SON DƏQQƏ

naxcivanxeberleri.com

Milli ruh dəyərlərin, dəyərlər isə vətənpərvərliyin əsasını təşkil edəndə

Milli ruh dəyərlərin, dəyərlər isə vətənpərvərliyin əsasını təşkil edəndə
28-10-2020, 23:33

“...Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Xalqımızın sabitlik və rifah içində yaşamasıdır. Ona görə də milli mədəni irsimizə qayğı göstərməklə yanaşı, dövlət müstəqilliyimizin də qədrini bilməli, onu qorumalı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışmalıyıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi bu fikirlər milli dəyərlərə bağlılığın gözəl nümunəsi sayılmaqla, həm də gələcək inkişafımızın istiqamətini özündə əks etdirir.
Milli dəyərlərə konkret nəzəri tərif vermək mümkün olmasa da, bəşər mədəniyyətinin tarixi inkişaf yolunu araşdıran alimlər sübut edir ki, istənilən cəmiyyətdə dəyərlərin yaradıcısı xalqdır. Təbii ki, hər bir xalqın tarixi və etnoqrafiyası, mədəniyyəti, cəmiyyətin inkişafına baxışı fərqli və yaxud qismən fərqli olsa da, bu, özlüyündə ümumi bir dəyərlər sistemi formalaşdırır. Məhz bu sistemdə onun dövlətçilik ənənələri formalaşır, həyata baxışı zənginləşir, gələcək inkişafının təməli qoyulur. Buna görə də milli dəyərlər məfhumunu dar çərçivədə düşünmək mümkünsüzdür. Dünya xalqlarının bir çoxunda müəyyən zamanlarda bu və ya digər dərəcədə dəyərlərin aşınması prosesi gedib. Və bu prosesdə yalnız milli və mənəvi dəyərlərə mental bağlılıq xilas yolu kimi seçilib. Yadımıza salaq, ötən əsrin 90-cı illərində SSRİ-nin süqutundan sonra postsovet məkanında müstəqilliyini elan etmiş respublikaların, demək olar ki, hamısında, eləcə də Azərbaycanda Qərb dəyərlərinin kütləvi idxalı üçün heç bir maneə qalmamışdı. O zaman çoxları bu təhlükəli tendensiyanın fərqinə varmırdı. Qapalı imperiyanın süqutundan sonra sərhədlərin açılması, digər ölkələrlə əlaqələrin yaradılması təkcə iqtisadi və mədəni baxımdan deyil, eyni zamanda sosial, dini, mənəvi tərəfləri ilə də diqqət çəkirdi. Artıq qloballaşma dövrü başlamışdı. Əslində, qloballaşma fərqli tarix və mədəniyyətlərə, dəyərlərə malik ölkələrin bir-biri ilə qarşılıqlı münasibətləri baxımından çox əhəmiyyətli inteqrativ prosesdir. Ancaq dəyərlərin belə, siyasiləşdiyi müasir dünyada qloballaşma bəzən elə bir vasitəyə çevrilir ki, yeniliklərin qəbulu mental bağlılıqların sıradan çıxması hesabına baş verir. Doğrudur, bu proses ani olmur, bəzən onilliklərə başa gəlir. Ancaq fakt ondadır ki, mənəvi aşınma, bəzən dəyərlərin qorunması və təbliğindən daha sürətlə gedir.

Məlumdur ki, ötən əsrin sonlarında Naxçıvan Muxtar Respublikasının blokadaya salınması buradakı ictimai-siyasi və iqtisadi vəziyyəti ağırlaşdırmışdı. Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı və buradakı fəaliyyəti nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılmış, ən əsası isə bu qədim Azərbaycan diyarı qorunub saxlanılmışdır. Görkəmli dövlət xadimi burada fəaliyyət göstərdiyi dövrdə təkcə hərbi, siyasi, iqtisadi sahədə deyil, eyni zamanda milli dövlətçilik ideyalarının həyata keçirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Hər şeydən əvvəl, dahi şəxsiyyət onu gözəl bilirdi ki, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdən keçir. Çünki yalnız milli dövlət ərazinin, maddi sərvətlərin deyil, həm də milli kökə bağlı dəyərlərin qorunmasına xidmət edir. Buna görə də ulu öndər Heydər Əliyevin Naxçıvanda müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində atdığı tarixi addımlar, qəbul etdiyi mühüm qərarlar gələcəyimizin milli dövlətçilik təməlləri üzərində inkişaf etdirilməsini şərtləndirdi. Milli dövlət isə onunla səciyyələnir ki, kimlərinsə milli dəyərləri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, elliliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və inkişaf etdirilir.
Milli dəyərlərin mühafizəsi, yaşadılması və təbliğ olunması yalnız milli düşüncənin ön sırada olduğu zaman mümkün ola bilər. Yalnız milli ruha hakim rəhbər öz xalqının keçmişini qorumaq və gələcəyə daşıya bilmək gücünə qadirdir. Bu gücün təməlində isə xalqa bağlılıq, onun tarixinə, mədəniyyətinə böyük sevgi durur. Çünki istənilən xalqın mədəniyyətində onun illərdən bəri formalaşmış düşüncə və təfəkkürü, dünyaya baxış tərzi, yaradıcılığı, adət-ənənələri, dövlətçilik irsi, dəyərləri toplanır. Elə bu dəyərlərdən irəli gəlir ki, bu gün Azərbaycan xalqı 30 ilə yaxındır, işğal altında olan torpaqlarını azad etmək üçün bir yumruqtək birləşib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz Vətənimizin yağı tapdağı altında qalan torpaqlarını addım-addım özünə qaytarır. Burada əsas amillərdən biri, hətta birincisi odur ki, ordumuz nə üçün vuruşduğunu, xalqımız nəyin uğrunda mübarizə apardığını gözəl bilir. Torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək, həm də ata-babalarımızın bizə əmanət etdiyi Vətənin bir parçası, dəyəridir. Yəni torpaq, ərazi, sadəcə, əkib-becərmək, yaşamaq üçün deyil, həm də bir xalqın formalaşmasını, onun tarixini, mədəni irsini, dəyərlərini formalaşdırdığı, yaşatdığı müqəddəs bir Yerdir. Bu baxımdan bu gün Azərbaycan həm də öz dəyərlərini işğaldan azad edir.
Ümummilli lider Heydər Əliyev gənc nəslin milli ruhda tərbiyə olunmasını əsas vəzifə kimi irəli sürmüşdür: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Bəli, həqiqətən, milli ruha, ənənələrə sahib olmayan gənclik vətənpərvər ola bilməz. Hər birimiz qürur duyuruq ki, Azərbaycanın bugünkü qəhrəmanlıq tarixini də məhz bu ruha sahib VƏTƏNPƏRVƏR oğullar yazır!

Səbuhi HƏSƏNOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031