SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əqlin gimnastikası və ya zəkaların yarışı

Əqlin gimnastikası və ya zəkaların yarışı
10-06-2021, 22:53

Müasir dövrün idman ictimaiyyətində formalaşan “Sadəcə, daha ağıllı bir rəqiblə qarşılaşarsansa, daha ağıllı ola bilərsən” deyimi cəmiyyətdə bu sahənin nə qədər böyük nüfuza malik olduğunu göstərir. Bəli, bu, elə bir sahədir ki, qarşılıqlı oynanılan bütün idman növlərində hər zaman bir “rəqib”, bir də “qurban” vardır. Bunu daha çox individual oyunlar zamanı görmək mümkündür. Çünki kollektiv idman növlərindən fərqli olaraq fərdi növlərdə güclə yanaşı, zehnin, beyinin daha çox “yorulması” məqsədəuyğun hesab edilir. Yaxşı oyunçunun həmişə yaxşı şansı olduğu kimi, yaxşı da oyun təcrübəsi olmalıdır. Bu baxımdan müasir idmanda şahmatın üstünlüyü bir qədər özünün ağırlığını göstərməkdədir. Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlığın olmadığını qəbul edən zəka sahibləri bu oyunu dünyanın “şahı” ediblər. Öz dövrünün ən güclü şahmatçısı, qrossmeyster Mixail Botvinnikin fikrincə, şahmat analiz sənətidir. Məhz buna görə şahmat taxtasında yalan, ikiüzlülük çox yaşaya bilməz, nəticəsi matdır.

Naxçıvan Muxtar Respublikasında da böyük şahmat infrastrukturu yaradılıb. Şahmatın yeni inkişaf strategiyası müəyyənləşdirilib, bu növün inkişafı dövlət səviyyəsinə qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda da bu öz əksini tapıb. Ali Məclisin Sədri çıxışlarının birində şahmatı gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində əvəzsiz vasitə hesab edərək deyib: “Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir”.

Günün reallığıdır ki, muxtar respublika rəhbərinin qayğısı ilə şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Şahmat yeganə idman növüdür ki, orta məktəblərdə tədris edilir. Nəticədə, şahmat şagirdlərə düşüncə tərzinin inkişafına, çevik qərar qəbuletmə, mürəkkəb şəraitlərdə taktika seçmək kimi vərdişlərin inkişafına təkan verir. Bu idman növü üzrə yeni kadrların yetişdirilməsi daim diqqət mərkəzində olur. Artıq Naxçıvan aparıcı şahmat mərkəzlərindən biri kimi özünü təsdiqləyib: mötəbər beynəlxalq yarışlara və turnirlərə ev sahibliyi edir.

Muxtar diyarımızda bu növün daha geniş vüsət alması 2018-ci ilə təsadüf edir. Belə ki, Şahmat Federasiyasının konfransında Seymur Talıbovun quruma yeni sədr seçilməsi şahmata muxtar respublikada marağı artırıb, yeni gənc istedadların axtarışı yönündə böyük işlər görülüb. 2019-cu ildən başlayaraq isə federasiya sədrinin təşəbbüsü ilə mükafat fondunun təsis edilməsi şahmatçılar və məşqçi-müəllimlərin bu idman növünə marağını daha da artırıb. Orta məktəblərdə də tədris olunan şahmat dərslərinin yüksək səviyyədə təşkil olunması, onlayn vasitəsilə məktəblilərə təcrübəli müəllimlər tərəfindən ustad dərslərinin keçilməsi, hər ay müəllimlər üçün onlayn seminarlar təşkil olunması Naxçıvanda bu növün hansı səviyyəyə yüksəlməsinin göstəricisidir. Həmçinin ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlara olan ehtiyacının qarşılanmasında federasiya xeyli iş görüb. Belə ki, ötən müddət ərzində şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə”, şagirdlərin şahmata olan marağını və artan tələbatı nəzərə alaraq dərslik kimi nəzərdə tutulan “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilib. Bundan əlavə, müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə müntəzəm olaraq sertifikasiya imtahanları keçirilir, müəllimlər üçün seminarlar təşkil edilir.
Şahmat dostluq kimi tərəfdaş tələb edir. Son olaraq Naxçıvanda ilk dəfə keçirilən şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı bir daha diyarımızda bu növə olan sevginin təzahürüdür. Niyə məhz Naxçıvan? Bu sualın bir çox cavabı var...

