SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda tütün tədarükü başa çatıb

Kəngərli rayonunda  tütün tədarükü başa çatıb
20-10-2019, 12:38

Tütün iqtisadi əhəmiyyətinə görə ölkəmizdə pambıqdan sonra ikinci texniki bitki hesab olunur. Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri tütünçülük idi. Respublikamız tütün istehsalına görə keçmiş ittifaq ölkələri arasında Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük çox sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdı. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə Azərbaycanın 21 rayonunda bu sahə inkişaf etdirilmişdi.
Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizin təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksəkkeyfiyyətli məhsul alınması üçün əlverişlidir. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da bu gəlirli sahənin inkişafı üçün mühüm addımlar atılır. Kəngərli rayonunda da kənd təsərrüfatının genişləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sırasında tütünçülüyün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 2017-ci ildən başlayaraq rayonda tütün əkilməsinə başlanılıb. İlkin olaraq rayonun Təzəkənd, Xıncab və Qarabağlar kəndlərində 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib. Ötən il isə rayonda 26,2 hektar sahədə tütün əkini aparılıb, 41,6 ton quru tütün istehsal olunub. Bu isə torpaq mülkiyyətçilərinin və sahibkarların adıçəkilən sahəyə marağını artırıb.
Cari ildə də rayonun Böyükdüz, Xıncab, Təzəkənd, Çalxanqala və Qarabağlar kəndlərində, ümumilikdə, 30 hektar sahədə tütün əkini keçirilib. Əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı və fermerlər tərəfindən həyata keçirilir. Tütün şırım üsulu ilə əkilib və sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub. Həmin sahələrdə də əkin üçün “Virciniya” və “Oriental” tütün sortlarından istifadə olunub. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələrinin əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Tütünçülər onlar üçün yaradılan şəraitdən razılıq edirlər. Tütünçülüyün belə sürətli inkişafı rayon sakinlərinin ürəyincədir.
Tütünçülklə məşğul olan Xıncab kənd sakini Rza Məmmədov bu sahənin inkişafına göstərilən dövlət dəstəyindən razılıq edir. Onun dediklərindən:
-Muxtar respublikamızda tütünçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər torpaq mülkiyyətçilərinin bu sahəyə olan marağını artırıb. Mən də bu il 9 hektar sahədə tütün əkmişəm. Əkin üçün “Virciniya” və “Oriental” tütün sortlarından istifadə olunub. Artıq qırım işi başa çatıb və sahələrdən 90 tondan artıq yaş tütün tədarük olunub. Dövlət bizə hər cür köməklik göstərir. Tütünün şitilini əldə etmək də çətin deyil. Onu rayonumuzda fəaliyyyət göstərən Tütünyetişdirmə Təsərrüfatından alırıq. Məhsulun qəbulu sahəsində də heç bir çətinlik yoxdur. İstehsal etdiyimiz məhsulu Tütünyetişdirmə Təsərrüfatına təhvil veririk.
Qarabağlar kəndindən olan fermer Nürəddin Babayev də artıq iki ildir ki, tütün əkini ilə məşğul olur. Ötən il sahələrdən 75 ton yaş tütün götürən fermer yaxşı qazanc əldə edib. Bundan ruhlanan sahibkar cari ildə də 4,6 hektar sahədə tütün əkini həyata keçirib. Əkin üçün əsasən “Virciniya” tütün sortundan istifadə olunub. Becərmə işləri düzgün təşkil olunduğundan, sahələrə vaxtlı-vaxtında lazımi aqrotexniki qulluq göstərildiyindən bu il də yüksək məhsuldarlığa nail olunub və sahələrdən 80 ton yaş tütün tədarük edilib. Nürəddin Babayevlə elə kənddəki təsərrüfatında görüşüb onunla gəlirli sahə sayılan tütünçülükdə yüksək məhsuldarlığa nail olmaq üçün əkin zamanı hansı aqrotexniki tədbirlərə və qaydalara əməl olunması yolları barədə söhbət etdik. Onun bu barədə dediklərindən:
-Tütün əsasən əlverişli iqlim şəraiti olan, qumlu və su tutmayan torpaqlarda əkilməlidir. Tütün əkilməsi üçün torpaq payız aylarında şumlanmalı, yaz aylarında isə əkinə hazırlanmalı və toxum şırım üsulu ilə əkilməlidir. Toxum əkilməzdən əvvəl suda isladılmalı, şırımların isə günəşli yerdə qurulması lazımdır. Fevral ayının 1-dən aprel ayının 25-nə kimi istixanalarda toxum səpilir. Məqsəd yaxşı şitil əldə olunmasıdır. Onu da qeyd edim ki, tütün əkininə aprel ayının ikinci ongünlüyündə başlamaq daha sərfəlidir. Tütünün növündən asılı olaraq cərgələrə hər 50 və 20 santimetrdən bir şitil vurulur. Şitil suyundan 3 gün sonra sahəyə təkrar su verilir və 10 gün sonra sahələrdə becərmə işləri aparılmalıdır. Becərmə tədbirləri zamanı şitillərin dibi 3 dəfə alaq otlarından təmizlənməli və yumşaldılmalıdır. Şitillər dib tutduqdan sonra sahəyə mineral gübrələr verilməlidir. Sahələrə mineral gübrələrin verilməsi və becərmə işləri may ayında yekunlaşdırılmalıdır. Tütünün qırımına isə adətən iyul ayının əvvələrindən başlanılır. Normal becərmə mövsümü ərzində sahələrdə 5 dəfə qırım aparılır. Əkin sahələrinə aqrotexniki qaydalara düzgün əməl olunduğu halda hər hektardan orta hesabla 15-20 ton yaş tütün götürmək mümkündür.
Artıq rayonun bütün kəndlərində tütünün qırımı başa çatıb. Sahələrdən tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara gətirilir, düzülərək tütünqurutma yerində qurudulur. Tütünyetişdirmə Təsərrüfatından aldığımız məlumata əsasən, ümumilikdə təsərrüfata 287 ton 689 kiloqram yaş tütün təhvil verilib.
Qeyd edək ki, 2017-ci ildən Kəngərli rayonunda Tütünyetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb.

Babək İSMAYILOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930