığımız məlumata əsasən bildirmək istəyirik ki, 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında Badamlı qəsəbəsi ərazisində aparılan elmi-tədqiqat işlərinin nəticəsində Badamlı mineral bulağı aşkar olunmuş və suyun istehsalı üçün burada kiçik müəssisə yaradılmışdır. Minerallarla zəngin olan suyun tərkibində yod, brom, borat turşusu vardır. Badamlı iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq sisteminin, qaraciyər xəstəliklərinin müalicəsi üçün də faydalıdır. Onun tərkibi Rusiyanın Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eynidir. Adı-dadı dillər əzbəri olan mineral suyun istehsal olunduğu “Badamlı” Mineral Sular Zavoduna yollandıq və görülən işlərlə tanış olduq. Böyük bir ərazidə inşa olunan zavodda ikimərtəbəli inzibati bina, istehsal sahələri, anbarlar tikilib. Zavod böyük və yüksək texniki imkanlara malikdir. Zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və qəsəbə sakinləri üçün yeni iş yerinin açılmasına zəmin yaradıb. Həmçinin zavod vasitəsilə “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac imkanları da artacaq. Bu da gələcəkdə yeni iş yerlərinin açılması deməkdir. Burada Fransanın “Sidel” şirkətinin istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Zavod muxtar respublikada tikilən ən böyük obyektlərdən biri olmaqla yanaşı, həm də qəsəbənin yeniləşən simasına daha bir müasir ünvan bəxş edib. 1947-ci ildən burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanmışdır.

Ancaq burada mövcud olan su ehtiyatlarından lazımınca istifadə olunmamışdır. Bu şəfqətli suyun sorağına gələnlər müəssisədə çalışıb, eyni zamanda iş yerlərinə yaxın olsun deyə, ərazidə özlərinə evlər də tikməyə başlamışlar. Müəssisə fəaliyyətini genişləndirdikcə burada yaşayanların da sayı artmış, məskunlaşan insanlar həmin evləri genişləndirmiş, bağ-bağatlar salmışlar. 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası da inşa olunmuşdur. 2003-cü ilədək bura “Badamlısu” deyirdilər. Beləliklə, ötən əsrdə aşkarlanan mineral süfrə suyu və həmin suyun sorağı ilə əraziyə üz tutanlar “Badamlı”sı ilə tanınan bugünkü Badamlı qəsəbəsinin yaranmasına səbəb olmuşlar. Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artmışdır.

Müəssisədə Almaniya və Çexoslovakiya istehsalı olan texnoloji avadanlıqlar tətbiq olunmaqla, istehsal gücü 18 min butulkaya çatmışdır. Zavodda istehsal olunan məhsulun çox hissəsi ittifaq ölkələrinə göndərilmişdir. İstehsal tarixindən az vaxt keçməsinə baxmayaraq, “Badamlı” mineral suyuna olan tələbat günü-gündən yüksəlirdi. Hələ sovet dövründə müəssisənin şöhrəti ittifaq miqyasında dolaşırdı. 1970-1980-ci illərdə həmin müəssisə tamamilə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90 faizi respublikamızdan kənara aparılırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi, “Badamlı” mineral suyunun da istehsalında durğunluğun yaranmasına yol açmış, şöhrəti bütün dünyaya səs salan zavodun fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993- cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır.

Muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytardı. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2004-cü ildə özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən fəaliyyətə başladı, keyfiyyətli məhsul istehsal olundu. “Badamlı” mineral suyunun ikinci dəfə sənayə üsulu ilə istehsalına 2009-cu ildən başlanılmışdır. Və bu vaxtlarda “Badamlı” mineral suyu 5 ölkəyə ixrac olunurdu. Mineral suya tələbatın artması Badamlı qəsəbəsində yeni müəssisənin qurulmasını zərurətə çevirdi. Muxtar respublika rəhbərliyinin göstərişi ilə ümumi sahəsi 10 min 590 kvadratmetr olan yeni zavod inşa edildi. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarlarından ibarətdir.

Zavodda Fransa istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisədə qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada “Badamlı” suyu istehsal edilir. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçirilir. Qeyd edək ki, “Badamlı” mineral su yatağı eyniadlı qəsəbənin cənub-qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çağlayır. Təbiət möcüzəsi olan bu mineral su bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir. İki mərtəbədən ibarət inzibati binada 14 iş otağı, server və növbətçi otaqları, iclas zalı, mətbəx, yeməkxana və digər xidməti otaqlar yerləşir. Həmçinin zavodda istehsal, filtirasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissələri vardır. Yenicə istifadəyə verilmiş zavodda müasir avadanlıqlarla təmin edilmiş laboratoriyalar da vardır. Burada istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət edilir. Müasir arxitektura üslubunda tikilmiş ikimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınaraq iş və texniki otaqlar istifadəyə verilmişdir. Digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqlənən “Badamlı” mineral suyunun şöhrəti bu gün dünyanın hər yerinə yayılmışdır. Sovetlər birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yaxın zamanlarda istifadəyə verilən yeni zavodda isə su ehtiyatının 100 faizindən istifadə olunacaq. Müəssisənin istehsal gücü 150 milyon şərti butulkadır.

Hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız su istehsal edilir. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılmış, Türkiyənin “Ektam” və Fransanın bu sahədə qabaqcıl “Sidel” şirkətinin ən müasir avadanlıqları quraşdırılmışdır. Qeyd edək ki, yenicə istifadəyə verilən zavodda görülən işlər muxtar respublikanın ixrac imkanlarının artmasına və məşğulluğun təmin olunmasına şərait yaradacaqdır. Hal-hazırda 72 nəfər zavodda işlə təmin edilmişdir. Yüksək rəqabət qabiliyyətinə malik olan yeni zavodun istifadəyə verilməsi, fəaliyyətin səmərəli qurulması burada gələcəkdə yeni iş yerlərinin açılmasına və mövcud olan təbii sərvətlərimizdən də səmərəli istifadəyə şərait yaradacaqdır. “Badamlı” mineral suyunun bu gün muxtar respublikamızdan və ölkəmizdən kənarda kifayət qədər alıcı kütləsi var. İndi dağlar qoynundakı Şahbuzun Badamlı qəsəbəsində kristal kimi təmiz, təbiətin müasir texnologiya ilə bir araya gəldiyi yeni zavodda doldurulan bu su çox geniş alıcı kütləsi qazanmışdır.

Tarixə nəzər salsaq görərik ki, “Badamlı” mineral süfrə suyu sənaye üsulu ilə istehsal olunduğu vaxtdan bu məhsulun yüksək keyfiyyətlə buraxılmasına heç vaxt indiki qədər geniş imkanlar yaradılmışdır. “Badamlı” Mineral Sular Zavodunun fəaliyyəti ilə bu möcüzəli suyun şöhrəti, sözsüz ki, dünyanın daha neçə-neçə ölkəsinə yayılacaq. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, 2020-ci ilin “İxrac ili” elan edilməsi rayonumuzda da sosial-iqtisadi sahədə böyük uğurların əldə edilməsinə imkan yaradacaqdır.

Turanə BAXŞƏLİYEVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930