SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada məşğulluğun artırılması diqqət mərkəzində saxlanılır

Muxtar respublikada məşğulluğun artırılması diqqət mərkəzində saxlanılır
21-09-2019, 16:30

Davamlı inkişafın təmin edilməsində əsas vacib sahələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq məsələləri bazar iqtisadiyyatının əsas prinsiplərindəndir. Bu sahənin inkişaf etdirilməsi iqtisadi fəallığın artırılması, eyni zamanda əhalinin daim artan ehtiyaclarının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ancaq son illərdə dünyanın iqtisadi sferasında baş verən dəyişikliklər bir daha onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr belə işsizlik problemlərindən sığortalanmayıb. Buna görə də düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi bu gün istənilən ölkə üçün aktual məsələlərdən hesab olunur. Məhz bu prizmadan baxdıqda müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən birinin əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarət olduğu bir daha görünür.

Qeyd etmək lazımdır ki, ölkəmizdə məşğulluq siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının ən mühüm tərkib hissələrindən biridir. 2001-ci ildə ölkəmizdə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətini müəyyən etmişdir. Ötən dövrdə regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün qəbul edilmiş dövlət proqramları, o cümlədən əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan vermişdir.
Sosial-iqtisadi inkişafının getdikcə artan və keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında da formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olmuş, bu da özlüyündə sosial və iqtisadi problemlərin həllində özünü göstərmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yeni uğurların əldə olunmasına imkanlar açaraq yoxsulluğun azaldılmasına, işgüzar fəallığın yüksəldilməsinə, habelə məşğulluq tədbirlərinin həllinə mühüm təsir göstərmişdir.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən və muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərini özündə əks etdirən dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası əldə edilən nailiyyətlərin əsasını təşkil etmişdir. Xüsusilə 2016-cı il yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş və hazırda icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin daimi xarakter almasını daha da gücləndirib. Proqramda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi günün zəruri tələbi kimi qarşıya qoyulub. Muxtar respublikanın məşğulluq orqanları da öz işlərini adıçəkilən proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurur.
Kəngərli rayonunda da bu sahədə həyata keçirilən tədbirlər öz əhəmiyyəti ilə seçilir. Belə ki, ötən dövr ərzində proqramın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaranların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Rayonda sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına öz təsirini göstərib.
Yuxarıda adıçəkilən və hazırda icrası uğurla davam etdirilən “2016-2020- ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Kəngərli Rayon Məşğulluq Mərkəzində həyata keçirilən məşğulluq tədbirləri 2019-cu ilin ötən dövründə də diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində rayon üzrə 184 işaxtaran qeydə alınıb. Bu günədək 187 nəfər işlə təmin olunub ki, onlardan 44-ü qadınlar olub. İşlə təmin olunanlardan 53 nəfərini 16-29 yaş arası gənclər, o cümlədən 15 nəfərini ali təhsilli, 10 nəfərini orta ixtisas təhsilli, 151 nəfərini orta təhsilli vətəndaşlar, 11 nəfərini isə peşə ixtisası məktəblərinin məzunları təşkil edib. Eyni zamanda işlə təmin olunan peşə ixtisası məzunlarından 5 nəfəri qadınlar olub. Bundan əlavə, qeyd olunan dövrdə 1 nəfər ictimai işə cəlb olunub, 10 nəfər isə peşə təlimi kurslarına göndərilib ki, onlardan 7 nəfərini 16-29 yaş arası gənclər, o cümlədən 4 nəfərini qadınlar təşkil edib. Peşə təlimi kursunu bitirən məzunların da işlə təmin olunması diqqət mərkəzində saxlanılıb. Belə ki, məzunlardan 2 nəfəri işlə təmin edilib. Bundan başqa, “Özünüməşğulluq proqramı” çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluqlarını təmin etmək məqsədilə 4 ailənin hər birinə 1 baş yanıbalalı inək, 2 ailəyə isə 10 baş yanıbalalı qoyun alınaraq verilib.
Göründüyü kimi, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. İnanırıq ki, muxtar respublikada özəl sektorun inkişafına yaradılmış şərait Kəngərli rayonunda bundan sonra da yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına, peşə təhsilli kadrların artmasına, nəticədə əhalinin məşğulluq məsələlərinə öz müsbət təsirini göstərəcək.


Səxavət HƏSƏNOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031