SON DƏQQƏ

naxcivanxeberleri.com

“İxrac ili” muxtar respublikanın xarici ticarətində yeni bir dövrün başlanğıcıdır

“İxrac ili” muxtar respublikanın xarici ticarətində yeni bir dövrün başlanğıcıdır
15-04-2020, 17:00

İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Bu səbəbdən ixracın artırılması ilə bağlı səylər və siyasətlər uzun müddət beynəlxalq ticarət rəqabətinin əsas elementi olmuşdur.

Qloballaşan dünyada artan rəqabət və yenilikçi texnologiyanın mənimsənilməsi fonunda ölkələrin xarici ticarətə nə qədər hazır olduqları və bu dinamika ilə transformasiyanı necə təmin etmələri çox vacibdir. Dövlətlərin öz ixracatlarını artırmalarında önəmli səbəblər mövcuddur. Bu səbəblər satışları və gəlirləri artırmaq, dünya bazarlarından paya sahib olmaq, rəqabət  və istehsal gücünü daha da yüksəltməkdən irəli gəlir. Eyni zamanda beynəlxalq biznes əlaqələrinin təkmilləşdirməsi, xarici valyutanın cəlb edilməsi, innovativ məhsul istehsalı və üsulları texnologiyalarının inkişaf etdirilməsi də əsas səbəblər içərisindədir. Buna görə də xarici iqtisadi əlaqələrin genişləndirilməsində, qiymət tənzimləmələrinin aparılmasında ən vacib amil kimi ticarət balansının mühüm tərkib hissəsi olan ixracat böyük rol oynayır. Əgər ixracat aşağı düşərsə xarici ticarət kəsirinin artması və ölkəyə daxil olan  xarici valyutanın həcminin azalması baş verəcək ki, bu da son nəticədə qiymət siyasətinin həyata keçirilməsində ciddi çətinliklər yaradacaqdır.

 

İxrac imkanlarının genişləndirilməsi Naxçıvan Muxtar Respublikası üçün də mühüm məsələlərdəndir. Son illər ərzində isə bu sahənin aktuallığı daha da artmışdır. İxracat o zaman aktual hesab olunur ki, daxili tələbat tamamilə ödənilir, istehsal müəssizələri digər bazarlardan pay almaq üçün öz fəaliyyətlərini sərhədlərdən kənarlara çıxarmağa başlayırlar. Artıq bir həqiqətdir ki, muxtar respublika özünün sahib olduğu imkanlar və resurslar hesabına son illərdə daxili bazarı yerli istehlak malları hesabına tam təmin etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır. Belə ki, ötən dövrdə bu istiqamətdə mühüm işlər görülərək muxtar respublikanın sosial-iqtisadi imkanları daha da genişləndirilmiş, iqtisadi perspektivləri nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Belə ki, indiyədək muxtar respublikanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə atılmış addımlar, eləcə də ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq üçün qəbul olunmuş dövlət proqramları ixrac üçün böyük potensial yaratmışdır. Bununla yanaşı, dövlət tərəfindən kiçik və orta sahibkarlığın inkişafına göstərilən lazımi dəstək, yeni ailə təsərrüfatlarının yaradılması, davamlı olaraq təşkil edilən kənd təsərrüfatı yarmarkaları və festivallar muxtar respublikada biznesin inkişafına böyük stimul olmuşdur.  Təbii ki, bütün bunlar daxili bazarın hərtərəfli təminində əsas rol oynamış, idxal məhsulların həcmi ötən onilliklər ərzində dəfələrlə azalmışdır.

 

Son dövrlərdə isə Azərbaycan və Türkiyə respublikaları arasında əldə olunmuş razılığa əsasən, Naxçıvanda istehsal olunan yerli kənd təsərrüfatı məhsullarının qonşu ölkədə satışının təşkili üçün yaradılmış imkanlar, bu yaxınlarda isə Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi ilə bağlı yeni layihə muxtar respublika ixracatına yaşıl işıq yandırmışdır.

