SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub- FOTO

Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub- FOTO
18-01-2022, 20:42

Gənclər və İdman Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
“Muxtar respublikamızda dövlət gənclər və idman siyasəti Ali Məclis Sədrinin rəhbərliyi altında uğurla həyata keçirilir. Gənclər və İdman Nazirliyi 2021-ci il ərzində öz işini təsdiq olunmuş İş Planına, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirələrdə verilmiş tapşırıqlara əsasən qurmuşdur. Bu istiqamətlər üzrə il ərzində nazirlik tərəfindən gənclərlə iş və idman sahəsində 309 tədbir keçirilmiş, bunlardan 120-si gənclərlə iş, 189-u isə bədən tərbiyəsi və idman sahəsini əhatə etmişdir”. Bu sözləri gənclər və idman naziri Ramil Hacı kollegiya iclasındakı geniş məruzəsi zamanı səsləndirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  çıxışında ötən il görülən işlər və əldə olunan uğurlardan bəhs edən nazir deyib ki, muxtar respublikanın ilk dəfə olaraq ev sahibi kimi qəbul etdiyi “Marş İrəli” adlı hərbi simulyasiyalı layihə, gənclərin “20 Yanvar - şəhidlik zirvəsi” mövzusunda təşkil olunan onlayn konfransda iştirakı, o cümlədən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşlər, “Hədəf” atış təlimi, hərbi-idman oyunları, atıcılıq idman növləri üzrə birinciliklər, vətənpərvərlik mövzusunda intellekt yarışları və rəsm müsabiqələri, eləcə də sosial şəbəkələrdə paylaşılan “Qəhrəmanlar unudulmur!” adlı videoçarxların gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edib. Əlavə olunub ki, müxtəlif konseptdə intellektual oyunlar, kitab təqdimatı və müzakirələri, proqramlaşdırma və motivasiya təlimləri, “Nizami dünyası” adlı teatr və rəsm müsabiqələri, “Gənc rəssamların incəsənət döyüşü”, “Yaradıcı Gənclər Akademiyası” layihəsi çərçivəsində təşkil olunan kurslar gənclərin intellektual səviyyəsi və zehni inkişafının stimullaşdırılması, karyera istiqamətləri, yaradıcılıq imkanları və təhliletmə bacarıqlarına əhəmiyyətli təsir göstərmişdir. İntellekt yarışlarına ilk dəfə olaraq ingilis dilinin tam şəkildə tətbiqi modern gəncliyin qurulmasına töhfə kimi dəyərləndirən Ramil Hacı bildirib ki, icra olunan işlərin nəticəsində “Xəmsə” Milli İntellektual Oyunu üzrə XIII Azərbaycan çempionatında “Diplomat” komandası 2-ci, respublika könüllüləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununda isə Naxçıvan könüllülərinin komandası 1-ci pilləyə sahib çıxmışdır. Bundan başqa, gənclərin Ağbulaq İstirahət Mərkəzində ənənəvi “Yay məktəb”ləri reallaşmış, əlamətdar günlərdə istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimləri təşkil olunmuş, yerli və əcnəbi tələbələr üçün turistik məkanlara ekskursiyalar təşkil olunmuş, gənclərimizin iştirakı ilə təmizlik aksiyaları keçirilmişdir.
Muxtar respublika idmançılarının ölkə səviyyəli yarışlarda 47, beynəlxalq turnirlərdə 14, Avropa çempionatında 1, dünya çempionatlarında isə 20 medal olmaqla ümumilikdə 82 medal qazandığını və dünya çempionatlarında əldə olunan 6 qızıl, 8 gümüş və 6 bürünc medalın Naxçıvan idmanı tarixində həm əyarı, həm də sayına görə qazanılan ən yüksək göstərici olduğunu diqqətə çatdıran Ramil Hacı bədən tərbiyəsi və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə danışıb: “Uzunoba Təlim-Məşq İdman Kompleksi və yenidənqurmadan sonra Ordubad şəhər stadionu Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilmişdir. Bu, dövlət proqramına uyğun olaraq muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və pullu xidmət növlərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Kəngərli rayonunda fitnes zalı fəaliyyətə başlamış, həmçinin Qabıllı kəndində yeni mini futbol stadionu tikilmişdir. Culfa rayonunun Əbrəqunus, Yaycı və Ərəzin kəndlərində cüdo, Babək rayonunun Kültəpə, Nəhəcir kəndləri və Kəngərli rayonunun Xok kəndində güləş, Şərur rayonunda isə ağırlıqqaldırma və stolüstü tennis üzrə paralimpiya idman bölmələri yaradılmış, həmçinin rayonda “Ümid” Atıcılıq Klubu və Naxçıvan şəhərindəki qolbol bölməsinin fəaliyyəti bərpa olunmuşdur.”
