SON DƏQQƏ

naxcivanxeberleri.com

İstehsal müəssisəsinin ixrac imkanları artır

İstehsal müəssisəsinin ixrac imkanları artır
7-06-2020, 19:16

Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə çox böyük tarixi nailiyyətlər, uğurlar və tükənməz dövlətçilik təcrübələri-müstəqil Azərbaycan, əbədi azadlıq bəxş edib. Muxtar respublikamızın bugünkü sürətli sosial-iqtisadi inkişafı, milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, bütün sahələrdə əldə edilmiş mühüm irəliləyişlərin qazanılması da Heydər Əliyev siyasi kursuna münasibətdə sözlə əməlin dərin sədaqətlə, konkret işin canlı örnəyi kimi diqqəti cəlb edir. Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi muxtar respublikada bütün sahələrdə yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilib. Muxtar respublikada hərtərəfli inkişaf nəticəsində xarici ölkələrlə iqtisadi ticarət elmi-mədəni, təhsil, turizm və sair sahələrlə əlaqələrin genişləndirilməsinə şərait yaradıb. Sevindirici haldır ki, muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili davamlı xarakter alıb. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu gün muxtar respublikada, eləcə də onun rayonlarında ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, tütünçülük, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərir. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, yerli məhsulların satışı üçün əlverişli imkanların olması və keçirilən ailə təsərrüfatları festivalları muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaratdı və bu da istehsal olunan məhsulların ixrac imkanlarını artırır. Bu gün üzərində “Naxçıvan Muxtar Respublikası” yazılan yüzlərlə məhsul var ki, ölkəmizin digər bölgələrinə və dünyanın bir çox yerlərinə ixrac edilir. Bütün bunlara görə muxtar respublikamızın qısa müddət ərzində keçdiyi inkişaf yoluna sevinməmək mümkün deyil. Bir zamanlar yalnız qonşu ölkələrdən gələn məhsullar hesabına yaşayan Naxçıvan bu gün regionun əsas ixracatçısına çevrilib. Həqiqətən də blokada şəraitində yaşayan məkan barədə danışanda gözlərimiz önündə çətin sosial-iqtisadi vəziyyət canlanır. Bəlkə də Naxçıvanda ötən illər ərzində görülən işlər olmasaydı, bu diyarda həmin acı reallıqlar hökm sürməkdə davam edərdi. Ancaq bu, belə olmadı. İcrası uğurla reallaşdırılan ardıcıl dövlət proqramları sayəsində muxtar respublikamız artıq keyfiyyətli məhsul ixracatçısı, beynəlxalq tədbirlərə ev sahibliyi edən və şərqlə qərbi bir-birinə qovuşduran ümumcoğrafi məkan kimi tanınır. Bu gün artıq Naxçıvan Muxtar Respublikası dedikdə, davamlı və dayanıqlı inkişaf yolunda olan ixrac imkanlarını daha da artıran müasir bir ixracat regionu göz önünə gəlir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi təsadüfi deyildir. Bütün bunlar bir daha göstərir ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafı davamlı olduğu kimi, onun ixrac potensialı da ilbəil artmaqdadır. Bu gün nəinki muxtar respublikanın mərkəzində, eyni zamanda onun rayonlarında da ixrac imkanları vardır. Bu sahədə biz Şahbuz rayonunun adını da fəxrlə çəkə bilərik. Bu gün rayonun bir çox istehsal müəssisələri tərəfindən ixrac olunan məhsullar bunu deməyə imkan verir. Bir neçə ildir ki, rayonumuzda fəaliyyət göstərən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilmiş, 2010-cu ildə isə dövlətdən alınan güzəştli kredit hesabına yaradılmış bu müəssisə elə həmin ildən də tam fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk ildə cəmi 4 adda-çobanyastığı, solmazçiçəyi, adaçayı, yarpız bitkilərini toplayıb çaylarını hazırlayan müəssisə ildən-ilə öz fəaliyyətini genişləndirir, hal-hazırda müəssisədə 60 adda, 70 çeşiddə məhsul istehsal olunur. Müəssisədə istehsal olunan məhsulların 40-ı bitki və bitki çayları, 15-i müalicəvi bitki yığıntılarıdır. Burada 2 cür bəkməz (kecibuynuzu və tut bəkməzləri), herbaflora ilə birgə 10 cür kapsul istehsal olunur. Bitkilərin növündən və istifadə qaydasından asılı olaraq istehsal üçün onların yarpağı, çiçəyi, meyvəsi, qabığı götürülür. Hazırda bu çaylar ətri və insan orqanizmi üçün faydalarına görə əvəzsizdir. Faydalı minerallarla yanaşı, fosfor, yod, kalsium və bir sıra vitaminlərlə zəngin olan bu çayların tərkibindəki antioksidant maddələri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Bu bitkilərin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkoloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır. Rayonumuzun