 Muxtar respublikanın ixrac potensialının artırılması istiqamətində görülən işlər hazırda da davam etdirilir. Yeni istehsal müəssisələrinin yaradılması, istehsalatda tətbiq olunan yeni innovativ texnologiyaların mənimsənilməsi, peşəkar kadr hazırlığı və sair daim diqqət mərkəzində olan məsələlərdəndir. İnnovativ texnologiyalara əsaslanan və Şərur şəhərində yaradılan yeni sənaye məhəlləsi bu baxımdan atılan böyük addımdır. Gələcəkdə burada istehsal olunacaq rəqabətədavamlı yerli məhsullar ixrac üçün də əlavə potensial yaradacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sosial-qtisadi göstəricilərinin davamlı olaraq artması regionumuzda sənaye və kənd təsərrüfatı məhsullarının həcminin artmasına, bu da öz növbəsində xarici ticarət əlaqələrinin genişlənməsinə töhfəsini vermişdir. Statistik göstəricilərə görə, xarici ticarət dövriyyəsində ilk dəfə olaraq 2009-cu ildə müsbət saldo yaranmışdır. Həmin ildən etibarən isə ticarət dövriyyəsi 78 dəfə artaraq 2019-cu ildə 354010,2 min ABŞ dolları olmuşdur. Xarici iqtisadi əlaqələrin və ölkə iqtisadiyyatının əsas atributlarından hesab olunan turizm sahəsi üzrə də ciddi artımlar nəzərə çarpmaqdadır. Belə ki, 2010-cu illə müqayisədə 2019-cu ildə muxtar respublikaya gələn turistlərin sayı 1,5 dəfə və ya orta hesabla 45 faiz artmışdır. Eyni zamanda, nəzərdə tutulan illər ərzində kənd təsərrüfatının ümumi məhsulu 2,05 dəfə, sənayenin ümumi məhsulu isə 3,17 dəfə artmışdır. Beynəlxalq təcrübədə ölkələrdə və bölgələrdə iqtisadi artım tempi həm də mövcud sahələrlə bank sektorunun əlaqələri zamanı üzə çıxır. Muxtar respublikada bu sahələrə ayrılan kreditlərin həcmində əhəmiyyətli yüksəlişlər qeydə alınmışdır. Belə ki, 2019-cu ildə kənd təsərrüfatı və sənaye sahələrinə verilmiş kreditlərin həcmi 2010-cu illə müqayisədə müvafiq olaraq 13 faiz və 53 faiz artmışdır.

“İxrac ili” ilə bağlı sərəncam sahibkarların, iş adamlarının, dövlət orqanlarının, mütəxəssislərin, hətta gənc nəslin üzərinə böyük öhdəliklər qoyur. Belə ki, hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, yeni ideyalar ortaya çıxarmalı, qanunlara və şəffaflıq prinsiplərinə ciddi riayət etməli, öz mənfəətlərini qorumaqla yanaşı, cəmiyyətə də xeyir verməyə çalışmalıdır. Böyük iqtisadçı alim  A. Smitin dili ilə desək, “insan öz maraqları arxasınca qaçarkən, əslində dolayı yollarla cəmiyyətin digər üzvlərinə fayda verməkdədir”. Nəzərə alaq ki, ixrac potensialının genişlənməsi gələcəkdə böyük fəaliyyətlər tələb edir. Burada əsas məqsəd, həm də daxili bazarı xarici təsirlərdən qorumaqdır. Digər tərəfdən, elmi-texniki və kadr sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, daha kreativ ideyaların ortaya çıxarılması, bununla da “startup Naxçıvan” hərəkatına yeni töhvələr verməyə çalışmalıyıq. Yəni, muxtar respublikamızda ənənəvi baramaçılıq, toxuculuq, üzümçülük, şərabçılıq, tütünçülük, taxılçılıq, meyvəçilik kimi sahələrlə yanaşı, yeni innovativ ideyaların da ixracını nəzərdə saxlamalıyıq. Son olaraq onu qeyd edək ki, ölkəmizin dilbər guşəsi olan qədim Naxçıvan diyarı özünün iqtisadi imkanları ilə bərabər, həm də insan potensialına malikdir. Çalışıb hər iki potensialdan lazımınca istifadə edərək muxtar respublikamızın hərtərəfli inkişafını bundan sonra da təmin etməliyik.

 

Eltun İBRAHİMOV

İqtisad üzrə fəlsəfə doktoru

AMEA Naxçıvan Bölməsi

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930