-İlk olaraq Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Mövcud şərait imkan verir ki, Azərbaycan çempionatı ilə yanaşı, bir çox beynəlxalq turnirlər də Naxçıvanda keçirilsin;
-Naxçıvanda şahmatın inkişafına göstərilən dövlət qayğısı daim hiss olunur, bu sahədə sistemli və ardıcıl işlər görülür. Ölkə çempionatının da məhz burada keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Uğurlu nəticələrin əldə edilməsi üçün vacib olan amillərdən biri istəkdirsə, ikincisi yaradılan şəraitdir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər idman və şahmat məktəbləri tikilib istifadəyə verilib, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur;
-Azərbaycan çempionatının muxtar respublikamıza həvalə edilməsi yerli Şahmat Federasiyasının gördüyü işlərin bəhrəsidir. Federasiya pandemiya dövrünün olmasına baxmayaraq, bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin edib;
-Ölkə birinciliyinə ev sahibliyi edən Naxçıvan qonaqlarını ən yüksək səviyyədə qarşılamağı bacardı. Əslində, bu, federasiya üçün yad hadisə deyil. Belə ki, uzun müddətdir, diyarımızda təşkil edilən beynəlxalq şahmat festivalları artıq Naxçıvanın bu sahədə nəyə qadir olduğunun göstəricisidir;

-Kişilər və qadınlar arasında Azərbaycan çempionatının Naxçıvanda təşkilini Azərbaycan Şahmat Federasiyasının Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına hədiyyəsi kimi də qələmə vermək olar. Niyəsinə gəlincə, yerli federasiyamızda struktur dəyişikliyindən sonra ilk böyük yarışa ev sahibliyi etməsi təqdirəlayiqdir. Azərbaycan Şahmat Federasiyası bu qərarı verməklə həm də Naxçıvanda şahmatın inkişafını digər regionlar üçün nümunə göstərmiş oldu;
-İlk dəfə olaraq Bakıdan kənarda təşkil olunan ölkənin bir nömrəli yarışında Naxçıvan həm də bir ilkə imza atdı. Belə ki, turnir digərləri ilə müqayisədə böyük zallarda yox, səhnədə təşkil olundu ki, bu da çempionatda iştirak edən hər bir zəka sahibi üçün əlavə stimul yaratdı;
-Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yarışı yüksək səviyyədə təşkil etməklə həm də Naxçıvanın turizm potensialını nümayiş etdirmiş oldu. Şahmatçıların qonaqlanması ilə yanaşı, onların şəhərimizin gəzməli-görməli yerlərində çəkilən fotolarını sosial şəbəkələrdə paylaşmaları, eyni zamanda “Şərq qapısı” qəzetinə və digər kütləvi informasiya orqanlarına gündəlik olaraq açıqlamalar verməsi Naxçıvanın daha geniş əhatədə tanınmasına zəmin yaratdı;

-Naxçıvan hər zaman ilklərə imza atıb və atmaqda davam edir. Bu çempionatda isə Azərbaycanın ən güclü 12 şahmatçısının mübarizəsi tarixə bir ilk kimi yazıldı;
-Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası bu çempionata mükəmməl ev sahibliyi etməklə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası yönündə mühüm addım atmış oldu;
-Çempionat zamanı yaddaqalan ən önəmli məqam isə ilk gedişlərin edilməsi idi. Belə ki, ilk dəfə olaraq kişilər və qadınlar arasında keçirilən çempionatda federasiya sədri Seymur Talıbov tərəfindən ilk gedişləri edilən zəka sahibləri yarışların sonunda qalib və mükafatçılar sırasına düşə biliblər. Belə ki, kişilərin yarışında ilk gedişi edilən qrossmeyster Nicat Abasov gümüş medala layiq görülüb. Qadınların yarışında isə beynəlxalq usta Gülnar Məmmədova qalib adını qazanıb.

Göründüyü kimi, Şahmat Federasiyası yarış və turnirləri təşkil edərkən 2 əsas yolla hazırlığını aparır – mənəvi və xüsusi. Bütün idman növlərində olduğu kimi, mənəvi hazırlıq şahmatda daha böyük önəm kəsb edir. Federasiya qazanılan, əldə edilən uğuru, həyata keçirdiyi tədbiri özü üçün yox, Vətən, xalq, ən əsası cəmiyyət üçün qazandığını idmançılara, idman ictimaiyyətinə aşılayır. Bununla cəmiyyətdə qurub-yaratmaq, mümkün qədər dərin iz qoymaq hissini verir. Xüsusi yolda isə federasiya idmançını psixoloji, texniki, taktiki, fiziki və nəzəri baxımdan böyük turnirlərə hazırlamış olur. Bunun üçün Naxçıvan ən ideal məkandır.

 Ceyhun MƏMMƏDOV



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930