SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda turizmin inkişafı üçün ardıcıl tədbirlər görülür

Naxçıvanda turizmin inkişafı üçün ardıcıl tədbirlər görülür
27-09-2019, 18:24


Ümumdünya Turizm Gününün qeyd olunduğu tarix Ümumdünya Turizm Təşkilatının tarixi ilə bağlıdır. Belə ki, 1925-ci ildən müxtəlif adlar altında fəaliyyət göstərən bu beynəlxalq turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı İspaniyanın paytaxtı Madrid şəhərinə köçən bu təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Hazırda dünyanın 150-dən çox ölkəsində hər ilin 27 sentyabr tarixi turizm təmsilçilərinin bayramı kimi qeyd edilir. Azərbaycan 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına üzv qəbul olunmuşdur və həmin ildən başlayaraq bu əlamətdar gün hər il ölkəmizdə də geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.
Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siya¬sətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkə¬mizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir.
Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpa¬çay Dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır.
Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra¬struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətləri kompleks şəkildə istehlakına zəmin yaradacaqdır. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək, yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaqdır.
2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro-qramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Cari ilin 23 sentyabrından etibarən Turizm Departamentinin fəaliyyəti tarixi binada təmin edilmiş, müasir standartlara cavab verən maddi texniki baza yaradılmışdır. Həmçinin Departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamışdır.
Turizm sahəsində mühüm məsələlərdən biri də kadr hazırlığıdır. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur.
Muxtar respublikamızın turizm potensialının təbliği istiqamətində də Turizm Departamenti tərəfindən ardıcıl işlər görülmüşdür. 23 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında iştirak edilmişdir. Batumi və Ərdəbil şəhərlərində keçirilən sərgilərdə də Naxçıvan Muxtar Respublikası təmsil olunmuşdur. Hazırda davam edən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası Ayrıca stendlə təmsil olunur. Həmçinin internet resursları vasitəsilə də təbliğat gücləndirilmiş, 10 adda reklam-informasiya materialı hazırlanmış və turistlərə təqdim edilmişdir. Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən turoperatorlarla əlaqələr qurulmuş və məlumat mübadiləsi həyata keçirilmişdir.
Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün geniş üfüqlər açmaqdadır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031