SON DƏQİQƏ

naxcivanxeberleri.com

Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub - FOTO, VİDEO

Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub - FOTO, VİDEO
23-01-2023, 18:55

"Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə, vicdanla davam etdirməyi məsləhət görmüşdür. Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hansı bir xalq tarix səhifəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olmuşdur.
Ulu Öndər Azərbaycan sərkərdələri ilə həmişə fəxr etmiş, onların şücaətlərindən qürur duymuşdur. Böyük iftixar hissi keçirmişdir ki, mənsub olduğu xalq dünya sərkərdələrinə, fatehlərinə meydan oxuya biləcək böyük şəxsiyyətlər, igid sərkərdələr yetişdirmişdir.
“Bu, xalqımızın tarixidir. Xalqımızın tarixini heç kim dəyişə bilməz, heç kəsin də haqqı yoxdur ki, tarixdən kimisə silsin, çıxarsın, kimisə salsın... Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur. Xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq”, - deyən dahi lider Heydər Əliyev keçən əsrin sonlarında tariximizin bu səhifələrinə kölgə salmaq istəyənlərə tutarlı cavab verərək İkinci Dünya müharibəsində iştirak edən xalqımızın igid oğullarının üstündən qara xətt çəkmək istəyənlərə layiqli dərs vermişdir.
Ulu Öndərin sevimli qəhrəmanlarından birincisi xalqımızın şanlı oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov idi. O vaxtlar Heydər Əliyev deyirdi ki, Həzi Aslanov öz qəhrəmanlıq və cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər bir insan. Vətəninə sədaqətlə son nəfəsinədək döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır."
Bu fikirlər Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən igid sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən Birinci Şəhidlər xiyabanında mənalı həyatı və döyüş yolu, eləcə də hərb elminə verdiyi yeniliklər ilə bu gün də aktual olan unudulmaz generalımızın məzarı qarşısında onun 113-cü doğum günü münasibətilə keçirilən mərasimdə səsləndirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin, sənət adamlarının və məktəblilərin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb və Ulu Öndərin sevimli qəhrəmanlarından olan xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.
Layihənin və Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qeyd edib ki, 2023-cü ilin mayın 10-da 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz Heydər Əliyev Azərbaycanın sovet dövrü qəhrəmanlarından danışarkən Həzi Aslanovun adını həmişə önə çəkərdi. Unudulmaz qəhrəmanın bütün həyat və döyüş yolu, hətta müəmmalı ölümü barədə də dahi rəhbərin geniş məlumatları var idi. Heydər Əliyev generalın həyat yolu, qəhrəmanlığı və İkinci Dünya müharibəsində xidmətlərini bütün Azərbaycan gənclərinə nümunə göstərərdi. Bu, müstəqillik dövründə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza təcavüz olunduğu bir vaxtda Azərbaycan xalqı üçün, Ordumuz üçün, gənclərimiz üçün böyük nümunədir deyərdi.
Ulu Öndər Heydər Əliyev gələcək zabitlərin Həzi Aslanova bənzəmələrini istərdi. Onların da Həzi Aslanov kimi Vətəni sevmələrini, hərbi peşələri mənimsəmələrini arzulayardı. Heydər Əliyev onu da xatırlayardı ki, vaxtilə Stalinqradda müharibəyə həsr olunmuş abidəni ziyarət edərkən orada adları qızıl hərflərlə yazılmış Sovet İttifaqı Qəhrəmanlarının arasında Həzi Aslanovun adını iftixarla ilə oxumuş, hələ o vaxt ürəyi dağa dönmüş, fəxr etmiş və ətrafında olan adamlara sevinclə bildirmişdir ki, baxın, bu abidədə Azərbaycan oğlunun da adı var.
Nəzərə çatdırılıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin iştirakı ilə Azərbaycanda hər il 9 may günü igid sərkərdənin məzarı ziyarət olunar, qarşısına əklil qoyular və buradan Qələbə günü tədbirlərinə start verilərdi. O vaxtlar Heydər Əliyev Sovetlər İttifaqının müxtəlif respublikalarında yaşayan tanınmış marşal və generalları da bu tədbirlərə dəvət edərdi.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov Ulu Öndər Heydər Əliyevdən miras, qəhrəmanlıq ənənələrinin təbliği işinin bu gün də respublikamızda uğurla davam etdirildiyini məmnuniyyət hissi ilə bildirib.
