SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikanın taxıl zəmiləri hünər meydanına çevrilib

Muxtar respublikanın taxıl zəmiləri hünər meydanına çevrilib
14-11-2019, 10:00

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin muxtar respublika üzrə 12 noyabr 2019-cu il tarixə taxıl səpininin gedişinə dair məlumatına baxarkən neçə illər əvvəl bu sahədə rastlaşdığımız bəzi məqamları xatırladım.

İlk olaraq yadıma torpaq islahatları düşdü. O vaxt əhaliyə verilmiş pay torpaqlarından necə istifadə edəcəyimizlə bağlı söhbətlər baş alıb gedirdi. Elə bir dövr idi ki, ictimai təsərrüfatlara məxsus texnikaların istismar müddəti başa çatmış, ömrü sona yetməkdə olan kombaynlar,şum traktorları isə barmaqla sayılası qədər idi. Bəzi yerlərdə suvarma suyu məsələsi isə daha bir problem yaratmışdı. Məsələn, Ordubad rayonunun bütün ictimai təsərrüfatlarındakı belə texnikaların cəmi ilə, ancaq bir kənddə şum qaldırılmasını, taxıl səpinini və tədarükünü təmin etmək olardı. Bu isə intizarla islahatların başa çatmasını gözləyən torpaq adamlarının yenicə qovuşduqları sevincinin hədər olmasına gətirib çıxarmışdı. Odur ki, islahatlar başa çatdıqdan sonrakı 2-3 il ərzində torpaqların az bir qismindən istifadə edilirdi. Torpaq mülkiyyətçiləri öz ailəsinin tələbatını ödəmək üçün tərəvəz məhsulları əkir, əkilməyən torpaqlar intizarla ondan istifadə edəcək insanların yolunu gözləyirdi. “Hər qaranlıq gecənin bir işıqlı gündüzü var” deyimini dəfələrlə sınaqdan çıxarmış naxçıvanlılar o çətinliklərə də dözdülər. Dözdülər və bu gün görürlər ki, muxtar respublikanın torpağı özünə daimi iş yeri seçən, bu qiymətli sərvətin qədrini bilən hər bir sakini hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Elə bu qayğının ifadəsidir ki, ilbəil taxılçılığa da maraq artır, bu strateji məhsulun istehsalında ilk addımdan başlayaraq tədarük edilmiş taxılın, taxıldan istehsal olunmuş məhsulların satışında heç bir problemlə üzləşilmir. Keçək mətləbə. Muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmiş 2019-cu ildə də taxılçılıqda yüksək nəticələr əldə olunub. Bu isə o deməkdir ki, süfrələrimizdə yerli çörək bolluğu yaradılıb. Bəs bu prosesdə başlıca rol oynayan amillər hansılardır? Kənd təsərrüfatının, daha dəqiq desək, əkinçiliyin inkişafında torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları ilə təchiz edilməsinin böyük rolu vardır. Muxtar respublikamızda bu vəzifə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, şəxsi texnikalar vasitəsilə də həyata keçirilir. Ötən dövrdə “NaxçıvanAqrolizinq”Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 2240-ı nağd hesablaşma və lizinq yolu ilə satılıb. Alınmış texnika və aqreqatların 319-u 2019-cu ilin yanvar-sentyabr aylarının payına düşür. Cari ilin yanvar-iyul aylarında 182 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 2 ədədi nağd yolla satılıb. Mövcud texnikalar kənd təsərrüfatısahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Torpaq mülkiyyətçilərinə lizinq yolu ilə belə texnikaların alınıb icarəyə verilməsi ilə bağlı dövlətimiz tərəfindən güzəştlərin müəyyən edilməsi onlara göstərilən daha bir qayğının ifadəsi kimi dəyərləndirilir. Əkinçiliklə məşğul olan insanlar yaxşı bilirlər ki, bol və keyfiyyətli məhsul istehsalında başlıca amillərdən biri yüksək reproduksiyalı toxumlardan istifadə etməkdir.Artıq muxtar respublikada bu məsələ də öz həllini tapıb. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunub. Muxtar respublikanın əsas toxumçuluq bazası olan bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışı da həyata keçirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin, I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur. Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi də əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Belə ki, son illər muxtar respublikada 4 min 135 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Bəhs olunan dövrdə mütərəqqi suvarma sistemlərinin qurulması da diqqət mərkəzində saxlanılıb. