SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət proqramının uğurlu icrası bol məhsul təminatı yaradıb

Dövlət proqramının uğurlu icrası bol məhsul təminatı yaradıb
6-06-2020, 16:53

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı məqsədilə kompleks tədbirlər həyata keçirilir, bu sahə ilə məşğul olanlara güzəştli kreditlər verilir, meliorativ tədbirlər görülür, məhsulların satışı üçün yarmarkalar təşkil olunur. Qazanılan nailiyyətlərin əsasında “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icra olunması dayanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016- cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə, bu sahədə məşğulluğun artırılmasına və kənd əhalisinin sosial rifahının yaxşılaşmasına imkan verib.

Dövlət proqramının uğurlu icrası Babək rayonunda da bol məhsul təminatı yaradıb. Əkinçilərin hər hansı məhsulu rüsum ödəmədən muxtar respublikaya gətirmələrinə şərait yaradılması bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.Bu, bir daha sübut edir ki, kənd əhalisinin məşğulluğunun artırılması, meyvə və tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və aqrar sektorun davamlı inkişafı dövlət tərəfindən diqqət yetirilən başlıca sahələrdəndir.

2020-ci ilin yanvar-mart aylarında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə rayonun torpaq mülkiyyətçiləri toxumluq kartofu idxal rüsumu ödəmədən muxtar respublikaya gətiriblər. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramında torpaqların su ilə təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə qeyd olunan dövrdə Babək rayonunda 106,4 hektar ərazidə torpaq mühitinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, kanallar və kollektorlar lildən təmizlənərək hidrotexniki qurğularda təmir-bərpa işləri aparılıb.

Eyni zamanda əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Kültəpə kəndində 1 subartezian quyusu təmir edilib. Rayonda əhalinin ilboyu keyfiyyətli meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə soyuducu anbar şəbəkəsinin yaradılması da diqqət mərkəzində saxlanılıb.Qeyd olunan dövrdə Nehrəm kəndində özəl investisiya qoyuluşu hesabına “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tutumu 2500 ton olan soyuducu anbarın yaradılması başa çatdırılıb. Bu soyuducu anbarın yaradılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəyyən həcmdə dövlət maliyyə dəstəyi göstərilib. Həmin soyuducu anbara meyvə-tərəvəz tədarük edilib və tədarük olunan məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılıb. Bu illər ərzində meyvə və tərəvəzçilik təsərrüfatının yaradılması və genişləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilib.

Belə ki, Nehrəm kəndində meyvə-tərəvəz məhsullarının qablaşdırılması və araqlarının hazırlanması, rayonun Məzrə kəndində isə 1 hektar ərazidə salınmış üzüm bağının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb. Bununla yanaşı, Xəlilli kəndində 12 hektar torpaq sahəsində qarğıdalı və bostan bitkiləri əkininin, Sirab kəndində isə 6 hektarda bağçılıq təsərrüfatının yaradılması davam etdirilib. Əkin atlaslarına uyğun əkin aparılması məqsədilə Babək rayonunun Kərimbəyli kəndində rayon İcra Hakimiyyəti başçısının, qəsəbə və kənd üzrə nümayəndələrin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.Görüş zamanı torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar müvafiq bələdiyyə sədrlərinə təqdim olunub, onlara kartoqramlardan istifadə qaydaları izah edilib.

 

Görülən bütün tədbirlər, qəbul olunan Dövlət proqramının uğurlu icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, bol məhsul təminatının yaradılmasına xidmət edir. Bu gün dünyanı cənginə alan məlum pandemiyanın tüğyan etdiyi bir vaxtda Naxçıvanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problemin yaşanmaması da bir daha sübut edir ki, qədim diyarda bu sahə xüsusilə diqqətdə saxlanılır.

 

Türqanə NURİYEVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930