SON DƏQİQƏ

naxcivanxeberleri.com

Könüllülük gəncliyi uğurlu sabahlara aparan hərəkatdır-FOTO

Könüllülük gəncliyi uğurlu sabahlara aparan hərəkatdır-FOTO
5-12-2022, 09:00

Hər zamanın öz tələbi var deyirlər. Könüllülük fəaliyyəti də müasir zamanın və cəmiyyətin vacib bir amilinə çevrilmişdir. Yeni yaranmağına baxmayaraq, hətta dünya miqyasında nümunə ola biləcək nailiyyətlərə imza atan könüllülər cəmiyyətə, xalqa, dövlətə verdikləri töhfə ilə hər zaman diqqət mərkəzində olmağı bacarmışlar. İstər dövlət, istərsə də özəl sektorda gənclərin könüllülük fəaliyyətinə cəlbi istiqamətində də kifayət qədər təbliğ və təşviq işləri aparılmaqdadır. 

Bəs ümumiyyətlə, könüllülük fəaliyyəti nədir və hansı tarixdən etibarən yaranmağa başlamışdır? Könüllü fəaliyyət anlayışının müasir anlamına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinib. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıbdır. Bu dövrdə Avropada öz istəyi ilə hərbi xidmətə gedənləri “volantaire” adlandırırdılar, bu, Azərbaycan dilində “könüllü” deməkdir. XX əsrin əvvəllərindən etibarən isə (I Dünya müharibəsindən sonra) könüllü sözü hərbi kontekstdən çıxaraq sosial fenomen kimi formalaşmağa başlamışdı. Məhz bu dövrdə könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilmişdir.

Könüllülük fəaliyyəti BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başladıqdan sonra dünyada kütləvi bir sosial fəaliyyətə çevrilmişdir. 1985-ci ildə BMT Baş Məclisi hökumətlərə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixinin “Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunmasını təklif etmişdir.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi gəlirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunub, iştirakçılar üçün də müstəsna əhəmiyyətə malikdir. Belə ki, özünüinkişaf etdirmək, özünəinam hissini formalaşdırmaq və yaxud artırmaq, gələcək fəaliyyət üçün təcrübə toplamaq, ünsiyyət bacarıqlarını genişləndirmək, yeni dostlar qazanmaq, yeni bacarıqlar əldə etmək, zamanını mənalı keçirmək və bu kimi digər üstünlüklər könüllü gənclik üçün böyük qazanc hesab olunur. 
Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun oldu. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Bu qanunda könüllülük fəaliyyəti sahəsindəki əsas anlayışlar, fəaliyyətin əsas istiqamətləri, iştirakçıları, təşkilatçıların hüquqları, vəzifələri, könüllülərin hüquq və vəzifələri, eyni zamanda könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə və bu sahədə beynəlxalq əlaqələrdən bəhs olunur. Prezident cənab İlham Əliyevin 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi könüllülərin fəaliyyətinə verilən ən yüksək qiymət kimi də dəyərləndirilə bilər. Belə ki, dövlət başçısı tərəfindən belə bir Sərəncamın imzalanması bir daha könüllülük fəaliyyətinin dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm amillərindən biri olduğunun göstəricisidir. 
Bu gün gənclərin könüllü olaraq fəaliyyət göstərdikləri ünvanlardan biri də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasıdır. Könüllülük fəaliyyətini zəngin tarixi ənənələrə malik bu kitabxana üçün yeni bir dönəmin başlanğıcı hesab etmək olar. 55 ilə yaxın tarixə malik olan Elmi Kitabxanaya cəlb olunmuş tələbə-gənclərin bu müəssisə üçün fəaliyyətləri genişmiqyaslıdır.   

