SON DƏQQƏ

naxcivanxeberleri.com

Ölkə iqtisadiyyatında innovasiyanın və vergi stimullaşdırılmasının rolu

Ölkə iqtisadiyyatında innovasiyanın və vergi stimullaşdırılmasının rolu
26-04-2020, 15:55

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən müasir qlobal çağırışlar əsasında zəngiləşdirilərək, uğurla davam etdirilən milli inkişaf strategiyası ölkəmizin və xalqımızın gələcəyinə böyük nikbinliklə baxmağa imkan verir.
“İnnovasiya” termini latın dilində “innovato” sözündən olub, yenilənmə və yaxşılaşma deməkdir. Dünya inkişafının müasir mərhələsinin səciyyəvi xüsusiyyəti insan sivilizasiyasının sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid sayılır. Bu isə, hər şeydən əvvəl elm və texnikanın cəmiyyət həyatının bütün tərəflərinə daha da güclənməkdə olan təsirinin qlobal xarakteri ilə, irimiqyaslı sosialiqtisadi və tarixi dəyişikliklərə aparan elmi texnoloji irəliləyişlərlə əlaqədardır. Buna uyğun olaraq, iqtisadi artımın əsas amillər və mənbələr dəsti də dəyişir. Bunlar içərisində iqtisadi sistemin inkişafı səviyyəsinə təsir göstərmək qabiliyyətinə malik təbii resurslar və kapitalla yanaşı, inteqral resursa çevrilə bilən elmi biliklər daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Təcrübə müstəvisində bu, yeni biliklərin məhsul və ya texnoloji yeniliklərə çevrilməsini təmin edən innovasiya prosesini ön plana keçirir. İnnovasiya prosesi əslində təkrar istehsal tipini, sosialiqtisadi münasibətlərin keyfiyyətini dəyişməklə və özünəməxsus yığım forması, xüsusi sərvət strukturu və yığım effektivliyinin xüsusi qiymətləndirmə meyarları kəsb edən yeni innovasiya yönümlü iqtisadiyyatı yaratmaqla bütün təsərrüfatçılıq sisteminin fəaliyyətində hakim rol oynamağa başlayır.
İnnovasiya proseslərinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 75-90 faizi, MDB ölkələrində isə 10 faizi innovasiya sektoru hesabına təmin olunur.
İqtisadiyyatın inkişaf etdirilməsində innovasiyaların, yeni texnologiyaların tətbiqi ilə yanaşı, iqtisadi münasibətlərin etibarlılığı və sabitliyini təmin edən, cəmiyyətin praktik olaraq əhəmiyyətli məsələlərinin ən effektiv həllinə imkan yaradan hüquqi vasitələr də xüsusi əhəmiyyət daşıyır. Həmin vasitələrdən biri olan vergi güzəştləri mühüm elmi və praktiki mənaya malikdir.
İqtisadiyyatın inkişafının innovasiya mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.
Sənaye və texnologiya parklarının iqtisadi inkişafdakı müsbət rolu barədə beynəlxalq təcrübə nəzərə alınmaqla, Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin tərkib hissələrindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının istiqamətlərindən biri də innovativ sahibkarlığın inkişaf etdirilməsini, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılmasını nəzərdə tutur. Ölkə başçısının fərman və sərəncamları ilə artıq Bakı şəhərində Balaxanı Sənaye Parkı, Sumqayıt şəhərində Kimya Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı yaradılmışdır.
Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:
1. İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
2. İqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
3. Ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
4. Əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə (102.1.21-ci maddə), yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi müddət qoyulmadan mənfəət vergisindən (106.1.12-ci maddə), yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə mənfəət vergisindən (106.1.13-cü maddə), sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idarəedici təşkilat və operator tərəfindən idxal edilən texnikaların, texnoloji avadanlıqların və qurğuların idxalının müddət qoyulmadan ƏDV-dən (164.1.15-ci maddə), sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən (164.1.16-cı maddə) azad edilməsi nəzərdə tutulmuşdur
Sadalanan vergi stimullaşdırma tədbirləri birbaşa olaraq innovasiya fəaliyyətinin stimullaşdırmasına yönəlməsə də dolayısı ilə bu fəaliyyətin inkişafına hər hansı dərəcədə öz müsbət təsirini göstərir.
Bu güzəştlər ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə tətbiq edilmişdir. İnnovasiya fəaliyyətinin stimullaşdırılmasına yönələn norma kimi Vergi Məcəlləsinin 113-cü maddəsini qeyd edə bilərik. Həmin maddəyə əsasən, gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli xərclər istisna olmaqla) gəlirdən çıxılır. Bu da vergi ödəyicisinin vergi tutulan gəlirini azaltmaqla onun sərəncamında əlavə maliyyə vəsaitinin qalmasına gətirib çıxarır və bununla da innovasiya yönümlü investisiya fəaliyyətini təşviq edir. Bundan əlavə, innovasiya fəaliyyətinin əsas elementlərindən olan təhsil müəssisələrinə ƏDV ilə bağlı tətbiq olunan vergi güzəştlərini də xüsusilə qeyd etmək lazımdır. Həmin güzəştlə ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilmişdir. Buna, əsasən, təhsil xidmətləri göstərən müəssisələrin maliyyə imkanları genişlənməklə onların elmi-texniki bazasının təkmilləşdirilməsinə, yeni texniki avadanlıqların alınıb quraşdırılmasına, laboratoriyaların zənginləşdirilməsinə, elmi tədqiqatların miqyasının genişləndirilməsinə və bu sahədə fəaliyyət göstərən işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına münbit şərait yaradılmış olur. Göründüyü kimi, vergi qanunvericiliyində innovasiya fəaliyyətini həm birbaşa, həm də dolayısı ilə stimullaşdıran vergi güzəştləri öz əksini tapmışdır
Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında qanunda. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq alınan qərarda innovativ iqtisadiyyatın inkişafı üçün göstərilmiş qayğılardandır.
Innovasiyaların təhlili göstərir ki, onlar sosial-iqtisadi xarakterli funksiyalar yerinə yetirirlər. Iqtisadi ədəbiyyatda qeyd olunduğu kimi, iqtisadi kateqoriya olaraq innovasiya iki əsas funksiyanı-təkrar istehsal və stimullaşdırma funksiyalarını yerinə yetirir. Təkrar istehsal funksiyası onu göstərir ki, innovasiya geniş təkrar istehsalın mühüm maliyyələşdirmə mənbəyi kimi çıxış edir. Innovasiyaların bazarda satışından əldə edilən pul gəlirləri sahibkarlıq mənfəətini yaradır ki, bu da maliyyə resurslarının mənbəyi və eyni zamanda innovasiya prosesi səmərəliliyinin ölçüsü kimi çıxış edir.

Rəsul ƏLƏKBƏROV
Naxçıvan Dövlət Universiteti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930