dağlarında şəfalı bitkilərin olduğunu, həmin otlardan dəmləmə ilə bir çox xəstəliklərin müalicəsinin dava-dərmansız mümkün olduğunu yəqin ki, bilməyən yoxdur. Muxtar respublikamızda təbabətdə istifadə edilən 200 növdən çox dərman bitkisi var. Rayonun əlverişli relyef şəraiti, özünəməxsus torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyü formalaşdırmışdır. Ərazidə 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin yayıldığı məlum olmuşdur. Bu, Azərbaycan florası növlərinin 65,8 faizini təşkil edir. Hal-hazırda burada elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri çoxluq təşkil edir. Onlardan adi boymadərən, təpəlik kəklikotusu, adi dazıotu, adi qaraqınıq, qatlı solmazçiçək, aptek gücotu, hündür andız, hündür qantəpər, quş qızılcığı, ürək damotu, tarla qatırquyruğu, dərman şahtərəsi, güclü boyaqotu və bir çoxlarını misal göstərə bilərik. Gözəl təbiəti olan rayonumuzun zəngin bitki örtüyündən toplanan məhsullar hesabına burada hər il tonlarla dərman bitkiləri tədarük olunur. Tarixən bu qədim diyarın əhalisi dağlardan-daşlardan toplanan bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmişlər. Bu bitkilər hər zaman insanları xəstəliklərdən qorumuş, səhhəti pozulanlara şəfa vermişdir. Əbəs yerə demirlər ki, təbiətdə bütün xəstəliklərin şəfası var. Bu şəfanı müalicəvi dərman bitkilərindən almaq mümkündür. Sadəcə, həmin bitkilərin, necə deyərlər, dilini bilmək, onlardan istifadə qaydalarını mənimsəmək lazımdır. Hal-hazırda yurdumuzda güllüçiçəkli yaz fəslidir. Dağların yamacları aləlvan çiçəklərlə, müxtəlif otlarla örtülmüşdür. Onların arasında min bir dərdin dərmanı olan bitkilər də var. Hazırda sakinlər tərəfindən gicitkən, kəklikotu, çobanyastığı, qantəpər, solmazçiçəyi, qırxbuğum və bir çox bitkilər toplanılır. Hələ qədim zamanlardan bu torpaqda şəfa mənbəyi olan bitkilər yetişdiyi üçün muxtar respublikada dərman bitkilərinin istehsalı ilə məşğul olan müəssisə də elə bu ərazidə fəaliyyət göstərir. Müalicəvi bitkilər əsasən 40 qramlıq qutularda qablaşdırılır. Müəssisədə istehsal olunan müalicəvi bitki yığıntıları isə bir neçə bitkinin qarışığından hazırlanır. Bu çaylar 27 və 40 qramlıq qutularda qablaşdırılır. Onların qutularının üzərində hansı dərdə məlhəm olduğu, necə istifadə olunma qaydası alıcılara izah olunur. Qeyd edək ki, müəssisə gün ərzində 800 qutu çay, 400 şüşə qab bəkməz, 300 şüşə qab kapsul istehsal etmək gücünə malikdir. Məhsulların qutularının üzərində istifadəsinə göstəriş, saxlanma şəraiti və istifadə tarixi haqqında məlumatlar əks olunur. Müəssisədə “Şahab” və “Şafam” etiketləri ilə keçibuynuzu və tut bəkməzləri buraxılır. Keçibuynuzu bəkməzi Türkiyə respublikasından xammal olaraq alınır və müəssisədə əlavə emal edilməklə hemogenləşmə aparıldıqdan sonra qablaşdırılır. Tut bəkməzi isə tamamilə demək olar ki, yerli xammaldan hazırlanır. Hal-hazırda bir çox xəstəliklərin müalicəsində istifadə olunan qara çörəkotu, ərküdə, sarımsaq və digər bitki yığıntılarından kapsullar da hazırlanır. Üyüdülmüş bitkilər kapsullara doldurulur və tutumu 60 və ya 100 kapsul olan şüşə flakonlara yığılır. Hepakaps-70 və hepakaps-40 qaraciyərin xroniki iltihabı xəstəlikləri, spirtli içkilər, antibiotiklər və digər preparatlarla toksiki zəhərlənmələrdə, bütün növ hepatitlərdə və sirrozda, qaraciyər piylənməsində, öd və öd yolları xəstəliklərində istifadə olunur. Muxtar respublikamızda fəaliyyət göstərən ticarət mərkəzlərində, əczaxanalarda, hətta Naxçıvandan kənarda belə “Farma Şah”ın məhsullarını almaq mümkündür. Bu il müəssisədə istehsal olunan məhsulların Türkiyə respublikasına ixracı nəzərdə tutulur. Aqrar sahənin sürətlə inkişaf etdirildiyi Şahbuz rayonunda son illərdə yeni sahibkarlıq subyektlərinin, eyni zamanda ailə təsərrüfatlarının yaranması da müxtəlif kənd təsərrüfatı məhsullarının kütləvi istehsalına şərait yaratmışdır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, hazırda rayonda quşçuluq, balıqçılıq, arıçılıq, xırda və iribuynuzlu heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçilik və digər sahələr uğurla inkişaf etdirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 2020-ci ilin “İxrac ili” elan edilməsi rayonumuzda da sosial-iqtisadi sahədə böyük uğurların əldə edilməsinə imkan yaradacaq.

 

T.Baxşəliyeva

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930