SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdman – sağlam gələcəyimizin, iradə və əzmkarlığın, qələbənin rəhni

İdman – sağlam gələcəyimizin, iradə və əzmkarlığın, qələbənin rəhni
4-03-2021, 22:30

Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idman dövlət siyasətinin əsas prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, məhz ötən il 5 mart – Bədən Tərbiyəsi və İdman Günü muxtar diyarımızda təntənəli şəkildə keçirilmiş, ölkənin bütün idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları Naxçıvana dəvət edilmişdi. 2020-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə ölkə tarixində ilk dəfə olaraq muxtar respublikamızda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş idman festivalı təşkil olunmuşdu. Festivalda idman federasiyalarının, Uşaq-gənclər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun idman nailiyyətlərini nümayiş etdirməsi Naxçıvanın bu sahədə də böyük potensiala malik olduğunu bir daha təsdiq etdi. Bu əlamətdar bayram ərəfəsində muxtar respublikamızın idman ənənələrini beynəlxalq turnirlərdə layiqincə təmsil edən bəzi idmançılarımızın fikirlərini öyrəndik.


Ənənə halını alan Naxçıvan Beynəlxalq Şahmat Festivalında 2013-cü ildə ən gənc şahmatçı kimi mükafata layiq görülən zəka sahibimiz Zahid Allahverdiyev qısa vaxt kəsiyində qazandığı uğurlarla bunun təsadüf olmadığını sübut etdi. 14 yaşlı şahmatçımız ardıcıl olaraq Türkiyənin Bitlis və Gürcüstanın Tbilisi şəhərlərində keçirilən beynəlxalq şahmat turnirlərində qələbə qazanaraq Naxçıvan şahmat məktəbinin hansı gücdə olduğunu göstərmiş oldu: “Beynəlxalq turnirlərdə qalib gəlmək və ya mükafat qazanmaq böyük uğurdur.

Çünki dünyanın bir çox ölkəsindən olan istedadlı şahmatçılar mübarizə aparır və kimin hansı üslubda oynadığını bilmirsən. Həm də bu turnirlərdə rəqiblərimizi tanıyır, digər oyunları təhlil edirik. Təbii ki, nə qədər çox yarış olarsa, idmançı üçün də bir o qədər təcrübə artar. Şahmat Federasiyası keçirilən bütün yarışlarda iştirakımızı təmin edir, mütəmadi olaraq dərslər keçilir. Pandemiya ilə əlaqədar olaraq ilboyu federasiyanın “Evdə qal, şahmat oyna!” devizi altında keçirilən yarışlarda, yoldaşlıq görüşlərində mübarizə apardıq. Həmçinin federasiya tərəfindən hər həftə keçirilən onlayn dərslərdə bilik və bacarıqlarımızı artırdıq, beynəlxalq təcrübəyə malik məşqçi-müəllimlərin dərslərində iştirak etdik. Bundan sonra da biz şahmatçılar yaradılan şəraitdən maksimum istifadə edərək keçirilən yarışlarda qələbə qazanıb muxtar respublikanın şahmat məktəbinin adını uca tutmağa çalışacağıq. Eyni zamanda bizə göstərilən etimadı sonadək doğruldacağımıza əminliyimizi bildirmək istəyirik”.
Qeyd edək ki, Zahid Allahverdiyev 2018-ci ildə “Naxçıvan-2018” və 2019-cu ildə “Naxçıvan-2019” Beynəlxalq Şahmat festivallarında üçüncü olub. Eyni zamanda o, 2020-ci ildə Azərbaycan birinciliyində bürünc medal qazanıb.

5 ilə yaxındır, idmanın atletika növü ilə məşğul olan Xatun Orucova bu müddət ərzində bir çox uğurlara imza atıb. Belə ki, 2017-ci ildə ilk dəfə qatıldığı Azərbaycan birinciliyində gümüş medal qazanan bu xanım idmançımız, növbəti ildə analoji yarışda 4 dəfə iştirak etmək hüququ qazanıb. Məhz ölkə birinciliyində 2 dəfə fəxri kürsünün ən yüksək zirvəsinə qalxan Xatun həmin günü belə xatırlayır: “İlk dəfə mübarizə apardığım ölkə birinciliyində gümüş medal qazandıqdan sonra məşqlərimə ara vermədim. Artıq rəqiblərimi tanıyırdım. Məhz buna görə hazırlıqlarımı davam etdirdim və növbəti yarışlara ciddi hazırlaşdım. Bu da öz bəhrəsini verdi və bir il ərzində çıxış etdiyim 4 ölkə birinciliyində 2 qızıl, 2 gümüş medal əldə etdim”.
Növbəti respublika çempionatında bürünc medal qazanan 20 yaşlı idmançımız muxtar respublika səviyyəli yarışlarda da dəfələrlə qalib adını qazanıb: “Uğur qazanmağımda məşqçilərimizin rolu böyükdür. Hər zaman mənə yeniliklər barədə məlumat veriblər və məşqlər zamanı praktik olaraq bunları həyata keçirməyimdə köməklik göstəriblər. Ölkə səviyyəli yarışlarda uğur qazanmağımın digər səbəbi muxtar respublikada keçirilən yarış və turnirlərin çoxluğu oldu. Belə ki, hər zaman keçirilən yarışlarda iştirak edərək həm yarış təcrübəmi artırdım, həm də səhvlərimi görüb aradan qaldırmağa çalışdım. Bundan sonra da Naxçıvanın idman ənənələrini ölkə və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcəyəm”.

