SON DƏQQƏ

naxcivanxeberleri.com

Badamlı dərdlərin dərmanı, belə su de hanı?

Badamlı dərdlərin dərmanı, belə su de hanı?
10-06-2020, 09:13

Badamlı dərdlərin dərmanı, belə su de hanı?

Ölməz sənətkar Rəşid Behbudovun ifasında yaddaşımızda həmişəlik kök salmış məşhur “Badamlı” mahnısının bu sözləri doğma diyarımızın hər kəsə yetəcək nemətlərlə zəngin olduğunu, sanki nə zamanlardansa əzbərlətmişdi bizə. Bu gün isə adıyla-dadıyla şöhrəti bütün dünyaya yayılmış Naxçıvanın “Badamlı” mineral suyunun təkcə Şahbuz torpağının deyil, bütün ölkəmizin milli sərvəti kimi tanıdılması və istifadəsi də bugünkü müstəqil inkişafımızın bir bəhrəsidir. 

 Ölkəmizdə elə məhsullar vardır ki, onların bir qismi daimi olaraq insanların yaddaşında yaxşı qalır və istər daxili, istərsə də “Made in Azerbaijan” brendi ilə xarici bazarlardakı reklamı onlara həmişə uğur qazandırır. Bu mənada, hələ 1947-ci ildən təkcə respublikamızda deyil, keçmiş Sovetlər Birliyinin hər yerində özünə geniş alıcı kütləsi tapmış Naxçıvanın “Badamlı”sı da artıq zaman gəldi ki, elin sərvəti kimi hər damlasına qədər bu torpağın əzəli sakinlərinin rifahına, süfrələrinin bəzəyinə və ölkəmizin tanıtım markasına çevrildi. İndi dağlar qoynundakı Şahbuzun Badamlı qəsəbəsində kristal kimi təmiz təbiətin müasir texnologiya ilə bir araya gəldiyi yeni zavodda doldurulan bu su Rusiyadan Qazaxıstana, Çindən Ərəb ölkələrinədək çox geniş coğrafiyada hər kəsin ürəyini sərinlədir. Bundan başqa, ötən illərdə Naxçıvana səyahət edən turistlərin yerli mineral su kimi “Badamlı”nı şərbət kimi içdiyini görəndə bunun ölkəmiz adına necə gözəl canlı reklam olduğunu da görürdük. Odur ki, Naxçıvanda “İxrac ili” elan olunmuş 2020-ci ildə “Badamlı” mineral suyunun qablaşdırılması üçün yeni zavodun tikilməsinə də bu məqsədlərə xidmət edən mühüm layihə kimi baxmaq mümkündür.


Ötən ayın sonlarında “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilərkən bu munasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında yeni zavodun tikilməsinə xarici bazarda Badamlı suyuna təlabatın artması ilə əlaqədar zərurət yarandığını, yeni zavod vasitəsilə Naxçıvanın bu brend məhsulunun illik istehsalının artırılmasının ixrac baxımından əhəmiyyətliliyini vurğulamışdır. Ali Məclisin Sədri fəaliyyətin səmərəli qurulmasının gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərmizdən də səmərəli istifadəyə imkan verəcəyinin bildirərək demişdir: “İqtisadiyyat Nazirliyi aid qurumlarla birlikdə muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadəni təmin etməli, yeni müəssisələr fəaliyyətə başlamalı, daxili təlabat ödənilməli və ixracyönümlü məhsul istehsal olunmalıdır. Çünki təbii sərvətlərdən səmərəli istifadə inkişaf deməkdir. Bu gün muxtar respublikada əsas tikinti materiallarına, mineral və içməli suya olan təlabat yerli istehsal hesabına ödənilir. 2009-cu ildən etibarən Badamlı mineral suyu 5 ölkəyə ixrac olunur. Lakin yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına və digər istehsal sahələrin yaranmasına da imkan verəcəkdir. Zavodda Fransanın “Sidel” şirkətinin ən müasir avadanlıqları quraşdırılmışdır. Bir sözlə, “Badamlı” Mineral Sular Zavodu muxtar respublikanın sərvətidir. Ona görə də kollektiv qurulan avadanlıqlardan və yaradılan şəraitdən səmərəli istifadə etməli, işçilərin təminatı və mütəxəssislərlə işə diqqət artırılmalıdır”.
Naxçıvan mineral sularla zəngindir. Hamının çox sevdiyi “Badamlı” mineral su yatağı isə 700 nəfərdən artıq sakinin yaşadığı Badamlı qəsəbəsinin cənub-qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Badamlıya gedərkən Naxçıvan-Şahbuz avtomobil yolundan Badamlı qəsəbəsinədək aparan yol və ətrafındakı modern quruculuq müasirliyi ilə diqqəti cəlb edir. Suyun yatağından son alıcısına qədər çatdırılması üçün yaradılmış 42,5 min kvadratmetr ərazidəki yeni zavod da müasirliyin bir nümunəsidir. Təmizlik şərtlərinin ən yüksək səviyyədə gözlənildiyi müəssisədə tamamilə əl dəymədən qablaşdırılan müxtəlif çeşidlərdəki qazlı və qazsız “Badamlı” mineral suları bir-birinin ardınca iritonnajlı yük maşınlarına yüklənərək ticarət məntəqələrinə göndərilir. Burada olarkən istehsalat müdiri Rəfail Əliyev dedi ki, əvvəlcə illik istehsal gücü 60 milyon şərti butulka olmuş bu müəssisənin illik istehsal gücü indi 150 milyon şərti butulkaya çatıb. O qeyd etdi ki, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda su istehsal edilir ki, bu da yatağın su ehtiyatından 100 faiz istifadə olunması deməkdir. Zavodda Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılmışdır. Ümumilikdə, istehsal, filtrasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya bölümlərinin olduğu zavodda keyfiyyət tələblərinə ən ciddi şəkildə diqqət göstərilir. Belə ki, hər saatbaşı məhsuldan götürülən nümunə əsasında suyun analizi aparılır və məlumatlar toplanılır. 
72 işçinin çalışdığı “Badamlı” Mineral Sular Zavodunda insanların rahat və təhlükəsiz işi, sosial-məişət şəraiti üçün ən kiçik detala belə, diqqət yetirilir. İstehsal sahəsinə daxil olan hər bir şəxsin mütləq qaydada dezinfeksiya prosedurundan keçməsi, işçilərin xüsusi geyimlə təmin olunması, elə zavodun həyətində və yüklənən maşınlarda müşahidə olunan təmizlik müştərilərdə Naxçıvan məhsullarına marağın təsadüfi olmadığını bir daha sübut edir. 
Burada işlə təmin olunmuş yerli sakin Ceyhun Hüseynov minnətdarlıqla qeyd etdi ki, təmin olunduqları normal əməkhaqqı ilə yanaşı, müəssisədə yaradılmış çay, yemək, nəqliyyat servisləri, verilən xüsusi geyim, avadanlıqların işlədilməsi üzrə aparılan təlimlər onların bu zavodda məhsuldar işləməsi üçün bütün imkanları yaradır. 
Qeyd edək ki, “Badamlı” Mineral Sular Zavodunun Naxçıvan və və Bakı şəhərlərində satış bazaları yaradılıb və praktik olaraq ölkəmizin hər yerində satışı həyata keçirilməkdədir. İndi əvvəlki kimi daha dadlı, daha tamlıdır “Badamlı”. 
İç onu ürəyin qoy sərin olsun!

 

 Əli CABBAROV

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930