Diqqətli cəhətlərdən biri budur ki, könüllülük hərəkatına yalnız kitabxanaçı tələbələrin deyil, eyni zamanda digər ixtisaslar üzrə təhsil alan gənclərin də maraq göstərmələridir. Bununla yanaşı, Naxçıvan Müəllimlər İnstitutunun və “Naxçıvan” Universitetinin tələbələri də könüllü kimi fəaliyyətə qoşulmuşlar.
Kitabxanada fəaliyyət göstərmək istəyən gənclərlə öncə kitabxana əməkdaşları tərəfindən gələcək fəaliyyətləri haqqında ətraflı məlumatlar verilir, könüllülərə vəzifə və hüquqları izah edilərək onlarla müqavilə imzalanır. Bundan sonra “Kitabxana könüllüləri qrupu” yaradılır və onlara xüsusi nişanlar paylanılır. Hazırda kitabxanada könüllülər arasında, əsasən, Kitabxanaçılıq və informasiya, Coğrafiya müəllimliyi, İqtisadiyyat, Tibbi profilaktika, Riyaziyyat və informatika müəllimliyi ixtisaslarından olan tələbələr çoxluq təşkil edir. Bunlarla yanaşı, Tarix, Jurnalistika, Azərbaycan dili və ədəbiyyatı və digər ixtisaslardan olan tələbələrin də Elmi Kitabxana ilə əməkdaşlıqda maraqlı olduqlarını görə bilərik.
Kitabxanada könüllülük fəaliyyəti 3 növbəli qrafik əsasında təşkil olunur. Könüllülər bu qrafik əsasında həftənin I-V günləri saat 1000-1800-dək iki növbədə fəaliyyət göstərirlər. 
Həftənin 4-cü günləri ənənəvi olaraq kitab müzakirələri, aktual mövzularda dəyirmi masalar və filmlərə baxış keçirilir. Bundan əlavə, açıq havada kitab müzakirələri aparılır ki, burada da əsas məqsəd daha çox gənci kitabxana işığına toplamaqdır. Həftəsonları isə muxtar respublikamızda yerləşən ev-muzeyləri, tarixi yerlər ziyarət olunur. Bu yaxınlarda könüllü tələbələr kitabxana işçiləri ilə birgə Universitet televiziyasında “Kitablardan pıçıltılar” adlı verilişə hazırlaşır. Bu verilişdə oxunan kitablar müzakirə ediləcəkdir. 
Kitabxanaya cəlb olunmuş könüllülər kitabxanaçıların işinə köməklik göstərməklə yanaşı, özləri üçün də xeyli təcrübə toplamaq və yuxarıda sadaladığımız digər keyfiyyətlərin qazanılması baxımından bir çox nailiyyətlər əldə etmişlər. Könüllü tələbələrin məhz özləri ilə söhbət zamanı bir daha deyilənlərin təsdiqini tapdığını görə bilərik. Kitabxana könüllülərinin sədri, Coğrafiya ixtisası üzrə IV kurs tələbəsi Ömər Babayev: “Könüllülük hər şeydən öncə bir könül işidir. Kitabxana könüllüsü olmağımın ən əsas səbəbi elmə, kitabxanaya duyduğum maraqdır. Bu fəaliyyəti həm də ona görə faydalı hesab edirəm ki, kitabxanada yeni dostlar qazanmışam”. 
Kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs tələbəsi Gülnar Quliyeva kitabxana könüllüsü kimi fikirlərini bu şəkildə ifadə edir: “Öncə bu işi öz ixtisasıma görə sevirəm. Kitabxanada peşəmlə bağlı zəngin təcrübə öyrənməklə yanaşı, digər müsbət keyfiyyətlərə də yiyələnirəm”. 
Digər bir kitabxana könüllüsü olan Tibbi profilaktika ixtisası üzrə III kurs tələbəsi Aminə Məmmədova isə, öz növbəsində, kitabxananı asudə vaxtın səmərəli keçirilməsi baxımından ən əlverişli məkan kimi qiymətləndirir və burada, əsasən, oxunulan kitabların və baxılan filmlərin müzakirəsinə böyük maraq göstərdiyini deyir. 