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, istifadə olunmayan torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək məqsədilə xeyli iş görülüb. Babək rayonunun Nehrəm kəndi ərazisində 1170, Culfa rayonunun Bənəniyar kəndi ərazisində 1050, Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu kəndləri ərazilərində 1916 hektar sahə olmaqla, ümumilikdə, 4136 hektar sahəni əhatə edən ərazidə qapalı suvarma şəbəkəsi tikilib. Hazırda Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Babək rayonunun Kültəpə, Şərur rayonunun Xanlıqlar, Ələkli və Vərməziyar kəndlərinə suvarma suyunun verilməsi üçün 6 kilometr yeni boru xətti çəkilib, 50 hektar ərazi yeni əkin dövriyyəsinə daxil edilməklə 1154 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub. Ordubad rayonunda Zəvvar və Gülaman arxının 5,05 kilometr hissəsində təmir-bərpa işləri yerinə yetirilib, Əylis kəndi ərazisində 4,3 kilometr uzunluğunda yeni arx çəkilərək 261 hektar torpaq sahəsi daimi suvarma suyu ilə təmin edilib. Bəhs olunan dövrdə mexaniki suvarma üsulunun tətbiqi də diqqətdə saxlanılıb. İkinci suvarma mənbəyi kimi istifadə edilən nasos stansiyaları və subartezian quyularından səmərəli istifadə olunmasına ciddi önəm verilir. Yanvar-sentyabr aylarında 19 nasos stansiyası və 88 subartezian quyusunun tikilməsi, 17 nasos stansiyasının, 19 subartezian quyusunun yenidən qurulması bunun ifadəsidir. Görülən işlər sırasında taxılın uzun müddətdə saxlanılmasını təmin etmək məqsədilə tikilən soyuducu anbarlar, tədarük olunan məhsulun üyüdülməsi üçün dəyirmanların istifadəyə verilməsi, yeni çörəkbişirmə sexlərinin fəaliyyətə başlaması, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsini də vurğulamaq lazımdır. Bütün bunlar isə muxtar respublikada daxili bazarın taxıl və taxıl məhsulları ilə təminatında böyük rol oynayan amillərdir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına göstərilən diqqət və qayğı, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların, əkilən hər hektara görə gübrələrin, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər mühüm tədbirlər bu sahənin dinamik inkişafını təmin edib. Görülən işlərin nəticəsi olaraq 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb ki, bunun da 33 min 308 hektarını taxıl zəmiləri təşkil edib. 2018-ci illə müqayisədə taxıl əkini sahələri 825 hektar artıb. 24 min 729 hektarı buğda, 8579 hektarı arpa olan əkin sahələrindən 102 min 984 ton məhsul tədarük olunub. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 5295 ton çoxdur. Yığılan məhsulun 77 min 261 tonu buğda, 25 min 723 tonu isə arpa olub. Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner təşkil edib. Əldə olunan məhsulun 13 min 947 tonu Şərur, 33 min 707 tonu Babək, 4785 tonu Ordubad, 18 min 993 tonu Culfa, 15 min 316 tonu Kəngərli, 4437 tonu Şahbuz, 8788 tonu Sədərək rayonlarının, 3011 tonu isə Naxçıvan şəhərinin payına düşüb. Artıq diyarımızın məhsuldar taxıl zəmiləri yenə hünər meydanına çevrilib. Yaradılan şəraitdən səmərəli istifadə edən taxılçılar şum qaldırılmasını, toxum səpinini sürətlə davam etdirirlər. Noyabr ayının 12-dək 19 min 267 hektar sahədə toxum səpilib ki, bunun 14 min 141 hektarını buğda, 5 min 126 hektarını arpa təşkil edir. Birincilik Babək rayonundadır. Bu bölgədə 7 min 224 hektar sahədə əkin başa çatıb. Kəngərli rayonunda 4002 hektar sahədə taxıl əkilib. Culfa rayonunda da səpin sürətlə davam etdirilir. Bölgədə 3 min 359 hektar sahədə bu kampaniya başa çatdırılıb. Şərur rayonunda 1513, Sədərək rayonunda 1232, Şahbuz rayonunda 697, Ordubad rayonunda 659, Naxçıvan şəhərində 581 hektar sahədə taxıl səpilib. Havaların əlverişli keçməsi taxılçıları arxayın salmır. Onlar gələn ilin bol məhsulunun əsasını qoymaq üçün bütün imkanları səfərbər ediblər. Bu da belə deməyə əsas verir ki, taxıl əkini kampaniyası vaxtında başa çatdırılacaq.


Muxtar MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031