SON DƏQQƏ

naxcivanxeberleri.com

Kəngərlinin aqrar-sənaye potensialı muxtar respublika iqtisadiyyatına öz töhfəsini verir

Kəngərlinin aqrar-sənaye potensialı muxtar respublika iqtisadiyyatına öz töhfəsini verir
17-05-2020, 10:45

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında hər bölgənin öz yeri var. Muxtar respublikanın rayonları tarixən aqraryönümlü olmağı ilə diqqət çəksə də, son illərdə iqtisadiyyatın dayanıqlığı, eyni zamanda yerli xammaldan məqsədəuyğun şəkildə istifadə olunması istiqamətində görülən işlər aqrar bölgələrin aqrar-sənaye bölgələrinə çevrilməsinə lazımi şərait yaradıb. Belə bölgələrdən biri də Kəngərli rayonudur.

 

Əhalisinin məşğulluğu əsasən aqrar sahələrdə təmin olunan Kəngərli rayonunda ötən dövrdə həyata keçirilən təsərrüfat islahatları bölgədə müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını şərtləndirib. Heyvandarlıq və əkinçilik istiqamətlərinin inkişaf etdirilməsi, ilk növbədə, dövlətin bu sahəyə göstərdiyi lazımi dəstəklə bağlıdır. Belə ki, ötən dövrdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları və hazırda icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikanın digər rayon inzibati vahidləri kimi Kəngərli rayonunun da hərtərəfli inkişafına yeni imkanlar açmışdır. Bununla bərabər, ayrı-ayrılıqda həm heyvandarlıq, həm də müxtəlif əkin məhsullarının istehsalını artırmağı nəzərdə tutan dövlət proqramlarının qəbulu da kənd təsərrüfatı məhsullarının istehsal həcminə öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, istər ötən il, istərsə də bu ilin ötən dövründə əldə olunan nəticələr aqrar sahədə dinamikliyin qorunub saxlanılması ilə bərabər, məhsul istehsalında da uğurlu nəticələr qazanılmasına imkan vermişdir. 2019-cu ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsal həcmi digər sahələrdən öndə olmuş, bu artım tempi cari ilin ötən dövründə də qorunub saxlanılmışdır. Həmçinin, rayonda sənaye məhsullarının həcmi milli valyuta ilə daha çox olsa da, kənd təsərrüfatı sahəsində məhsul artımı daha çox olmuşdur. Kəngərli Rayon Statistika İdarəsinin məlumatına görə, 2020-ci ilin yanvarmart aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu 0,7 faiz, kənd təsərrüfatı məhsulu 2,9 faiz artmışdır. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinə - məsələn, heyvandarlıq məhsullarının istehsal həcminə nəzər salsaq görərik ki, 2020-ci ilin yanvar- mart ayları ərzində 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı diri çəkidə 1,1 faiz artaraq 795 tona, süd istehsalı 1,4 faiz artaraq 1034 tona çatmışdır. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvarmart aylarında bir il öncəyə nisbətən 2,9 faiz çox, yəni 3 milyon 223 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Sənaye sahəsində isə ən çox yeni istehsal və xidmət sahələrinin yaradılması bu sahənin inkişafının göstəricisi kimi qəbul olunur. Statistikaya görə, 2020-ci ilin yanvar- mart aylarında rayonda 7 milyon 767 min 100 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrüilə müqayisədə 0,7 faiz çoxdur. Bu rəqəmlər onu göstərir ki, ötən illərdə bölgə iqtisadiyyatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər məqsədyönlü xarakter daşıyır. Məsələn, 10 il bundan əvvəl rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları sadəcə, “sahələrdən- piştaxtaya” məntiqi ilə həyata keçirilirdisə, bu gün artıq həmin istehsalçılar məhsulun qablaşdırılmasına və yaxud sənaye üsulundan istifadə etməklə digər ərzaq məhsullarını istehsal etməyə yönəlirlər. Çünki bu gün bazarın və istehlakçının tələbi bunu diktə edir. Nəticədə isə yeni istehsal sahələrinin yaradılması zərurəti ortaya çıxır ki, bu da həm əhalinin məşğulluğuna, həm də bölgənin aqrar sahədən aqrar-sənaye bölgəsinə çevrilməsinə zəmin yaradır. Bundan əlavə, son illərdə sahibkarlığa göstərilən dövlət dəstəyi nəticəsində digər rayonlarda olduğu kimi, Kəngərli rayonunda da qeyri-ərzaq istehsalı sahələri genişlənib. Üzlük daş, sement, alçı, məsaməli beton, gips karton, mebel, qazlı içkilər istehsalı və sair sənaye məhsullarının həcmini daha da artırır. Həm də kənd təsərrüfatı məhsullarından fərqli olaraq, sənaye məhsullarının maya dəyəri yüksək olduğundan istehsal olunan sənaye məhsullarının manatla həcmi daha yüksək olur. Buna görə də, cari ilin yanvarmart aylarında rayonda istehsal olunmuş 7 milyon 767 min 100 manatlıq sənaye məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz, bu həcmin, təxminən, yarısı – 3 milyon 223 min 900 manatlıq kənd təsərrüfatı məhsulu isə 2019- cu ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox təşkil edib. Ümumilikdə götürsək, bunu vurğulamaq lazımdır ki, Kəngərli rayonu ildən-ilə aqrar sahədə öz nailiyyətlərini artırmaqla yanaşı, sənaye sahəsində də mühüm nəticələr əldə edir. Rayonun sənaye potensialının artırılmasına bu gün əhəmiyyətli təsir göstərən amillərdən biri də odur ki, muxtar respublikamızın travertin və mərmər daş, sement, alçı, gips, məsaməli beton kimi inşaat materiallarının istehsalı üçün xammal bu rayonun ərazisində yerləşir və iqtisadi əlverişlilik baxımından da həmin xammalın istehsalı üçün mövcud müəssisələr burada fəaliyyət göstərir. Bütün bunlar isə onu deməyə əsas verir ki, muxtar respublikamızın ən gənc rayonu olan Kəngərli dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar-sənaye bölgəsinə çevrilib. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması isə rayonda istehsal olunan həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının xarici bazarlara çıxarılmasına yeni imkanlar açmaqla yanaşı, muxtar respublika iqtisadiyyatının dayanıqlığına da öz töhfəsini verir.

 

Səbuhi HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930