Naxçıvan Muxtar Respublikasında idmana göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bir çox idmançımızın adı gənc istedadların “Qızıl kitabı”na salınaraq Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı Vüsal Seyidovdur. 2016-cı ildən etibarən çıxış etdiyi turnir və yarışlarda böyük nailiyyətlər qazanan idmançımız Azərbaycan milli komandasının üzvüdür. Karate üzrə XI Avropa çempionatının qalibi olan Vüsal bu müvəffəqiyyətlərinə qədər İran İslam Respublikasının Astara şəhərində keçirilən dostluq görüşündə, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, Beynəlxalq İdman Olimpiadasında, 26 fevral – Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş kumite, kata növləri üzrə açıq turnirdə, “Arpaçay Open” beynəlxalq turnirində, “Bakı Open-2019” Beynəlxalq karate turnirində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” beynəlxalq turnirində və “Batumi Open” Beynəlxalq karate turnirində (kata və kumite üzrə) də fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb: “Keçirilən Avropa çempionatında mübarizə aparmaqdan və orada qalib adını qazanmaqdan gözəl duyğunun olduğuna inanmıram. Bu, tək mənim yox, Naxçıvan idmanının qələbəsi idi və onu göstərdi ki, muxtar respublikamızda idmana və idmançılara hər zaman diqqət və qayğı ilə yanaşılır. Qitə birinciliyindən öncə bir çox beynəlxalq turnirlərin iştirakçısı və qalibi olmuşam. Məhz bu turnirlərdə iştirakımın təmin edilməsi həm də mənim yarış təcrübəmin artırılmasına səbəb oldu. Məqsədim karate idman növündə ilk olaraq dünya çempionluğunu qazanmaqdır. Buna nail olmaq üçün dayanmadan məşqlərimi davam etdirirəm. Məlum səbəblərə görə hazırda məşqlərimiz individual şəkildə olur. Buna baxmayaraq, formada qalmaq və qarşıdakı yarışlara tam hazır olmaq üçün məşqçilərimiz, federasiyamız daim bizimlə maraqlanır, müəyyən tapşırıq və tövsiyələrini verirlər”.


Gənc olmasına baxmayaraq, artıq bütün ölkə Gülcahan Əliyevanın uğurlarından danışır. Hətta məşqçilərinin təbirincə desək, bütün idman ictimaiyyəti gələcək üçün olimpiya çempionu hazırlayır. Naxçıvanın idman tarixində ilk qadın ağır atlet olan idmançımız ölkənin ən istedadlı ağır atletlərindən biri hesab edilir. İdmançımız uğurlarının səbəbini düzgün aparılan məşq prosesində görür: “Uşaqlıqdan bu növə marağım hədsiz olub və məhz buna görə də ağır atletikanı seçmişəm. Ağır atletika idmanın elə bir növüdür ki, körpüçük üzərinə çıxarkən hər şeyi unutmalı və diqqətini bir istiqamətə yönəltməlisən. Məşqçilərimiz hər zaman bunu bizə tövsiyə edirlər. Artıq 4 ildir, ağır atletika ilə məşğulam, Azərbaycan çempionu və mükafatçısı olmuşam. Amma bununla kifayətlənmək fikrində deyiləm. Gələcəkdə Azərbaycanın əsas milli komandasının daimi üzvü olmaq və keçirilən dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında mükafat qazanmaq istəyirəm. Bu, məşqçilərimin də arzusudur. Çünki onlar mənə güvənir, mən də bu etimadı doğrultmaq üçün dayanmadan, yorulmadan məşq edirəm. Eyni zamanda məqsədim bizim üçün yaradılan şəraitdən maksimum istifadə edib daha böyük nailiyyətlərə sahib olmaqdır”.
İndi tam əminliklə deyə bilərik ki, Naxçıvan idmançıları Ali Məclis Sədrinin onlara göstərdiyi diqqət və qayğıdan hər zaman bəhrələnir və buna qazandıqları uğurlarla cavab verirlər. Biz də idmançılarımıza, bu sahədə çalışan mütəxəssislərə muxtar respublika idmanının inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayırıq.

 Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930