Son illərdə könüllülərin təşkilatçılığı və yaxından iştirakı ilə təşkil olunmuş kitab müzakirələri, ədəbi-bədii gecələr, tanınmış elm xadimləri, yaradıcı şəxslərlə görüşlər və bu kimi digər tədbirlər xüsusi maraqla qarşılanmışdır. Bu tədbirlərə Xalq şairi Xəlil Rza Ulutürkün 90 illik yubileyi münasibətilə “Yaşa məni” adlı, şair, dramaturq Hüseyn Cavidin 140 illik münasibətilə təşkil olunmuş ədəbi-bədii gecələri, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan və digər kitabların da müzakirə olunduğu tədbirlər də yaddaqalan hadisələr siyahısına daxildir.
Məlum olduğu kimi, könüllü fəaliyyət, eyni zamanda əhalinin həssas qruplarından olan insanlara (sağlamlıq imkanları məhdud şəxslər, qocalar, kimsəsiz uşaqlar və digərləri) göstərilən fiziki və mənəvi yardımlardan ibarətdir. Son dövrlərin daha çox müzakirə olunan və təqdir olunan hadisəsi də məhz könüllü tələbələrin iştirakı ilə “Səsli kitabxana” layihəsinin ərsəyə gəlməsi və audiokitabların hazırlanmasıdır. Bu işin həyata keçirilməsində əsas məqsəd mütaliə bacarığından məhrum olan insanların oxumaq ehtiyacının ödənilməsidir. Məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin sorğusu əsasında kitabxana könüllülərinin hazırladıqları audiokitablar mərkəzin kitabxanasına hədiyyə edilmişdir. Mərkəzlə əlaqələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. 
Kitabxana könüllüləri öz fəaliyyətlərini bu günün reallığına çevrilmiş sosial şəbəkələrdə də ictimaiyyətə çatdırırlar. Hələ pandemiya dövründə start verilən “Kitablardan pıçıltılar” layihəsi könüllülər tərəfindən də uğurla icra olunur. Belə ki, istər ənənəvi, istərsə də sosial şəbəkələr vasitəsilə kitab müzakirələri, oxu yarışları qaliblərinin təyin edilməsi mütaliəyə olan marağın artırılması məqsədi daşıyır.
Bir məqama diqqət çəkmək lazımdır ki, kitabxana könüllüləri yalnız tələbələrdən ibarət deyildir. Kitabxana könüllüsü kimi fəaliyyətə, eyni zamanda müxtəlif yaş kateqoriyası və sosial siniflərə malik olan insanlar da maraq göstərməkdədir. Belə ki, şagirdlərdə kitabxana tədbirlərində yaxından iştirak etməkdə maraqlıdırlar. 
Sevindirici haldır ki, vaxtilə kitabxana könüllüsü kimi çalışmış tələbələr bu gün ya magistraturada təhsillərini davam etdirir, ya da müxtəlif dövlət müəssisələrində fəaliyyət göstərirlər. Belə gənclərdən Naxçıvan Dövlət Universitetində magistr təhsili alan Könül Seyidova və Aysel Nəsirli, həmçinin Şərur Rayon Mərkəzi Xəstəxanasının həkimi Gülnar Əhmədovanı nümunə göstərmək olar. Bu gün könüllülük hərəkatının dinamikasına diqqət yetirdikdə biz vəziyyətin nə qədər ürəkaçan olduğunu görə bilərik. Əlbəttə ki, bütün bu sadalanan faktlar onu deməyə əsas verir ki, gənclərin könüllülük fəaliyyəti ilə bağlı gələcəyə olan ümidlər böyükdür. Nəzərə alsaq ki, könüllülük fəaliyyətinin mahiyyətində, fəlsəfəsində xeyirxahlıq, yardımsevərlik, insanpərvərlik dayanır, onda biz könüllülük hərəkatının bugünkü uğurlarına heç də təəccüb etməməliyik. Çünki könüllülük fəaliyyətinin bugünkü uğurları, eyni zamanda xalqımın milli təəssübkeşlik, Vətəni sevmək, xeyirxahlıq hisslərindən irəli gəlir. 
Bugünkü könüllülər intizamlı, operativ, ünsiyyətcil, təşkilatçı, eyni zamanda müasir İKT bacarıqlarına malik olan ziyalı gənclikdir. Prezident cənab İlham Əliyevin də dediyi kimi “Bugünkü könüllülər sabahın rəhbərləridir”.

Çinarə İsmayılova
NDU Elmi Kitabxanasının 
baş kitabxanaçısı

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031