SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi dəyişdirilib

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi dəyişdirilib
10-10-2019, 17:30

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığma komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və İdman şöbəsinin müdiri Yaqub Məmmədovun da iştirak etdiyi tədbirdə sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatının yekunları müzakirə olunub. Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən N.Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.

Beləliklə, böyüklərdən ibarət komandanın baş məşqçi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının və 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmanın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.

N.Əliyev Tokio olimpiadasına 10 ay vaxt qaldığını və bu müddət ərzində komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu dilə gətirib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmaya hər cür şəraitin yaradılacağını da bildirib.

Yeni baş məşqçi isə öz növbəsində Azərbaycan yığmasını yaxşı tanıdığını və komandanın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.

Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis buna qədər Rusiyada Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031