SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib-FOTO

Naxçıvan şəhərində şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib-FOTO
3-05-2021, 21:21

Mayın 3-də Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişiklik edilmişdir. Federasiya bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Mövcud şərait imkan verir ki, bu gün Azərbaycan Çempionatı Naxçıvanda keçirilsin.

Bildirilmişdir ki, Azərbaycanda şahmata olan dövlət qayğısı daim hiss olunur, şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Bu gün Azərbaycan şahmatçıları dünyada sayılıb-seçilən şahmatçılardandır. Növbəti Azərbaycan çempionatının keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Muxtar respublikada daxili turnirlərlə yanaşı, hər il Beynəlxalq Şahmat Festivalı keçirilir. Naxçıvan 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə də ev sahibliyi edəcək. Şahmata dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublika şahmatçılarından 1-i qrossmeyster, 2-si beynəlxalq usta, 3-ü FİDE ustası və 1-i beynəlxalq hakimdir.
Seymur Talıbov hər bir şahmatçıya uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Hazırda muxtar respublikada 35 min 105 idmançı 2 min 213 qrupda idmanla məşğul olur. Şahmat idman növünə göstərilən diqqətin nəticəsidir ki, artıq bu gün federasiyanın tərkibində 8 şahmat məktəbində 177 müəllim 233 qrupda fəaliyyət göstərir və bu qruplarda 3 min 106 şahmatçı idmanın bu növü ilə məşğul olur.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda keçirilən Azərbaycan çempionatının daha maraqlı və yüksək səviyyədə olacağına inamını ifadə edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, növbəti çempionatın muxtar respublikada keçirilməsinin başlıca səbəbi məhz Naxçıvanda keçirilən daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Ümumiyyətlə, son illərdə Naxçıvanda şahmatın inkişafının yüksək səviyyədə olduğunu vurğulayan Faiq Həsənov bildirmişdir ki, hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılmışdır.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından tədbir iştirakçılarına uğurlar arzulamış, qaydalar haqqında məlumat vermişdir.

 
Sonra şahmat çempionatının püşkü atılmışdır.



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31