Ramil Hacı deyib ki, nazirlik və idman federasiyaları tərəfindən yerli, eləcə də qonşu ölkələrin idman qurumları ilə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilmiş, ixtisaslı kadrların formalaşdırılması işi diqqətdə saxlanılmışdır. Bu baxımdan Türkiyə alpinistlərinin Haçadağa yürüşü, şahmatçıların onlayn formatda keçirilən beynəlxalq yarışlarda, məşqçi və idmançıların isə nəzəri-praktiki kurslarda iştirakının təmin olunması, hakimlər üçün təlim-məşq toplanışları və seminarların təşkilini qeyd edə bilərik. Naxçıvan Dövlət Universitetində Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşlər keçirilmiş, ixtisas hazırlığının, nümunəvi tədrisin təşkilinə dəstək olmaq məqsədilə yeni idman avadanlıqlarının təqdimatı olmuşdur.
Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına ölkə idmanı tarixində ilk dəfə olaraq muxtar respublikanın ev sahibliyi etməsini Naxçıvan şahmatına göstərilən yüksək etimad, böyük idman nailiyyəti kimi qiymətləndirən nazir deyib ki, Naxçıvan zəka sahiblərinin titullu şahmatçılarla bir yarışda iştirak etməsi onlar üçün böyük təcrübə olmuş, gələcək nailiyyətlər üçün zəmin yaratmışdır. Bunun nəticəsidir ki, idmançılarımız Serbiyada keçirilən beynəlxalq turnirin qaliblərindən olmuş, 1 şahmatçımız Ruminiyada keçirilən Avropa çempionatında milli komandamızın heyətində çıxış etmiş və il sonunda FIDE ustası adına layiq görülmüşdür. Ali Məclis Sədrinin gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında 12 iyul 2021-ci il tarixli Sərəncamı ilə şahmatçımızın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilmişdir. Bundan başqa Naxçıvan Boks Federasiyasının yetirmələrindən Sərxan Əliyev kişilər arasında, Tayfur Əliyev isə hərbçilər arasında dünya çempionatlarını bürünc medalla başa vurdular. Universal döyüş üzrə dünya çempionatında iki qızıl medal qazanan Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Röya Abdullayeva muxtar respublika idmanı tarixində dünya çempionu olan ilk qız idmançı oldu. Federasiyasının digər idmançısı Sadiq Kərimov həmin mötəbər yarışı iki qızıl medalla tamamlayaraq, Dünya kubokunun ardınca növbəti yüksək uğura nail oldu.
Sonra Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov və Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin illik fəaliyyət hesabatları dinlənilib, gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi oxunub və kollegiya üzvlərinin səs çoxluğu ilə təsdiq olunub.
Qarşıya qoyulan vəzifələr barədə danışan Ramil Hacı deyib ki, nazirlik 14 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən təsdiq olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasını, həmçinin 2022-ci il ərzində də idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməli, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir. Gənclər və İdman Nazirliyi qarşıdakı dövrdə də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmalı, gənclərlə iş və idman sahəsində tədbirlərin səviyyəsini daha da yüksəltməlidir.
Tapşırıqların icrası yolunda iştirakçılara uğurlar arzulayan nazir çıxışının sonunda muxtar respublikada gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, kollegiya iclasında Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrinin əməkdaşları, Nazirliyin tabeliyində olan təşkilatların əməkdaşları və idman federasiyalarının sədr müavinləri iştirak ediblər.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031