Polkovnik E.Əbilov deyib: “44 günlük Vətən müharibəsindən 9 ay öncə Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncam verməsi heç də təsadüfi deyildi. Həmin Sərəncamda qeyd edilirdi ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Həzi Aslanovunun 110 illiyi ilə bağlı keçirilən bir-birindən maraqlı vətənpərvərlik tədbirləri Vətən müharibəsi dövründə öz bəhrəsini verdi. Azərbaycan tankçıları “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” deyə, hətta tankların üzərinə “Həzi Aslanov” yazaraq döyüş meydanına atıldılar. Düşmən istehkamlarını yararaq ruhumuzun paytaxtı Şuşa şəhərinə doğru irəlilədilər. İndi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən, yüksək döyüş orden və medalları ilə təltif olunan neçə-neçə igid tankçımız var”.
Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, Birinci Qarabağ müharibəsinin iştirakçısı, istefada olan polkovnik Əzizağa Qəni-zadə diqqətə çatdırıb ki, o hələ Bakı Ümumqoşun Komandanlığı Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alarkən məktəblərində Həzi Aslanova həsr olunan xüsusi guşə var idi. Həzi Aslanovun xatirə əşyaları, o cümlədən çarpayısı da qorunub saxlanardı. Hər gün şəxsi heyətin yoxlanışı zamanı ilk olaraq Həzi Aslanovun adı çəkilər və onun müharibədə qəhrəmanlıqla həlak olduğu cavabı verilərdi. Ayrı-ayrı xalqların nümayəndələrindən olan kursantlar azərbaycanlılara həsəd aparardılar ki, onların belə bir qəhrəmanı var.
Vətən müharibəsi iştirakçısı olan, tankçılar adından çıxış edən gizir Şamil Zeynalov “Bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə Həzi Aslanovun davamçıları var və onlar Müzəffər Ali Baş Komandanın əmrinə hazırdırlar”, - deyib.
Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarından olan, Həzi Aslanov obrazının mahir ifaçısı İlqar Musayev belə bir şanlı qəhrəmanın obrazını canlandırdığından qürur duyduğunu qeyd edib.
Babasının ad və soyadını şərəflə daşıyan, Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Hələ uşaq yaşlarından bu abidə qarşısında dəfələrlə dahi rəhbərlə görüşlərini xatırlayıb. Həmişə olduğu kimi, yenə də xalqımızın böyük oğlu Heydər Əliyevi minnətdarlıqla yada salıb, Aslanovlar ailəsinə dayaq olduğunu bildirib. Polis general-mayoru H.Aslanov deyib: “Həmişə qədirbilən xalqımızdan və dövlət rəhbərlərimizdən böyük diqqət görmüşük. Ancaq Ümummilli Liderin Həzi Aslanova və onun şəxsiyyətinə, qəhrəmanlığına münasibəti bambaşqa idi. Bu gün də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən də bu diqqəti görür və çox yüksək dəyərləndiririk. Pandemiyanın tüğyan etdiyi bir vaxtda Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə babamızın məzarını ziyarət etməsini unutmaqmı olar?! Yaxud da keçən il yağışlı bir may səhərində Müzəffər Ali Baş Komandanımızın bu müqəddəs məkana gələrək Həzi Aslanovun məzarını ziyarət etməsi, önünə gül dəstəsi qoyması, xatirəsini ehtiramla yad etməsi təkcə bizim babamıza deyil, eyni zamanda, İkinci Dünya müharibəsində həlak olan, müharibədən qayıdıb sonralar vəfat edən qəhrəman ata-babalarımızın xatirəsinə hörmətdir. Hörmətin, ehtiramın təcəssümüdür. Aslanovlar ailəsi bundan sonra da Heydər Əliyev ideyalarına həmişə sadiq qalacaq, möhtərəm Prezidentimizin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, göstərilən ali, yüksək etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlar”.
Qəhrəmanlığın rəmzinə çevrilən Həzi Aslanovun ad günü münasibətilə keçirilən mərasimində görkəmli sərkərdənin nəvələri tədbir iştirakçılarının suallarını cavablandırıb, onlarla səmimi söhbət edib, məktəblilər vətənpərvərlik şeirləri söyləyiblər.
Xətai rayonu Həzi Aslanov qəsəbəsində general Həzi Aslanovun abidəsi də ziyarət olunub. Qəhrəmanın abidəsi qarşısında Azərbaycan Ordusunun zabit və kursantları Həzi Aslanovun nəvələri polis general-mayoru Həzi Aslanov və polis polkovnik-leytenantı Emin Aslanov ilə görüşüb, onların xatirələrini maraqla dinləyiblər.
“Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsi davam edir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031