SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda badmintonun inkişafı üçün yeni mərhələ-FOTO

Naxçıvanda badmintonun inkişafı üçün yeni mərhələ-FOTO
28-09-2022, 20:02

27 iyun - 4iyul 2022-ci ildə tarixlərdə keçirilmiş “Level-1” beynəlxalq məşqçilik kurslarını uğurla bitirən fiziki tərbiyə müəllimləri və tələbələrə fəaliyyət sertifikatının təqdim olunması, eləcə də Naxçıvanda ilk badminton klubunun yaradılması ilə bağlı Naxçıvan Dövlət Universitetində (NDU) tədbir keçirilib.

-“Nəzərinizə çatdırım ki, muxtar respublikada idmana və idmançılara göstərilən yüksək dövlət qayğısı, mövcud şərait, yeni imkanlar və Azərbaycan Badminton Federasiyası (ABF) ilə qurulan əməkdaşlıq əlaqələri ilə əlaqədar olaraq bu növün gələcək perspektivləri müzakirə edildi və qərara alındı ki, Naxçıvanda ilk badminton klubu yaradılsın. NDU-nun nəzdində fəaliyyət göstərəcək klubun üzvlərini bu münasibətlə təbrik edir və uğurlar arzulayıram. İnanıram ki, göstərilən etimad və dəstəyi layiqincə doğruldaraq bu sahədə yüksək nailiyyətlər əldə edəcəyik”. Bu sözləri tədbirdəki çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı səsləndirib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair” Dövlət Proqramının bu sahədə görülən işlərin əhatə dairəsini xeyli genişləndirdiyini diqqətə çatdıran Ramil Hacı əlavə edib ki, Naxçıvan idmanında baş verən aktiv proseslər son illər yeni zərurətlərin yaranmasına səbəb olur. Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verildikdən sonra muxtar respublikada çimərlik futbolu və çimərlik voleybolu kimi mövsümi idman növləri yarandı, fitnes zallarının artımı ilə bir sıra idman növlərində canlanma başladı, muxtar respublikanın təbii-coğrafi relyefi və turizm imkanları sayəsində “skandinav  yürüş”çüləri formalaşdı, yamac paraşütü üzrə test uçuşları və yolsuzluq avtomobillərinin yürüşləri keçirildi. Bunlar Naxçıvan idmanının illər keçdikcə yenilənməsini göstərən faktlardan bir neçəsidir. Nazir muxtar respublikada badmintonun inkişaf perspektivləri barədə danışaraq, bunun üçün lazımi şərait yaradıldığını və görülən işlərin bu idman növündə məşqçi-idmançı bazasının genişlənməsi və yeni klubların yaradılmasına zəmin yaratdığını vurğulayıb.

Universitetin rektoru, dosent Elbrus İsayev ali təhsil ocağının nəzdində badminton klubunun yaradılması münasibətilə tədbir iştirakçılarını təbrik edib, klubun fəaliyyətinin uğurlu olacağına inamını ifadə edib. Ölkəmizdə, eləcə də muxtar respublikamızda idmanın yüksək inkişaf mərhələsində olduğunu, uğurların ildən-ilə daha da artdığını bildirən rektor ali təhsil ocağının idman infrastrukturu və nailiyyətləri, eləcə də tələbələrin ixtisaslı kadr kimi hazırlanması istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, muxtar respublikadakı təhsil müəssisələrindən yalnız  NDU-da mütəxəssis hazırlığı aparılır. Pedaqoji heyətin kadr potensialı sayəsində “Məşqçilik” ixtisası üzrə gənc idman mütəxəssisləri hazırlanaraq muxtar respublikanın idman mühitinə töhfə verilir. Seçmə fənlər xaricində dərsdən sonra müxtəlif idman növləri üzrə əlavə məşğələlər keçirilir, tələbələrin təlim və kurslarda iştirakı təşkil olunur, bununla yanaşı hazırki tələbələrimiz və məzunlarımız tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanılır, nəticədə onların əldə etdiyi təcrübə aidiyəti üzrə işə qəbul imkanlarına da təsir edir.

Elbrus İsayev qeyd edib ki, universitetdə 1990-cı ildən etibarən seçilmiş idman növü nəzəriyyəsi və metodikası kimi tədris olunan badminton hazırda 16 idman növü üzrə keçirilən məşğələlərdən biridir. NDU-nun məşqçi-müəllimləri və tələbələri, o cümlədən yığma komandası Naxçıvanı müxtəlif dövrlərdə ölkə və beynəlxalq miqyaslı yarışlarda təmsil edib, uğurlu nəticələrə nail olublar. Məhz bu potensiallar nəzərə alınmaqla yaradılan klubun fəaliyyəti ilə bağlı qarşımızda mühüm vəzifələr durur. Bu istiqamətdə müvafiq qurumlarla birgə planlı şəkildə işlər icra olunacaq.

Naxçıvanda olmasından və burada yaradılan şəraitdən məmnunluğunu ifadə edən ABF-nin prezidenti Taleh Ziyadov göstərilən dəstəyə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. Badmintonun muxtar respublikadakı inkişaf perspektivlərindən danışan federasiya prezidenti qeyd edib ki, şəhər və rayonlarda gənc nəsil nümayəndələrinin artıq 6-16 yaş arasında bu idman növü ilə tanışlığı təmin olunmalı, turnirlər keçirilməlidir. Bunun üçün də məşğələlər keçirilməli, məşqçi və hakimlər hazırlanmalıdır. Yaxın gələcəkdə Bakı şəhərində hakimlik kursunun keçiriləcəyi barədə məlumat verən Taleh Ziyadov Naxçıvandan 4 nümayəndənin həmin tədris fəaliyyətinə dəvət edildiyini və belə bir kursun muxtar respublikada təşkili ilə bağlı planlarının mövcudluğunu diqqətə çatdırıb, yeni yaradılan kluba və ümumi bazanın inkişafına lazımi dəstək göstərəcəklərini vurğulayıb.

Çıxışların ardınca “Level-1” beynəlxalq məşqçilik kurslarını uğurla bitirən fiziki tərbiyə müəllimləri və tələbələrə fəaliyyət sertifikatları verilib. Nazir Ramil Hacıya və dosent Elbrus İsayevə badmintonun inkişafındakı xidmətlərinə görə ABF-nin təşəkkürnamələri təqdim olunub. Tədbirin sonunda iştirakçılar badmintonçu qızların yoldaşlıq görüşünü izləyiblər. 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031